1987-ci ildə Moskva və Vaşinqton arasında imzalanmış Ortamənzilli Nüvə Qüvvələri müqaviləsi Birləşmiş Ştatlar və o dövrün Sovet İttifaqı arasındakı rəqabətdə əhəmiyyətli dəyişikliklərə yol açdı. Bu müqavilə o zamanlar sülh və təhlükəsizliyin müjdəçisi kimi qəbul edilirdi. Üzərindən 30 ildən də çox müddət keçdikdən sonra, hazırkı ABŞ prezidenti Donald Tramp administrasiyasının bu müqavilədən çıxmağı planlaşdırdığını elan etdi.
Müqavilə 500-5500 kilometr mənzilə sahib qurudan atılan orta mənzilli raketləri qadağan edir. 2013-cü ildə Rusiyanın bu müqaviləni pozduğu iddia edildi. Dövrün ABŞ prezidenti Barak Obama buna etiraz etsə də, tez-tez qərarsızlıq və qətiyyətsizlikdə ittiham edilən Obamanın administrasiyası bu məsələ üzərində çox qalmadı.
Əsas maraqlı məqamlardan biri isə tərəflərdən hansınınsa nə vaxtsa bu silahların tədqiqatı və təkmilləşdirməsini həqiqətən də dayandırıb-dayandırmamasıdır. Çünki geosiyasi oxların münaqişəyə doğru meyillənməsi halında mümkün olan ən qısa müddətdə onların istehsalını təmin etmək lazım ola bilər.
Hər halda, nüvə müqaviləsi superqüvvələrin münaqişəsinin aradan qaldırılmasından daha çox mənaya gəlirdi. Ronald Reyqan çökməkdə olan Sovet İttifaqı və praqmatik Sovet lider Mixayıl Qorbaçov ilə üz-üzə idi. Qorbaçov Kommunizmin uğursuzluğa düçar olduğunu görürdü. Sovet İttifaqının dağılması və sonradan meydana gələn Rusiyanın kapitalizmə açılması Soyuq Müharibənin başa çatmasına gətirib çıxardı.
Lakin ilk vaxtlar zəif təsir bağışlayan Rusiya görməzdən gəlindi. Boris Yeltsinin rəhbərliyi altında ölkə kapitalizmi təcrübədən keçirdi və bu müddət ərzində bütün ehtiyatları əridi.
Üstəlik qərbli biznes adamları patrnyorlardan daha çox işğalçı kimi ölkəyə axın etdilər. Rusiyanın bu formada “alçaldılması” Putinin iqtidara gəlməsinə və onun bu gün də heyran edilən güclü adam kimi bu vəzifədə qalmasına gətirib çıxardı. Rusiya iqtisadiyatına hələ də oliqarxların dominantlıq etməsi yerli xalq üçün Putinin geri qazandırdığı milli qürurdan daha az əhəmiyyətlidir.
Putinin hekayəsinin bir hissəsi kimi demək olar ki, Yeltsinin Rusiyası ABŞ rəhbərliyindəki kapitalizm tərəfindən təhdid edilirdisə, bu günün Rusiyası Vaşinqtonla yenidən silahlı qarşıdurma təhlükəsi altındadır. Obamanın hələ dörd il öncə Kremlin bu müqaviləni pozmduğunu iddia etməsinə baxmayaraq, Putin indi ritorikasını və təbii ki, Rusiya ordusuna yönəlik xərclərini yüksəltmək məcburiyyətindədir.
Lakin sual belə olmalıdır: Tarix bir daha yenidən təkrarlanacaq yoxsa, yox? Qorbaçovun Sovet İttifaqı müflis oldu. Onun Soyuq Müharibədə məğlubiyyətinin sadə səbəbi var idi: Birləşmiş Ştatlarla bundan artıq rəqabət aparmağa kifayət edən pulu qalmadı. Bəs Putinin əlində olan iqtisadiyyat bunu tərsinə çevirə bilərmi? Beynəlxalq sanksiyalar artıq Rusiya iqtisadiyyatını iflic edib. Tramp hərbi xərcləri artıracağını söyləyir, lakin Putinin bu yeni silah yarışında eyni cavabı verə biləcəyini demək çətindir.
Ağalar Ağalarlı
Ordu.az