Mnatsakanyan Moskvaya gizli səfər edib: İctimaiyyətdən nə gizlədilir?

2019/03/lav-1553672405.jpg
Oxunub: 22467     11:38     27 Mart 2019    
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşü keçiriləcək.

Ordu.az xəbər verir ki, görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.

Danışıqlar zamanı konkret nədən söhbət getməsi haqda hələlik rəsmi məlumat olmasa da, danışıqların XİN rəhbərləri səviyyəsində hazırlandığı məlumdur. Məlumata görə, bu günlərdə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla onun rusiyalı həmkarı Sergey Lavrov arasında məxfi telefon danışığı olub. Bildirilir ki, gizli danışıqdan başqa, hətta martın 21-22-də Ermənistan XİN başçısı gizli olaraq Moskvaya səfər edib.

Belə ki, erməni KİV-ləri tərəfindən XİN-ə həmin günlərdə Mnatsakanyanın İrəvanda olub-olmaması haqda sorğu göndərilib. Mətbuat katibi Anna Nağdalyan sorğuya cavabında deyib: “Sualınıza cavab olaraq bildiririk ki, martın 21-də Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İrəvan şəhərində olsa da, növbəti gün, yəni martın 22-də paytaxtda olmayıb. Bu haqda məlumat yayılmamasına səbəb isə zərurətin olmamasıdır”.

Erməni mətbuatı qeyd edir ki, XİN rəsmisinin bu cür cavabı ilə onların Ermənistan XİN rəhbərinin martın 22-də Rusiya paytaxtında olması haqqında məlumatı dolayı yolla olsa da təsdiqlənib. Məlumatda Mnatsakanyanın XİN-in bir əməkdaşı ilə bərabər biznes sinifli reys ilə Moskvaya uçduğu, rusiyalı həmkarı Lavrovla gizli görüş keçirdiyi və martın 23-nə keçən gecə İrəvana qayıtdığı bildirilir.

Məxfi danışıqların Əliyev-Paşinyan görüşü qabağı hazırlıq məqsədi daşıdığı iddia edilir. Lakin görüşdəki danışıqların konkret detalları haqda informasiya yoxdur.

Bəs Mnatsakanyanın Ermənistanda olmaması barədə məlumatın yayılmasına “zərurət olmadığı” nə məna daşıyır? Əgər erməni nazir ezamiyyətdə olubsa, o, dövlət vəsaiti hesabına yollanıb. Buna görə də vergi ödəyicilərinin nazirin hara, nə məqsədlə getdiyini bilməyə hüququ var. Əks halda isə o, öz hesabına məzuniyyətlə getməli idi. Buna görə də, Ermənistan XİN-in cavabı qəribədir. Onun ezam edilməsi barədə Paşinyanın əmri və ya hökumət portalında hər hansı məlumat yoxdur. Bu cavab əvvəlki suallara cavab verməkdən daha çox yeni suallar yaradır. Mnatsakanyan qanunu pozaraq ölkəni tərk edib, yoxsa, Paşinyan-Əliyev görüşünün müzakirə edilməsi məqsədilə Moskvaya ezam edilib? Ən maraqlı olan cəhət isə ictimaiyyətdən gizlədilməsinə zərurət olan hansı məsələlərin Moskvada müzakirə edilməsidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Gizli-görüş   Qarabağ  


Bizi "telegram"da izləyin