Trampın bu məsələ ilə əlaqədar Belçika, Kanada, Norveç və Almaniya rəhbərlərinə müraciət göndərdiyi də iddia edilir. Bu müraciətdə, kifayət qədər sərt şəkildə 2014-cü ildə Uelsdə keçirilən NATO zirvəsində qəbul edilən qərar xatırladılırdı. Həmin qərara görə, NATO üzvü olan ölkələr ÜDM-nin 2%-dən az olmamaq şərtilə ümumi müdafiə xərclərinə vəsait ayırmalı idi. Bu müraciət tarixinə qədər yalnız 8 NATO ölkəsi öz müttəfiqlik öhdəliklərini yerinə yetirirdi.
Daha öncə "Şimal Axını-2" layihəsinə dəstək verdiyinə görə Almaniyanı Rusiyanın əlində alət olmaqda günahlandıran Tramp məktubunda Merkelə yazırdı: "NATO-nun bəzi ölkələrinin kollektiv təhlükəsizliyi təmin etmək üçün təşkilatın məsuliyyətini bölüşməməsinin səbəbini Amerika xalqına izah etmək getdikcə daha çətin olacaq... ABŞ Avropanı müdafiə etmək üçün daha çox resurs sərf edir. Almaniya da daxil olmaqla, Avropa iqtisadiyyatı inkişaf edir, lakin təhlükəsizlik məsələləri həll olunmur. Bizim üçün bu vəziyyət artıq qəbuledilməzdir".
Əslində Alyansının "məsuliyyəti" haqqında Trampın iradları sırf rəqəmlərlə müqayisə edildiyində qəbulediləndir. Məsələn, ABŞ NATO büdcəsinə ÜDM-in 3.58 %-ni ödədiyi halda, Kanada bu məqsədlər üçün 1.29 %, Almaniya isə 1.2 % xərcləyir.
Görünən odur ki, Avropada müttəfiq öhdəliklər üçün heç kim artıq məbləğ ödəməyə hazırlaşmır. Almaniya kansleri Merkel dəfələrlə bəyan edib ki, Almaniya hərbi büdcəsi yalnız 2024-cü ildə ÜDM-in 1.5 %-ni təşkil edəcək. Belçika Baş naziri Şarl Mişel isə "belə məktublardan məmnun olmadığını" bildirib.
Artıq hər dəfə ABŞ Avropadan müdafiə xərcləri ilə bağlı tələblər səsləndirəndə, qoca qitənin dərhal NATO-ya alternativ olaraq öz orduları yaratması barədə mövzunu gündəmə gətirməsi ənənə halını alıb. Lakin bu ideya həmişə doğulduğu kimi də dəfn edilib.
Hələ 1948-ci ildə Fransa, Böyük Britaniya, Hollandiya, Belçika və Lüksemburq iştirakçı dövlətləri hər hansı bir təcavüzdən qoruyacaq "kollektiv özünümüdafiə" haqqında Brüssel sazişi imzalayıb.
Bu ölkələrin qoşunlarının idarə olunması üçün vahid qərargah da yaradıldı. Lakin bir il sonra ABŞ-ın əsas rol oynadığı, daha güclü və daha böyük hərbi struktur olan NATO-nun yaradılması "kollektiv özünümüdafiə" ideyasını uddu.
Buna baxmayaraq, Avropanın hərbi bloku ideyası heç zaman gündəmi təmamilə tərk etməyib. ABŞ hər dəfə Avropaya təzyiq göstərəndə, "Qərbi Avropa İttifaqı"nın və ya ABŞ-dan asılı olmayan ordunun yaradılması ideyası peyda olur.
1999-cu ildə Helsinki sammitində Avropada çevik hərəkət qüvvələrinin yerləşdirilməsinə qərar verildi. Onun yaradılması 2003-cü ilə planlaşdırılırdı. Hətta vahid rəhbərliyin formalaşdırılmasına da cəhdlər edildi. Lakin Vaşinqton bu fikri bəyənmədi və nəticədə heç nə alınmadı. "Qərbi Avropa İttifaqı" 2011-ci ilə qədər mövcud oldu, bundan sonra isə NATO-nun tərkibinə daxil oldu.
Avropalıların nazı ilə çox oynamağı sevməyən Trampın siyasi səhnədə görünməsi yenidən Avropa ordusunun yaradılması ideyalarına bir qədər real impuls qazandırdı. Bunun əsas səbəbi ABŞ prezidentinin avropalılara mütəmadi olaraq 2 %-lik ÜDM-i xatırlatmasından ibarət idi.
Qərb mediasına görə, Tramp Almaniyaya NATO-dakı iştirakına görə ABŞ üçün yaranan 374 milyard dollarlıq borcunun hesab-fakturasını yazılı sürətdə təqdim edib.
