Paşinyan Sankt Peterburqa ilk növbədə Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının zirvə toplantısında, daha sonra həmin binada baş tutacaq Azərbaycan prezidentinin də iştirak etdiyi MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə gedib. Məhz bu son görüş çərçivəsində də Azərbaycan prezidenti və Ermənistanın Baş naziri arasında ikinci qeyri-rəsmi ünsiyyət baş tutub. Nikol Paşinyan, prezident İlham Əliyevlə azərbaycanlı girovların və erməni əsirlərin mübadiləsi, o cümlədən Qarabağ münaqişəsi ətrafında danışdıqlarını bildirib.
Sadəcə söhbət ediblər
“Görüş yox, sadəcə təmas olub. Siz bilirsiniz ki, AİƏT-in Ali İqtisadi Şurasının iclasından başqa, MDB formatında da yemək ziyafəti keçirilib. Əliyevlə əsirlərin mübadiləsi ilə bağlı söhbət etdik, təəssüf ki, razılığa gələ bilmədik. Lakin müzakirələr davam edəcək, çünki bilirsiniz, onlar “hamısı hamıya” təklif edirlər, amma bizim bu məsələdə problemimiz var, bu məsələ Qarabağ “hakimiyyəti” ilə müzakirə olunmalıdır. Sadəcə birbaşa təmas olub, danışıqlar prosesinindən əvvəlki tarixçədən, məqamlardan və sairə barədə söhbət etmişik”, - deyə Paşinyan bildirib.

Azərbaycan Prezident Administrasiyasının Xarici Məsələlər üzrə Şöbəsinin rəhbəri Hikmət Hacıyev isə bəyan edib ki, Əliyev-Paşinyan söhbəti zamanı Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması üzrə fəal danışıqlar prosesinin davam etdirilməsi və atəşkəs rejiminin qorunub saxlanılmasına dair müzakirələr aparılıb.
Əliyev-Paşinyan və Məmmədyarov-Mnatsakanyan görüşləri
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyan arasında baş tutan ilk qeyri-formal görüşü MDB tədbirləri çərçivəsində 27-28 sentyabr tarixlərində baş tutub. Hər ikisi Düşənbədə MDB-yə üzv dövlətlərin rəhbərlərinin növbəti görüşündə iştirak edib. Onlar həmin görüş çərçivəsində Qarabağ məsələsi və münaqişənin nizamlanması üzrə bir neçə vacib məqamları müzakirə etməyə macal tapıblar. Tərəflər Müdafiə Nazirliklərinə cəbhədə gərginliyin azaldılması məqsədilə konkret tədbirlər görülməsinə dair tapşırıqlar verilməsinə dair razılıq əldə ediblər. Paşinyanın verdiyi məlumata görə, Azərbaycan və Ermənistan rəhbərləri danışıqlar prosesinə və metoduna sadiqliq ifadə edib, həmçinin iki tərəf arasında birbaşa əlaqə yaradılması barədə razılaşma əldə ediblər. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi əməliyyat əlaqəsinin yaradıldığını və fəaliyyətdə olduğunu təsdiq edib.

Düşənbə görüşündən iki gün əvvəl Nyu-Yorkda BMT-nin Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan da görüşüblər.
Əliyev və Paşinyan arasında son görüşdən əvvəl 5 dekabr tarixində Milanda ATƏT-in Nazirlər Şurası çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilib. Ermənistan XİN-nin məlumatına əsasən, görüşün məqsədi tərəflərin sülh prosesinə dair mövqeləri və yanaşmaları ilə daha ətraflı tanış olmaqdan ibarət olub.
Əsir və girovların dəyişdirilməsi aydın məsələ deyil
Əsir və girovların məsələsinə gəldikdə məlum olduğu kimi, noyabr ayının əvvəlində Azərbaycan onları “Hamını hamıya” prinsipi ilə dəyişməyi təklif edib. Lakin hələlik bu məsələ ətrafında razılaşma əldə edilməyib. Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı təbliğat kompaniyası çəçivəsində Tavuş vilayətində çıxışı zamanı Berdavan sakini, Azərbaycanda terror aktı törətməyə cəhd edən Karen Qazaryan barədə danışarkən qeyd edib ki, Azərbaycan yarı-rəsmi olaraq hər iki tərəfdə saxlanılan Azərbaycandakı 3 erməni və Qarabağda saxlanılan 3 azərbaycanlını “Hamının hamıya” prinsipi üzrə dəyişdirilməsinə dair təklif irəli sürüb.
“Hamıya elə gəlir ki, bu aydın və məlum məsələdir, ancaq əslində bu çox mürəkkəbdir. Ona görə ki, 2 vətəndaşı öldürdüklərinə görə Qarabağda saxlanılan iki nəfərdən biri ömürlük, digəri isə 22 il müddətinə azadlıqdan mərhum edilib. Məlumdur ki, ölənlərin ailələri cinayətkarların Azərbaycana təhvil verilməsinə razı olmayacaqlar”, - deyə Paşinyan cəfəng iddialar səsləndirdi.
Putin Qarabağ məsələsində fəallaşır

