Əsgər və zabitlərin ciblərinə girirlər: Ermənistan hərbi siyasi rəhbərliyi hara baxır?

2018/12/pasin-1543660163.jpg
Oxunub: 4156     19:42     01 Dekabr 2018    
“Araçin Lratvakan” agentliyinin ötən gün yaydığı məlumata görə “Hayastan” ümumerməni fonduna hərbçilərdən pul toplanır.

Bu məlumat geniş əks-sədaya səbəb olub. Ermənistandakı rəsmi qurumlar bunu inkar etsə də, xüsusilə, Qarabağdakı qanunsuz hərbi hissələrdən yayılan məlumata görə, zabitlərdən 5000, gizirlərdən 3000, müqaviləli hərbi qulluqçulardan 1000, müddətli xidmət hərbi qulluqçularından isə 100 dram məcburi qaydada pul toplanıb və fondun hesabına köçürülməsi tələb olunub.

Məqalə yayımlandıqdan bir neçə saat sonra işğal altında olan Qarabağda erməni ordusunun nümayəndəsi açıqlama verərək, hərbçilərdən “Hayastan” fonduna pul toplanılması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı bəyan edib. Eyni zamanda qondarma qurumun yaydığı məlumatda qeyd olunurdu ki, Qarabağda dislokasiya olunan erməni ordusunun hərbi qulluqçuları özləri arzu etdikləri halda “Hayastan” ümumerməni fonduna vəsait köçürə bilərlər.

Təbii ki, rəsmi qurumların yaydığı məlumatda bunu etiraf edəcəklərini, hərbi qulluqçuları fonda vəsait köçürməyə məcbur etdiklərini deyəcəklərini gözləmək də gülünc olardı. Ancaq belə bir təklifin edildiyi fakt olaraq qeyd edilir. Bu da belə bir halın baş verdiyini təsdiq edir. Bu məqalə yayımlandıqdan sonra hərbi hissə komandirlərinin xəbərdar edildiyi ehtimal olunsa da, proses davam edir.

Onlar erməni hərbi qulluqçulara təkrar arzu etdikləri təqdirdə fonda vəsait köçürülməsinə dair çağırış ediblər. Belə çıxır ki, işğal altında olan Qarabağda hərbi hissə komandirlərindən başlayaraq, ən son rəhbərliyə qədər hərbçilərin hüquqları tapdanır. Bundan başqa Qarabağda dislokasiya olunan bütün hərbi hissələrin komandirləri qeyd olunan mövzu ilə bağlı şəxsi heyət qarşısında çıxış edərək məsələni izah ediblər.

Beləliklə aydındır ki, fonda vəsait toplanmasını dayandırmaq əvəzinə, proses böyük vüsətlə davam etdirilir. Buna cavabdeh olan kimdir? Belə düşünülürdü ki, kampaniyaya son verilmə barədə erməni hərbi hissə komandirlərinə təlimat veriləcək. Lakin belə olmadı, öz kabinetinə çağırmaq və təkrar razı salmaq ənənəsi davam etdi.

“Təsəvvür edin ki, hər il “Hayastan” fonduna vəsait toplanması üzrə marafon keçirilir. Qarabağda quruculuq işləri həyata keçiriləcəyi izah olunur və buna görə səngərdəki hərbçilərdən kiminsə torpağının suvarma sisteminin yaradılması üçün vəsait toplanır. Niyə 250-300 min dram əmək haqqı alan səngərdə oturan zabit məcburi qaydada hansısa fonda ianə ödəməyə məcbur edilməlidir? Zabitlərin çoxu sonrakı “Vendettadan” yayınmaq üçün məcbur qalaraq bu vəsaiti toplayıblar. Hərbi qulluqçuların əmək haqlarının artırılması mövzusu gəldikdə Ermənistan rəhbərliyi hay-küy salır ki, büdcədə vəsait yoxdur, amma məcburi toplama qaydasında səs çıxarmır”, - deyə erməni ekspertlərdən biri yazır.

Bunun məcburi özbaşına hərəkət olduğundan əminliyini qeyd edən erməni ekspertlər, Qarabağdakı hərbi siyasi “rəhbərliyin” buna göz yumduğunu vurğulayıb.

Ailə büdcəsinin yaxşılaşdırılmasına heç bir kömək göstərilmədiyi halda, ailə büdcəsindən müəyyən məbləğin kəsilməsinə dair təlimat verənlər və təşkilatçılar ekspertlər tərəfindən tənqid edilir. Onlar bütün bu özbaşınalıqların ordu rəhbərliyinin öz yerində olmaması ucbatından baş verdiyini qeyd edir. Bu hərəkətlə hərbçilərin bir-birinə qarşı qoyulduğu qeyd olunur. Bildirilir ki, həmin məbləği verməyə hazır olan və vermək istəməyən zabit və digər hərbi qulluqçular biri-birilərinə başqa cür yanaşmağa başlayırlar. Bu da erməni hərbçilər arasında mənəvi psixoloji vəziyyətin pisləşməsinə gətirib çıxarır.

Erməni ekspertlər qeyd edir ki, fonda edilən milyonlarla yardımla kifayətlənməyərək, daim hərbçilərin ciblərinə göz qoymaları anlaşılan deyil. Ermənistanın sabiq iqtidarı dövründə xeyriyyə məqsədilə yığılan ianələr təyinatı üzrə sərf edilmədiyi üçün daim hərbçilərdən pul toplanırdı. Rəhbər heyətin öz dəbdəbəli şəxsi avtomobillərini satıb, niyə fonda ianə etmədikləri sual edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin