"The National Interest": Su-35 və onun göstəriciləri – HƏRBİ EKSPERT (ANALİZ)

2018/09/43535_1536046716.jpg
Oxunub: 4746     15:36     04 Sentyabr 2018    
Suriyadakı hərbi əməliyyatlar Rusiya ordusuna silah və avadanlıqlarının yeni modellərini real döyüş şəraitində yoxlamaq imkanı verdi. Bu faktlar döyüş fəaliyyətini təhlil etmək və nəticələr çıxarmaq istəyən xarici mütəxəssislərin diqqətini cəlb edir. Bu yaxınlarda Su-35S qırıcılarının döyüşdə istifadəsini analiz edən ABŞ-ın "The National Interest" maraqlı nəticələr əldə edib. Müəllifə görə, yeni rus təyyarələri ciddi bir problemə sahibdir.

İyunun son günündə nəşrin "The Buzz" bölməsində daimi müəllif Deyv Məcumdarın "Russia's Deadly Sukhoi Su-35 Flanker-E Has 1 Big Problem", yəni "Rusiyanın ölümcül" Suxoy Su-35 Flanker-E qırıcılarının bir böyük problemi var" adlı məqaləsi dərc olundu.

Bir aydan sonra, dərc edilən məqalə hələ də aktual idi, eyni məqalənin yenidən dərc edilməsinə qərar verildi. Eyni zamanda məqalənin adı dəyişirilərək "Russia's Deadly Su-35 Needs Some Enemies to Kill", yəni "Rusiyanın Ölümcül Su-35-lərini məğlub etmək üçün düşmən lazımdır" oldu. Adlarından başqa hər iki material eynidir.

Məcumdar, məqalənin əvvəlində Suriyada Su-35S qırıcılarının döyüş tətbiqinin xarakterik xüsusiyyətlərini qeyd edib. O, Rusiya təyyarələrinin özlərini ən yaxşı şəkildə göstərdiyini bildirib. Bu məqamda müəllifə Su-35S təyyarələrinin bir dəfə də olsun düşmən təyyarələri ilə üz-üzə gəlmədiyini, qırıcı kimi havada bir dəfə olsun döyüş potensialını nümayiş etdirə bilmədiyini, ABŞ və İsrail zərbələri zamanı heç bir reaksiya vermədiklərini xatırlatmaq yerinə düşərdi.

Yeni məqalənin əvvəlində köhnə məqalənin finalında yer alan tezisləri yerləşdiriblər. Müəllif qeyd edir ki, Su-35S "Flanker-E" qırıcısı Rusiya Aerokosmik qüvvələrində xidmət edən sinifinin ən effektiv təyyarəsidir. Qırıcının Rusiya miqyasında dəyərləndirilməsi diqqət ediləsi məqamdır.

Təyyarə özündə nisbətən yüksək texniki göstəriciləri və uyğun qiyməti birləşdirir. Yeni aviasiya platforması yaxşı uçuş və döyüş xüsusiyyətləri göstərir. Müasir avionika ilə təchiz olunan bütün bu xüsusiyyətlər, Su-35S qırıcısını hər hansı bir xarici təyyarə üçün son dərəcə təhlükəli bir düşmən halına gətirir. Lakin D. Məcumdar görə, son cümlə "Lockheed Martin" istehsalı olan F-22 "Raptor" qırıcılarına aid deyil. Müəllif bunun səbəbi göstərməkdən yayınıb.

"The National Interest" xatırladır ki, bu ilin əvvəllərində ilk Su-35S qırıcısı Çin Xalq Azadlıq Ordusunun hərbi hava qüvvələrinə verilib. Nəticədə, ÇXAO-nun hərbi hava qüvvələri Rusiya Aerokosmik qüvvələrindən sonra yeni rus döyüş təyyarələrinin istismar edən ikinci ordu oldu.