Əliyev-Paşinyan görüşündə maraqlı məqam odur ki, Paşinyan Baş nazir seçildikdən sonra baş tutan hər üç qeyri-rəsmi görüş Postsovet məkanı daxilində keçirilən tədbirlər çərçivəsində olub. Əliyev və Paşinyanı bir-birilə ilə Rusiya prezidenti Vladimir Putin 14 iyun tarixində Futbol üzrə Dünya çempiontının açılışı zamanı Moskvada tanış edib. Digər iki görüş isə qeyd olunduğu kimi MDB tədbirləri çərçivəsində baş tutub. Ekspertlərin fikrincə, xüsusilə Düşənbə görüşündə Vladimir Putinin rolu olub.
Bu fikirlə, Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov erməni mətbuatına verdiyi müsahibədə yeni siyasi şəraitdə Qarabağ münaqişəsinin nizamlanması prosesində yeni tendensiyaların müşahidə olunduğu qənaəti ilə razılaşıb. Onun fikrincə, Minsk qrupu ilə yanaşı Rusiya-Ermənistan-Azərbaycan formatı üzrə danışıqlar prosesi də fəallaşmaqdadır və Qarabağ münaqişəsinin nizamlanması prosesi tədricən Rusiyanın təsir zonasına keçir.
Ekspertin sözlərinə görə Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında 3 saatadək baş tutan görüş Qarabağ münaqişəsinin nizamlanması prosesində yeni mərhələnin başlandığından xəbər verir. O, həmçinin əlavə edib ki, Xarici İşlər nazirləri 3 saat ərzində nərd oynamayıblar, yəqin haqqında məlumat verilməyən hər hansısa layihəni müzakirə ediblər.
Münaqişənin nizamlanması üzrə hər hansısa ssenari müzakirə olunurmu?
“Minsk Qrupu ilə yanaşı Ermənistan-Azərbaycan yeni təmas xətti formalaşdırıldığına dair təmamilə haqlısınız. Minsk Qrupu ilə yanaşı Putin-Əliyev-Paşinyan arasında ayrıca təmas formatının yaradılacağını istisna etmirəm. Aprel müharibəsində Minsk Qrupu susarkən, məsələnin nizamlanmasına Putin müdaxilə edib.

Hazırda bu tendensiya fəal işləməkdədir və Putin-Əliyev-Paşinyan görüşünün keçirilməsi istisna edilmir. Qarabağ münaqişəsinin nizamlanması üzrə hansısa ssenariyə hazırlıq tədbirləri görülür. Paşinyan qondarma qurumu tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyir. Azərbaycanın Qarabağ tərəfi ilə danışmalı olduğunu deyir. İndi sual yaranır, əgər Qarabağ münaqişəsini bir kənara qoysaq, bəs Mnatsakanyan Məmmədyarovla 3 saat boyunca nə barədə danışıb? Onlar Ermənistan-Azərbaycan münasibətlərini müzakirə ediblər?. Qarabağ məsələsini bir kənara qoysaq, Ermənistanla Azərbaycan arasında hansı problemlər mövcuddur? Belə çıxır ki, söhbət hansısa ciddi müzakirələrdən gedir. Hər halda əyləncə kef məclisi olmayıb, nazirlər hansısa ciddi məsələni vasitəçilərlə birgə müzakirə ediblər. Ehtimal olunur ki Əliyevlə Paşinyanın görüşünə hazırlıq gedir”, - deyə Tarasov qeyd edib.
Paşinyan nəyi gizlədir?
Əgər erməni tərəfi Qarabağın adından Qarabağdakı “hakimiyyət” danışmalıdır deyə Paşinyanın bəyanatına sadiqdirsə, o zaman Azərbaycanla hər hansı məsələni 3 saat müzakirə etmək mümkün deyil. Sözsüz ki, Paşinyanın gizlətdiyi hər hansısa məsələ var.
Bununla yanaşı Tarasov qeyd edir ki, Paşinyanın Qarabağın müəyyən ərazilərinin qaytarılması və ya buna bənzər danışıqlar ətrafında müzakirələr aparmasına razılıq verdiyinə dair iddialar irəli sürməyə əsas yoxdur.
Düşənbə görüşü Azərbaycan diplomatiyasının qələbəsidir

Strateji və Milli Tədqiqatlar üzrə Erməni Mərkəzinin direktoru politoloq, Samvel Sarkisyanın fikrincə isə Əliyevlə Paşinyanın bu görüşlərinə böyük önəm vermək lazım deyil. O iddia edir ki, 2016-cı il döyüşlərindən sonra erməni tərəfinin əldə edilmiş məlum Vyana razılaşmalarının yerinə yetirilməsi tələblərinin səsləndirməməsi səbəbindən Azərbaycan tərəfi özünü bir az konstruktiv aparmağa başlayıb.
Əldə edilmiş razılaşmaya əsasən tərəflər qeyd şərtsiz 1994-cü ilin atəşkəs rejiminə və 1995-ci ilin atəşkəsin möhkəmləndirilməsi barədə razılaşmaya əməl etməlidir. Daha sonra münaqişə zonasında gərginliyin azaldılması və yeni hərbi toqquşmaların qarşısının alınması mexanizmlərini tətbiq etməlidirlər. Söhbət ATƏT-in müşahidə missiyasının genişləndirilməsi və hadisələrin araşdırılması mexanizmlərinin tətbiqindən gedir. Bu 1,5 il ərzində erməni diplomatiyasının 1 nömrəli müzakirə mövzusu olsa da, tədricən danışıqlar prosesinin gündəliyindən sıxışdırılaraq çıxarılıb.
Baş tutan təmasları görüş hesab etməyən erməni politoloq, bunun içində dəqiq ciddi bir şey görmədiyini deyir. Onun fikrincə, Azərbaycan tərəfinin yürütdüyü siyasət erməni tərəfinin yürütdüyü siyasətdən daha aydındır.
Alpər Mövludoğlu
Ordu.az