Belə bir gərgin mühitdə ötən ilin fevralında Avropa Parlamenti vahid Avropa ordusunun formalaşdırılması barədə qətnamə qəbul etdi. Bu dəfə də səsvermənin nəticələri gözlənilməz oldu. 283 deputat qətnamənin lehinə səs verdi, 83 deputat bitərəf qaldı, 269 deputat isə qarşı çıxdı. Yəni ilk dəfə Avropa ordusu ideyası əksəriyyət tərəfindən dəstəkləndi, üstəlik tərəddüd edənlər arasında, gələcəkdə bu ideyanın tərəfdarları da ola bilər.
Avropa ordusunun əsas "döyüşçüsü" Almaniya və Fransa olmalıdır (Britaniya hər zamankı kimi ABŞ-ın yanındadır) olmalıdır. Əgər onlar bunu bacarsalar, bu yolla az da olsa okeanın o tayındakı müttəfiqlərinin "dəmir yumruğunu" zəiflətməyi bacaracaqlar. Həm Berlində, həm də Parisdə yaxşı başa düşürlər ki, bu prosesdəki çoxsaylı maneələri aşmaq elə də asan olmayacaq.
Məsələn, Avropa ordusu nə ilə silahlanacaq? Yenə də NATO silahlanmasında mövcud olan ABŞ silahları ilə. Bu variant ABŞ üçün əlverişsiz hesab edilmir. Onun müdafiə sənayesi ciddi sifarişlər ala bilər. Avropada Almaniya və Fransa kimi nəhənglər belə özlərini ABŞ silahları olmadan tam təmin edə bilmir, digərləri isə daha çox asılıdır. Onlar da yaxşı başa düşür ki, vahid Avropa ordusu əsasən Almaniyanın maraqlarına xidmət edir. Almaniyanın hərbi gücünün artmasının nə ilə nəticələndiyini isə tarix yaxşı xatırlayır.
Hələ də əsas problemlərdən olan maliyyə məsələsi həll edilməyib: Avropa ordusunu kim maliyyələşdirəcək? Onun saxlanılması üçün vəsait hardan götürüləcək?
Avropadakı NATO qüvvələri əsasən Vaşinqton tərəfindən maliyyələşdirilirdi, avropalılar isə bunun əvəzini öz Silahlı Qüvvələrinin suvereniteti ilə ödəyirdilər. Lakin Avropa ordusu hər bir ölkədən real vəsaitlər tələb edəcək.
Bütün bunların NATO-nun növbəti zirvə görüşündə və ya digər tədbirlərdə Tramp tərəfindən avropalıların nəzərinə çatdırılacağı gözlənilir.
Hamı yaxşı başa düşür ki, Tramp-NATO-dur, NATO isə ABŞ-dan asılıdır. Əslində Avropa ABŞ-ın olmadığı NATO-dan çıxmaqda maraqlı deyil. Yəni Avropa NATO-ya qarşı deyil, ABŞ-ın və ya Trampın hegemonluğuna qarşıdır. Buna misal olaraq ABŞ-ın İran ilə nüvə razılaşmasından geri çəkilməsi, İsraildəki səfirliyinin yerini dəyişdirməsi, Ukraynaya tammiqyaslı dəstək verilməməsi, Rusiya ilə orta və uzaq mənzilli raketlərin məhdudlaşdırılması haqqında müqavilədən çıxması və s. kimi məsələləri göstərmək olar.
Tramp Avropanın NATO-dakı iştirakına görə ABŞ-a yaranan çox milyardlıq borcunun hesab-fakturasını tərtib edərkən Avropa şirkətlərinin İranda və Rusiyada itirdiklərini, Ukraynanın ərazi bütövlüyünün pozulmasını dollar ekvivalentində və s. hesaba aldığı barədə məlumatımız yoxdur.
Yaxın Şərqdə ABŞ qələbələrindən "ruhlanan" yerli əhalinin məhz Avropa ölkələrinə üz tutması səbəbindən ciddi miqrasiya problemləri ilə üz-üzə qalan Avropa paralel olaraq görünməmiş sayda "Əl- Qaidə", İŞİD və YPG terrorçularının hücumları ilə yaxından tanış oldu. Bəzi liderlər ABŞ-ın tələb etdiyi NATO ödəmələrinin artan daxili təhlükəsizlik xərclərinə sərf edildiyini dolayısı ilə Trampa çatdıra bildilər.
Buna baxmayaraq, ABŞ hegemonluğu son zamanlar Avropanın səbrini daşırır. ABŞ-ın İranla nüvə razılaşmasından çıxması, sanksiyaları bərpa etməsi Avropanın büdcəsinə kifayət qədər ciddi zərbə vurdu, nəticədə "boşanma" prosesi daha da sürətləndi. Almaniyanın sabiq Xarici İşlər naziri Ziqmar Qabriel qeyd etdi ki, Avropa "otyeyənlər dünyasında bir çox problemi olan vegetarian" olmaq istəmir.