Su-35S-i yaradan və istehsal edən şirkət İndoneziya ilə də müqavilə bağlayıb. Bu sənədə əsasən, Asiya dövləti ümumi dəyəri 1.4 milyard ABŞ dolları olan 11 yeni qırıcı alacaq. Bu sifarişin ilk maşınları 2018-ci ilin oktyabr ayında alıcıya veriləcək. Hər biri 35-40 milyon dəyərində olan 11 qırıcının toplam qiymətinin 3 dəfə artıq göstərilməsi "uyğun qiymət" kateqoriyası üçün müəyyən suallar doğurur.

Digər potensial müştərilər istehsal templərinin aşağı olması səbəbindən hələ bir az gözləməli olacaqlar. Bu baxımdan, Su-35S daha yüksək satış göstəricilərinə malik olan yaşlı və daha az inkişaf etmiş Su-30MK və Su-30SM təyyarələrinin ticarət uğurunu təkrarlaya bilmir.

"The National Interest"in müəllifi ən yaxşı rus qırıcısının ticarət potensialını azalda bilən amilləri aşkar edib. Onun fikrincə, əsas müqavilələrin olmaması Suriyadakı əməliyyatlarda Su-35S-lərin tətbiq edilməməsi ilə bağlı ola bilər. Suriya müharibəsində bu təyyarə potensialını tam göstərə bilmədi, bəlkə də əməliyyat şəraiti buna imkan vermədi.

Müəllif Rusiyanın Su-35S qırıcılarının dəfələrlə Suriyada özlərini ən yaxşı şəkildə göstərdiyini vurğulayır, lakin Suriyada müxalifətin və ya İŞİD-in istifadəsində aviasiya yox idisə, bu göstəricilərin necə əldə olunduğu şəxsən məndə maraq doğurur. Bir qırıcının heç vaxt havada rəqibi olmayıbsa, onun yüksək döyüş imkanları barədə danışmaq çox erkəndir. Rusiya silahlı qüvvələri tərəfindən dəstəklənən Suriyanın hava məkanında kifayət qədər aktiv fəaliyyət göstərən qırıcıların bu və ya digər qırıcılar tərəfindən məhdudlaşdırıldığı haqqında faktlar ictimaiyyətə məlum deyil. Lakin belə bir qarşıdurmaların baş verməsi üçün kifayət qədər səbəblər mövcud olub.

Rusiya tərəfi adətən bu vəziyyətlərdə lazım olduğundan da artıq sülhsevər davranış nümayiş etdirib. Qısası, Rusiyanın Hmeymimdə yerləşən hərbi bazası heç vaxt Suriyanın hava məkanında heç bir xarici təyyarə ilə mübarizə aparmayıb. İstənilən xarici ölkənin aviasiyası Suriyaya raket və ya bomba zərbələri endirə bilib. Rusiyanın Suriya əməliyyatında iştirak edən Su-30SM qırıcı-bombardmançısı və Su-34 cəbhə bombardmançısı HHM və REM vasitələrinin tam istisna edildiyi bir şəraitdə yer hədəflərinə qarşı mübarizə mövzusunda öz imkanlarını nümayiş etdiriblər. Lakin yeni Su-35S qırıcıları real rəqib olmadığından və ya onu görmək istəmədiyindən hava məkanında öz imkanlarını göstərə bilməyib.

Kreml isə açıq şəkildə Suriya əməliyyatlarının Rusiya müdafiə sənayesi üçün son dərəcə əhəmiyyətli olduğunu ifadə edir. Beləliklə, iyunun 7-də Rusiya prezidenti Vladimir Putin ordu və sənayenin Suriyadakı qarşılıqlı fəaliyyətinin bəzi xüsusiyyətləri barədə danışdı.

Rusiya ordusu bütün əsas növ müasir silahlardan istifadə etməyə başladıqda müdafiə sənayesi mütəxəssislərindən ibarət qruplar Suriyaya göndərildi. Onlar perspektivli məhsulların istismarını müşahidə edir və ortaya çıxan nasazlıqları aradan qaldırırdılar. Bunun sayəsində, bəzi tətbiq edilən yeni məhsulların real bir münaqişə şəraitində imkanlarını təyin etmək mümkün oldu. Dolayısı ilə sanksiyalardan əziyyət çəkən Rusiya Suriya müharibəsindən öz müdafiə sənayesi məhsullarının reklamı məqsədilə maksimum istifadə etməyə çalışdı.

