Ordu.az xəbər verir ki, partiyanın liderlərindən biri olan Jirayr Sefilyan ola biləcək partlayışın qarşısını almaq üçün dəyişikliyə ehtiyac duyur.
O, açıqlamasında bildirib ki, bu gündən etibarən, mövcud hakimiyyət orqanlarına, partlayışlar olmadan danışıqlar masasına oturub yol xəritəsinin tapılmasını təklif edirik.
Bako Saakyanın gələn ilki "seçkilər"də iştirak etməyəcəyi səbəbindən bir il sonrakı "seçkilər"də onsuz da nümayəndəliyin dəyişəcəyi barədə replikaya Sefilyan belə cavab verib: "Əgər bir il gözləsək, partlayışlar baş verə bilər. Vəziyyət belədir. İnsanlar gözləyə bilmirlər. Biz öz fəaliyyətimizlə bunları çətinliklə əldə saxlaya bilirik. Və mən əminəm ki, mövcud hakimiyyət kifayət qədər dərrakəli davranacaq ki, sakit bir yolla həll variantı tapılsın".
Onun sözlərinə görə, onlar İrəvanın Qarabağdakı nümayəndələri ilə yaxın zamanlarda, dekabrın 9-na təyin edilən Ermənistan parlament seçkilərindən sonra danışıqlara başlayacaqlar.
Xatırladaq ki, 2016-cı ilin yayında "Sasna Tsrer" silahlı qruplaşması İrəvan şəhərində PPX alayını ələ keçirərək, Ermənistan polisinin mövcud rəhbəri Valeri Osipyan da daxil olmaqla götürdükləri girovları bu binada saxlayıblar. Binanın ələ keçirilməsi zamanı 3 erməni polisi öldürülüb. Silahlı qrupun bütün üzvləri isə sağ qalıb. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra, silahlı qrupun üzvləri, məhkəmənin qərarı ilə yavaş-yavaş həbsdən sərbəst buraxılmağa başladılar. Daha sonra bu yaxınlarda elan edilən amnistiya onlara da tətbiq edildi. Amnistiyanın mətnində "Sasna Tsrer"in üzvlərinin məsuliyyətdən azad edilməsi barədə xüsusi bir maddə də yer alırdı. Jirayr Sefilyan həbsdə olduğundan polis alayının ələ keçirilməsində iştirak edə bilməməsinə baxmayaraq, o, silahlı qruplaşmanın ideoloji rəhbəri hesab edilir. Silahlı qruplaşma üzvləri ay yarım bundan əvvəl parlament seçkilərində iştirak etmək üçün partiya da yaradıblar.
Ədalət Verdiyev
Ordu.az