Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu "Kommersant" qəzeti Qarabağ münaqişəsinin həll olunması məsləsinə toxunarkən yazıb.
Məqalə müəllifləri ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfəri zamanı Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın Bakı ilə danışıqlarda daha həlledici "kart blanş" əldə edə biləcəyi barədə gözlənilməz bəyanatını xatırladırlar. Daha əvvəl Ermənistanda səfir missiyasını başa vuran diplomat Riçard Mils də bənzər bəyanatla çıxış edib.
Müəlliflərin fikrincə, Paşinyan sələflərindən fərqli olaraq, bu məsələdə daha əsaslı mövqeyə sahibdir. Onlar baş nazirin BMT tribunasından səsləndirdiyi "Əgər Azərbaycan Xankəndi ilə danışıqlar aparmaq istəmirsə, demək Qarabağ ərazisini yalnız xalqın iştirakı olmadan əldə etmək istəyir" deyə çıxışını həddindən artıq kəskin hesab edirlər.
Nəşrə müsahibəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib ki, Qarabağın münaqişə tərəfi olaraq danışıqlar prosesində müəyyən səs və iştiraka sahib olması hökumətin fəaliyyət proqramında öz əksini tapıb.
Onun fikrincə, Ermənistan tərəfinin fəaliyyəti qeyd olunan istiqamətdə münaqişənin sülh yolu ilə həllinə nail olmaqdan ibarətdir.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfərinə gəldikdə isə məqalə müəllifləri qeyd edir ki, Qarabağda görüş zamanı separatçı rejimin "rəhbəri" Qarabağın danışıqlarda təmsil olunması haqqında Paşinyanın iddialarını təkrarlayıb. Buna baxmayaraq, həmsədrlər İrəvanın təklifindən diplomatik şəkildə yayınaraq, birbaşa cavab verməyiblər.
"Danışıqlar formatının tərkibin dəyişdirilməsi təklifinin Bakı üçün qəbuledilməz olduğu səbəbindən bunu qəbul etmə imkanı olmayan həmsədrlərin yeni səfəri, bu beynəlxalq mexanizmin səmərəsiz fəaliyyət göstərməyə davam etdiyini təkrar olaraq göstərib", - deyə “Sivilizasiyaların dialoqu” Elmi Tədqiqatlar İnstitutunun rəhbəri Aleksey Malaşenko vurğulayıb.
Onun fikrincə, Paşinyan münaqişənin həll olunmaz qalmaqda davam etdiyini və İrəvanın Bakı ilə real dialoqu olmayacağını şüurlu şəkildə dərk edir. Ona görə də Paşinyan heç olmasa öz ölkəsində mövqelərinin möhkəmləndirilməsi üçün şüurlu şəkildə tələb meyarlarını yüksəldir.
Alpər Mövludoğlu
Ordu.az