Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan ölkənin daxili siyasi vəziyyətinə və hadisələrin mümkün inkişaf ehtimalına dair erməni KİV-lərindən birinə müsahibəsi zamanı deyib.
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Milsin ərazilərin qaytarılması barədə açıqlamasına toxunan Köçəryan, Qarabağın statusunun həll olunmayanadək sülhün olmayacağını bildirib.
"Qarabağın statusu həll olunmayanadək, sülh olmayacaq. Sülh yolu ilə nizamlanma üçün ümumi qəbul olunan paket razılaşması zəruridir. Bununla yanaşı paketin müxtəlif elementləri mərhələli şəkildə həll oluna bilər. Səfirin sülh sözü altında nizamlama üçün daha geniş konteksti nəzərdə tutduğunu hesab edirəm. Səlahiyyət müddətini başa vuraraq gedən səfirin fikri, onun şəxsi fikri deyil. Bu onu əvəz edən növbəti səfirin də fikri olacaq və bu fikir ABŞ Dövlət Departamentinin fikridir. Əlavə edim ki, bu bütün həmsədrlərin fikridir. Müəyyən ərazilər danışıqlar mövzusudur. Reallıq bundan ibarətdir. İstənilən halda Minsk Qrupu həmsədrlərinin ərazilər barədə fikri daim bu kontekstdə olub. Ümumi danışıqlar prosesinin mühiti bunun üzərindədir.
Ona görə də hesab edirəm ki, bu çağırışlardan irəli gələrək, hakimiyyət öz mövqeyini dəqiqləşdirməlidir. Müharibənin başlaması ehtimalı daim olub, var və olacaq. Ən böyük problemimiz, bu təhlükənin olmaması və ya azalmasını düşündüyümüz zaman başlayacaq. Belə bir yanaşma ön xətti qoruyub saxlamaq, ordunun döyüş qabiliyyətini təmin etmək istiqamətində mütləq zəif səylərə gətirib çıxaracaq. Bu gün atəşkəsin hər hansı ciddi nəzarət mexanizmi ilə möhkəmləndirilmiş olmadığı bir vaxtda, onun qorunub saxlanmasının ən böyük zəmanəti qüvvələr balansının qorunub saxlanmasıdır. Hər hansı tərkib hissənin zəifləməsi döyüş əməliyyatlarının bərpa olunması baxımından ciddi təhlükə ola bilər. Bu da aydındır", - deyə o qeyd edib.
Erməni jurnalistin "Lakin erməni cəmiyyətinin hakim olduğu mövqe, güzəşt edəcək ərazimiz yoxdur mövqeyindən ibarətdir" deyə səsləndirdiyi ifadəyə Köçəryan bu şəkildə cavab verib: "Doğrudan da ictimai dərketmə belədir ki, hər hansı ərazini güzəştə getmək lazım deyil. Belə çıxır ki, hakimiyyət danışıqlar prosesinə ya tamamilə yenidən baxmalıdır, yaxud da bizim cəmiyyət üçün qəbul oluna biləcək həll forması tapsınlar. Bununla yanaşı nəticələrinə görə məsuliyyət daşısınlar. Paşinyan məhz danışıqlar prosesinə yenidən baxılması cəhdindən başladı. Lakin belə deyək, kiçik dalğalarla bu mövqedən geri çəkilməyə başladı.
Mənim fikrimcə hakimiyyət vaxtilə Ter-Petrosyanın tətbiq etdiyi vəziyyətə geri qayıtsa, ən böyük təhlükə o zaman baş verəcək. Ter-Petrosyanın həmin tezisi "münaqişənin nizamlanması üçün Qarabağ rəhbərliyinin razı olduğu istənilən varianta hazırıq" fikrindən ibarət idi. Bu yanaşma ATƏT-in Lissabon sammitinin Ermənistan üçün həddindən artıq qeyri-qənaəbəxş sənəd qəbul etməsi ilə nəticələndi. Bu üsul məsuliyyətdən qaçmaq üçün çox asan variantdır. Ancaq bu yanaşma Qarabağı danışıqlar prosesində tənha qoyur. Danışıqlar prosesində Qarabağın ayrıca resursları daha zəifdir, nəinki Ermənistanla bərabər təmsil olunmaq. Eyni zamanda Ermənistan Qarabağ üçün məsuliyyətdən qaça bilməz, hamı Ermənistanın münaqişəyə cəlb olunma səviyyəsini bilir. Lakin sən danışıqlar prosesinin ən əhəmiyyətli status məsələsində, Qarabağın razı olduğu hər bir seçimə biz razıyıq deməklə, həmin statusun həll olunmasında öz resurslarını özün neytrallaşdırırsan.
Yekunda isə elə bir sənəd təklif olunacaq ki, Qarabağ qəbuluna razılaşa bilməyəcək və məcbur sən də rədd etməli olacaqsan. Bu zaman daha böyük problemin yaranacaq. Əlbəttə, Qarabağı danışıqlar prosesinə qaytarmağa səy göstərmək lazımdır. Xatırladım ki, sonuncu dəfə Qarabağ danışıqlar masasında 1996-cı ilin noyabr ayında, Minsk Qrupu çərçivəsində Helsinkidə baş tutan danışıqlar zamanı təmsil olunub. Əlavə edim ki, mən 1998-ci ildə Ermənistan prezidenti olmuşam və mövcud reallıqlara qayıdaraq, yeni hakimiyyətin ilk növbədə Qarabağ məsələsində öz mövqeyini dəqiqləşdirməli olduğunu hesab edirəm".
Paşinyan hakimiyyətinin Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyinə münasibət bildirən Köçəryan, qəti mövqe görmədiyini ifadə edib.
"Ola bilər, nəyisə buraxıb izləməmişəm, amma istənilən halda məsələ ilə bağlı qəti mövqe görmədim. Daha çox atəşkəsin möhkəmləndirilməsindən danışılır. Əgər buna nail ola bilsələr çox yaxşı haldır. Atəşkəsin möhkəmləndirilməsi ilə bağlı danışarkən həmişə müstəqil müşahidəçilər tərəfindən atəşkəsin pozulması hallarını qiymətləndirə biləcək mexanizmlər barədə danışmaq lazımdır. Bu ciddi susdurucu məqam ola bilər.
Əgər indi Azərbaycan tərəfi atəşkəsin qorunmasına razılıq veribsə, bu çox yaxşıdır. Amma, nəyin müqabilində və hansı gözləntilər hesabına buna razılaşıblar deyə şübhələrim var. Hesab edirəm ki, təmas xəttində eyni intensivliklə atəş açılmaqda davam edirsə, bu sualların cavabı yaxın gələcəkdə ortaya çıxacaq", - deyə Köçəryan fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az