Məcumdar, Suriyada bir çox müasir rus silahlarının, həm seriya istehsalı, həm də perspektiv modellərinin artıq sınaqdan keçdiyini xatırladır. Həqiqi döyüş şəraitində yeni məhsulların sınaqdan keçirilməsi, ilk növbədə sənayenin gələcəkdə inkişafına, modernləşməsinə imkan verəcək real parametr və göstəricilər barədə dəyərli məlumatların toplanmasına şərait yaradır. Eyni zamanda potensial alıcılar üçün yeni avadanlıq və silah növləri döyüşlərdə nümayiş olunur.

Su-35S qırıcısı istisna olmaqla, demək olar ki, bütün yeni silah və texnika nümunələri döyüşlərdə tətbiq edildi. Suriyadakı Rusiya Aerokosmik qüvvələri bu təyyarələrin yalnız istismarında təcrübə toplaya bildi. Bu isə reklam təbiətinə uyğun olan və aşkar hissedilən effekti hələ də nümayiş etdirmir. Göründüyü kimi yalnız istismar təcrübəsi təyyarələrin beynəlxalq bazarda inkişafına kömək etmədi və real alıcıları o qədər də maraqlandırmadı. Buna baxmayaraq, Su-35S təyyarəsi rus ordusundakı ən ciddi və effektiv çoxməqsədli qırıcı adını qoruyur. Onun çox yüksək göstəricilərlə bərabər, olduqca məqbul qiymətə malik olduğu bildirilir. Qırıcı yüksək uçuş göstəricisi ilə yanaşı kifayət qədər ciddi döyüş yükünü də daşıyır. Texniki xüsusiyyətlər və müasir radio elektron avadanlıqlar Su-35S qırıcılarını xarici təyyarələr üçün son dərəcə təhlükəli bir düşmən halına gətirir. Lakin, Məcumdara görə, ABŞ qırıcısı F-22 "Raptor" bu siyahıya daxil deyil. Bunun səbəbini açıqlamayan müəllifə Rusiya təyyarəsinin 15 il sonra istehsal edilsə də 4+ sinfinə aid olduğunu, onu ABŞ-ın 5-ci nəsil təyyarələri ilə müqayisə etməyin əslində məqsəduyğun olmadığını xatırlatmaq yerinə düşür. Təbii ki, 5-ci nəsil daha yüksək texnoloji imkanlara malikdir. F-22 qırıcılarında stels texnologiya ilə paralel olaraq "birinci görürəm-birinci məhv edirəm" prinsipinə əsaslanan silah sisteminin tətbiq edilməsi nəinki Rusiya, hətta digər ölkə qırıcılarına da ona yaxınlaşmağa və "ölü zona"dan atəş açmağa imkan vermir. Sinif olaraq Su-35S qırıcıları F-16, "Eurofighter Typhoon" və ya "Dassault Rafale" ilə bəzi texniki göstəricilərdə rəqabət apara bilsə də, elektron avadanlıqlarda bunu deyə bilməyəcəyik.

"The National Interest" müəllifinin məqaləsi maraqlı bir sonluqla başa çatır. Müəllifə görə, Su-35S döyüşçülərinin xarici ölkələrə kütləvi satışları yalnız zaman məsələsidir. Bu tip qırıcıları əsasən Qərb ölkələrinin istehsalı olan döyüş vasitələrini ala bilməyən ölkələrin əldə edəcəyi mümkündür.

