Ordu.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan NATO-nun təcrübəsindən istiafdə etməklə ordusunu gücləndirir: “Bizim qardaş Türkiyə və qardaş Pakistanla planlarımız var. Birgə təlimlər həyata keçirəcəyik. Pakistan xalqı Azərbaycan xalqına qarşı yüksək səviyyədə münasibət bəsləyir. Qardaş Türkiyənin Silahlı Qüvvələri NATO-nin ən güclü silahlı qüvvələrindən biridir. Çünki Türkiyə Ordusu yüksək təcrübəyə və silah-sursat təchizatına malikdir. Biz NATO-nun təcrübəsindən də istifadə edərək Azərbaycan Ordusunu gücləndiririk”.
“Azərbaycan sülhsevər və beynəlxalq aləmdə tanınmış bir dövlətdir. Azərbaycan Ordusunun zabitləri BMT sülhməramlılarının əməliyyat qrupunda iştirak edirlər. BMT sülhməramlı ordu üçün dünyanın yalnız güclü ordularına müraciət edir. Biz düzgün yoldayıq və gələcəkdə də sülhə hər zaman töhfə verəcəyik”, - müdafiə naziri əlavə edib.
Hərbi hissələrin yenidənqurulmasına da münasibət bildirən Zakir Həsənov qeyd edib ki, dövlət hərbi hissələr üçün çox ciddi vəsaitlər ayırıb.
“Mən dövlət başçısına məruzə etmişəm ki, 2019-ci ilin sonuna qədər Azərbaycan Ordusunun hərbi hissələrinin 90 faizi yenidənqurulması və bərpa işləri yekunlaşdırılacaq. Növbəti illərdə isə bu faizin 100-ə çatdırılmasını düşünürük.
Biz hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraiti nümayiş etdiririk. Bəzən valideynlər bizə deyir ki, bizim evimizdə heç belə şərait yoxdur. Mən tam məsuliyyətlə deyirəm ki, dünyanın heç bir dövlətinin hərbi hissələrində belə şərait yoxdur. Mən çox dövlətdə olmuşam və görmüşəm”.
Nazir vurğulayıb ki, hər bir hərbi hissənin yanında zabitlər üçün xidməti mənzillər inşa edilib: “Azərbaycanla yanaşı, bir neçə dövlət istisna olmaqla, dünyanın heç bir dövlətində 20 ildən çox qüsursuz xidmət edən zabit dövlət tərəfindən mənzillə təmin olunmur. Azərbaycanda mindən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub”.
Ordu.az