Ordu.az xəbər verir ki, bu sözləri "İnsan Hüquqları Naminə Jurnalistlər" ictimai təşkilatının hüquq müdafiəçisi Janna Aleksanyan bildirib.
Erməni mənbələrinin məlumatına görə, yanvar ayından idiyədək Qarabağda yerləşdirilmiş qanunsuz bölmələr də daxil olmaqla, Ermənistan ordusunda hərbi qulluqçuların 35 ölüm hadisəsi qeydə alınıb. Bu ölən hərbi qulluqçuların yaxınlarına nə müdafiə nazirliyi, nə də istintaq orqanı tutarlı bir cavab vermir. Məlum olan ölüm hadisələrindən 2 hal öldürmə, 9 hal isə intihar olaraq qeydə alınıb.
Aleksanyan, intihar kimi qiymətləndirilən ölüm hadisələrinin daim şübhəli olduğunu qeyd edib: "Normal şəraitdə hərbi qulluqçu intihar etməz. Qoy müdafiə naziri Davit Tonoyan gedib araşdırsın və ya tədqiqat mərkəzi yaradaraq görsün ki, hərbi hissələrdə nələr baş verir və hərbi qulluqçular niyə intihar edir".
Digər hüquq müdafiəçisi Hayarpi Sarkisyan isə bildirir ki, intihar hallarında hüquq mühafizə orqanları öz versiyalarını irəli sürərək, digər məqamları araşdırmağa meyl göstərmir.
"Bir qayda olaraq, intihar edilən silahda heç bir iz aşkarlanmır. Belə çıxır ki, intihar edən şəxs ayılıb silahı təmizləyir, sonra təkrar ölür", - deyə o şikayətlənib.
Oktyabrın 1-də işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan və şərti olaraq "Martuni-2" adlandırılan hərbi hissədə, ilkin olaraq intihar etdiyi deyilən erməni əsgəri Qevork Haroyanın dayısı, Armen Beqlaryan da baş verənlərə öz münasibətini bildirib. O, bacısı oğlunun intihar versiyasına inanmır. O, Haroyanın ölümündə hərbi hissə komandanlığı da daxil olmaqla, Qarabağdakı hərbi birləşmənin rəhbərliyinin və Ermənistan müdafiə nazirinin günahkar olduğunu bildirir.
"Biz övladlarımızı aparıb ət kimi çəkən, faşist ordusuna göndəririk? Belə hallar o qədər baş verib ki, orduya əsgər göndərmək istəmirik. Paşinyan dərk etməlidir ki, əgər bizim övladlarımız orduya getməsə nə İrəvan, nə də Qarabağ olacaq. Diqqət ayrılmalıdır ki, övladlarımız gedib, döyülmüş, qırılmış, öldürülmüş halda geri qayıtmasınlar", - deyə ölən əsgərin dayısı bildirib.
Sentyabrın 26-da intihar edən erməni əsgəri Ağasi Mkrtçyanın atası Derenik Mkrtçyan isə bildirib ki, ön xətt mövqelərində onun oğlunu "telefon dəfn mərasimi" təşkil etməklə alçaldaraq təhqir ediblər.
Alpər Mövludoğlu
Ordu.az