Ordu.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton 907 saylı qətnaməyə toxunarkən bildirib.
Xarici jurnalistin “Bu gün Azərbaycana səfəriniz ABŞ Konqresinin qəbul etdiyi 907 saylı qətnamənin 26-cı ildönümünə təsadüf edir. Əslində, Rusiya Federasiyası bundan Azərbaycanla ticari əlaqələrində, o cümlədən silah satışının genişləndirilməsində bəhanə kimi istifadə edir. Qətnamənin qüvvədən düşmüş hesab olunması üçün vaxtın yetişdiyini düşünürsünüz?" deyə Boltona sual ünvanlayıb.
Suala cavab olaraq Bolton deyib ki, bu konqres tərəfindən qəbul olunmuş sənəddir və bunun icraçı hakimiyyətin siyasətində əksini tapması məcbur deyil.
"Bizim konstitutsiyaya əsasən ölkənin xarici siyasətini prezident müəyyən edir. Ayrı-ayrı prezidentlər müxtəlif səbəblərlə satış məqsədləri ilə bu məqamdan yayınıblar. Bu sualla bağlı biz doğru olanı müəyyənləşdirmək üçün daim müzakirə aparırıq", - deyə o qeyd edib.
O, səfərin sənədlə bağlı müzakirələrə töhvə verəcəyini vurğulayıb: "Mənim səfərimin məqsədlərindən biri bu münaqişə ilə bağlı və bu gün qarşılaşdığımız daha geniş regional və beynəlxalq məsələlərlə bağlı prezidentin fikirlərini eşitmək idi və mən düşünürəm ki, bu, köhnə sənədlə bağlı müzakirələrdə çox faydalı olacaq".
Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Corc Buş 24 oktyabr 1992-ci ildə "Azadlığa dəstək aktı" sənədini imzalayıb. Həmin sənəd Sovet ittifaqının dağılmasından sonra yaranan post-sovet məkanı ölkələrində azad bazar iqtisadiyyatının və demokratik islahatlara dəstək üzrə ABŞ layihələrinin həyata keçirilməsini nəzərdə tuturdu.
ABŞ-dakı erməni lobbisinin fəaliyyəti nəticəsində səndəddə məlum 907-ci düzəliş ayrıca bir bənd olaraq qeyd edilib. Bu faktiki olaraq Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən siyasi və iqtisadi blokadada saxlanmasına qarşı təsir vasitəsidir. 2001-ci ildə sənəddə Azərbaycanın xeyrinə müəyyən dəyişikliklər edilsə də, tam ləğv edilməyib.
Alpər Mövludoğlu
Ordu.az