*****

Müəllif Su-35S qırıcılarının seriya istehsalının 2009-cu ildə başladığını bildirir. İlk müqavilə 2015-ci ilə qədər 48 ədəd qırıcının istehsalını nəzərdə tuturdu. Əslində istehsal sahəsinin ildə ortalama 8 ədəd qırıcı istehsal etməsi Rusiyanın öz tələbatını yaxın 25 ildə belə ödəyə biləcəyinə şübhə yaradır.

Sonra 2020-ci ilə qədər 50 ədəd qırıcı üçün yeni müqavilə bağlandı. İlk müqavilə tam və vaxtında həyata keçirildi. İkinci müqavilə üzrə isə qırıcıların təxminən yarısı çatdırdılıb. 2016-cı ilin fevralında 3 ədəd Su-35S hücum təyyarələrinin qırıcı mühafizəsini təmin etmək məqsədilə Suriyaya göndərildi.

Su-35S-in çatdırılması üçün ilk ixrac müqaviləsi 2015-ci ilin noyabr ayında imzalanıb. Uzun müzakirələrdən sonra, ÇXAO-nun Hərbi Hava Qüvvələri ümumi dəyəri təxminən 2.5 milyard dollar olan, bu tipdə 24 qırıcı təyyarə sifariş verib. Hazırda sifarişin böyük hissəsi başa çatdırılıb və Çin ordusunda təxminən 20-yə yaxın qırıcı xidmət göstərir. Tezliklə müştəri qalanları da əldə edəcək.

Bu müqavilə mənim üçün anlaşılmayan və ya sual doğuran bir neçə nyans yaradır. Birincisi, Çin artıq 2017- ci ildə Su-35S qırıcısından daha üstün, F-22 "Raptor" ilə müqayisə edilə biləcək 5-ci nəsil J-20 qırıcısına malik idi. Pekinin daha zəif model nəyinə lazım idi? Kimsə, Pekinin məhz 4+ sinif qırıcılara ehtiyacı olduğunu deyə bilər. O zaman Çin bu yaxınlarda müttəfiqi Pakistana verdiyi, Su-35S-dən zəif olmayan 4+ sinifli JF-17 "Thunder" qırıcılarından istədiyi qədər güzəştli qiymətlərlə əldə edə bilərdi. Digər bir 5-ci nəsil Çin qırıcısı J-31 isə uçuş sınaqlarını tamamlamaqdadır. Bir sözlə, Rusiyanın Su-35S qırıcılarından həm zəif, həm bərabər, həm də üstün uçuş texniki xüsusiyyətlərinə malik olan qırıcı ailəsinin müstəqil istehsalını həyata keçirən Çinin Moskvadan daha baha qiymətə hərbi təyyarə alması kifayət qədər müəmmalı məsələdir. Çinin bu təyyarələrdən nümunə kimi istifadə edə biləcəyini də ehtimal etmək ağıla batmır, çünki bu məqsədlə 24 deyil, ən çoxu 2-3 qırıcı yetərli ola bilərdi. Qırıcıların 3-cü ölkəyə göndərilə biləcəyi də real görünmür.

İkinci ixrac müqaviləsi bu ilin fevralında bağlanıb. İndoneziya təxminən 1.4 milyard dollar ödəyərək, əvəzində 11 qırıcı əldə etmək niyyətindədir. Bir ədəd 4+ qırıcısı üçün standart qiymətdən 3-4 dəfə artıq, yəni 130 milyon dollara yaxın vəsaitin ödənilməsi fantastik göstəricidir.

"The National Interest" yeni müqavilələrin bağlanacağını da istisna etmir. Çünki dünyada bahalı Avropa təyyarələrini ala bilməyən və ya sanksiya altında olduğuna görə Qərbin döyüş vasitələrini əldə edə bilməyən çox sayda ölkələr mövcuddur. Bu kontekstdə Məcumdarın əsas nəticəsinin reallığa uyğun olması ilə bir şərtlə razılaşmaq olar: məqbul qiymətlər çərçivəsində yeni müqavilələrin ortaya çıxması yalnız zaman məsələsidir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-35S   Rusiya   Çin  


Bizi "telegram"da izləyin