Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.
"Qarabağ bizim tarixi torpağımızdır, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Uzun əsrlər ərzində bizim xalqımız bu torpaqlarda yaşayıb və yaradıb. Bizim tarixi abidələrimiz, toponimlər də bu torpaqların Azərbaycan xalqına məxsusluğunu göstərir. Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən çıxarılmalı və Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönməlidirlər", - deyə Prezident bəyan edib.
Ölkə başçısı, həmçinin vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindəki mədəni, dini və tarixi abidələrin hamısını məhv edib. Prezident eyni zamanda, Ermənistanın beynəlxalq hüquq normalarını yerinə yetirməyə məcbur edilməsi üçün mexanizmin olmamasından söz açıb.
“Müxtəlif beynəlxalq təşkilatlar Qarabağ münaqişəsilə bağlı bir sıra sənədlər qəbul ediblər. O cümlədən də, BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul edib. Bu qətnamələrin qəbulundan 25 il keçməsinə baxmayaraq, Ermənistan hələ də onları icra etmir. Təəssüf ki, hələ də işğalçını beynəlxalq hüququn tələblərini icra etməyə məcbur edəcək mexanizm hazırlanmayıb.”
Prezident İlham Əliyev vurğulayıb ki, BMT Baş Assambleyası, Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər.
Ordu.az