Son zamanlar avropalı liderlər hərbi-müdafiə mövzusunda bir neçə dəfə ardıcıl bəyanatlar səsləndirərək, Avropanın heç kimə güvənmədən və ən qısa müddətdə özünü müdafiə etməyə hazır olmalı olduğunu vurğulayırlar.
Almaniya kansleri Merkel isə "Avropa artıq ABŞ hərbi çətirinə arxalana bilməz" deməklə körpüləri yandırdı. O, Avropanın ətrafında birliyin təhlükəsizliyini təhdid edən bir çox qarşıdurmaların mövcudluğuna diqqət çəkərək, ABŞ-ın artıq öz müttəfiqlərini qorumağa çalışmadığını bildirdi.
Ən maraqlısı Fransa prezidenti Makronun sonuncu bəyanatı oldu: "Avropa Çindən, Rusiyadan, bəlkə də ABŞ-dan müdafiə olunmalıdır". Şərhə ehtiyac qalırmı? İndiyə qədər pis-yaxşı Avropanı Çin və Rusiya təhdidlərindən qoruyan ABŞ-ın adını Pekin və Moskva zəncirinə bağlamaq doğrudan da ədalətsizlikdir.
Avropa İttifaqının 28 üzvündən 22-si NATO üzvüdür. Deməli Avropa istəsə də, istəməsə də, bu gün onun təhlükəsizliyi Şimal Alyansından asılıdır.
Vahid Avropa Ordusu ideyası üzv ölkələrin vahid hərbi doktrinasının qəbulunu, hərbi sahədə əməkdaşlığını, ölkələr arasında müdafiə strategiyalarının birləşdirilməsini və "uyğunlaşdırılmasını", xüsusi əməliyyatlar üçün hərbi kontingentlərin ayrılmasını və yerləşdirilməsini, birgə hərbi təlimlərin təşkilini və keçirilməsini və s. kimi geniş miqyaslı tədbirlər planının qəbul edilməsini, həyata keçirilməsini nəzərdə tutur.
Avropa ordusu sıfırdan yaradılmayacaq, yəni üzv ölkələrdə mövcud olan Silahlı Qüvvələrə paralel ordu yaradıla bilməz. Lakin NATO tərkibində fəaliyyət göstərən Avropa qüvvələrinin yeni komandanlığa tabe edilməsi mümkündür.
Bütün bu tədbirlərin NATO qurumları ilə necə əlaqələndirəcəyini söyləmək çətindir. Daha doğrusu, nəzəri cəhətdən bu mümkündür, amma bir sual yaranır - bu ordu nəyə lazımdır? Avropa ordusunun yaxın onillikdə müstəqil rol oynaması real deyil, Avropanın ABŞ-a qarşı, xüsusilə Birləşmiş Krallığın onun tərəfində olduğu halda, özünü müdafiə edə biləcəyi də ağlabatan deyil. Buna görə vahid Avropa ordusunun yaradılması sırf Trampın "iştahasını söndürmək" üçün atılan siyasi bir addımdır, belə bir qərarın praktiki nəticələri də çox şübhə doğurur. Avropa Ordunu yaratdığınız təqdirdə belə onun NATO-dan zəif olacağı qaçınılmazdır. Onun yaradılmasına başlansa belə, sabah və ya biri gün məsələnin tezliklə bitəcəyi real görünmür. Bu 20, bəlkə də 30 ilə qədər davam edən uzunmüddətli ağrılı-acılı bir prosesdir, yaradıldığı halda isə xarici siyasi təşəbbüslər vasitəsilə daxili məsələləri həll etmək lazım olduqda konsensus əsasında fəaliyyətə keçəcəyi mütləqdir.
Avropa ordusu yaradılsa belə, vəsait, texnika, şəxsi heyət və avadanlıq ayıran ölkələrin hər biri üçün təhdidin nədən ibarət olacağı maraq doğurur. Məsələn, Baltikyanı ölkələr təhdid kimi Rusiyanı qəbul edir, lakin digər dövlətlər daxili təhlükəsizliyə daha ciddi diqqət yetirirlər. Rusiya indiki vəziyyətində Avropaya aşkar hücum etmək imkanına deyil. Çinin iqtisadi maraqları da bunu istisna edir. Dolayısı ilə Avropanın əsas dərdi bu gün hərbi təhdidlərlə deyil, miqrasiya, qaçqınlar və terrorla bağlıdır. Onlarla mübarizə aparmaq üçün sualtı qayıqlardan istifadə etmək effekt verməyəcək. Buna görə də düşünürəm ki, Avropa ordusunun yaradılmasına dair planlar yenidən təxirə salına bilər.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az