Geniş miqyaslı iyul təlimləri: “Qaranlıqdakı aviasiya” Ermənistan MN-i necə silkələdi? – AYLIQ ANALİZ (EKSPERT)
Oxunub: 4127
16:21
31 İyul 2018
Milli ordumuzun komandanlığının, onun Baş qərargahının hazırladığı və ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, formaları, birlik və birləşmələrinin iştirakı ilə geniş miqyaslı təlimləri keçirildi.
Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, Yaylım Atəşli Reaktiv Sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olundu.
Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və Pilotsuz Uçuş Aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin geniş miqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə döyüş tapşırıqları yerinə yetirilib.
Texnika üçün çətin keçilən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində aparılacaq təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı uzlaşması, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra edilib.
Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulurdu. Bu təlimlərin tezliyinin və çeşidinin rəngarəngliyi hərbi-siyasi vəziyyətin sürətlə dəyişməsi ilə də əlaqəlidir. Düşmən danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmağa çalışaraq, konstruktiv yol əvəzinə, işğal olunmuş əraziləri hərbi-mühəndis və hərbi infrastruktur cəhətdən təkmilləşdirmək, müxtəlif zərbə vasitələri əldə etməklə, sabotaj yolunu tutub. 2016-cı ildə operativ-taktiki zərbə vasitəsi olan “İsgəndər-E” raketləri əldə edən düşmən, danışıqlar prosesini sürətləndirməyi tələb edən Azərbaycanı onun şəhərlərində kütləvi qırğınla, onun mühüm dövlət infrastrukturlarını məhv etməklə hədələyir.
Ermənistanın Qarabağda qanunsuz yerləşdirdiyi ekspedisiya korpusunun “rəhbərliyi” birbaşa tabeçiliyində olduğu Ermənistan ordusunun və ölkə rəhbərliyinin göstərişi ilə ölkəmizi vaxtaşırı hədələməsi, guya istədikləri vaxt Azərbaycanda işğal etdikləri torpaqları genişləndirmək imkanı olduqlarını bəyan etdikləri halda bu təlimlər ordumuzun planlı döyüş qabiliyyətini artırmaq tədbirlərindən başqa, düşmən təhdidlərinin xarakterinə uyğun olaraq, preventiv müdafiə xarakteri daşıyır.
Belə ki, 2017-ci ilin iyul ayında kütləvi informasiya vasitələrinə müsahibə verən general-leytenant Levon Mnatsakanyan Azərbaycanı Rusiyadan aldıqları “İsgəndər-E” raketləri ilə təhdid etdi. Əlbətdə, bu mühasibədə İrəvan politexnik institunun hərbi kafedrası məzunluğundan general-leytenant rütbəsinə qalxmış bu şəxs, özünün tam savadsız olduğunu büruzə verdi. “Sussan, axmaq olduğunu heç kim bilməz" prinsipinə riayət etməyən general, mütəxəssislərə onu məsxərəyə qoymaq imkanı verən bəyənatlar verdi.
Gülünc fakt olsa da, düşmənin qeyri-adekvat olması daha təşviş doğuran faktdır. Çünki belə qeyri-adekvatların müharibə qızışdırmaq şansları savadlı və məntiqli komandirlərdən qat-qat çoxdur. Düşmən generalı belə bir bəyənat verdi ki, bizim silahlanmada olan “İsgəndər-E” raketlərini vurmaq imkanları, nəinki Azərbaycanın, hətta dünyanın aparıcı HHM sistemləri istehsalçıları olan ölkələrin imkanlarında yoxdur. Bu sözlə ABŞ-a işarə vuran “mühəndis-general" davam edərək deyir ki, hətta ABŞ istehsalı olan THAAD raketdən müdafiə sistemləri “İsgəndər”i vurmaq imkanına malik deyil. Çünki bizim bu zərbə vasitəmizin trayektoriyasının əsas hissəsi 100 km hündürlükdən keçir və hədəfin üzərinə 90° bucaq altında həmlə edir.
Əvvəla, artıq uzun zamandır ki, açıq mətbuatda “İsgəndər" raketlərinin taktiki-texniki xüsusiyyətləri haqqında geniş məlumatlar var. Bunu nəinki general, hətta həvəskar məktəb şagirdi də bilir ki, bu raket klassik mənada ballistik raket deyil. O, kvaziballistik trayektoriyada bütün hərəkəti boyu idarə olunaraq, idarəedici radiosiqnallar üçün ekstremal yayılma şəraitinə malik ionosferanın mezosfera təbəqəsini nəinki tərk edir, hətta ona yaxınlaşmır. İdarəetmə siqnallarının udulmasından əlavə, bu atmosfer təbəqəsində havanın sıxlığı o səviyyədədir ki, bütün hərəkəti boyu idarəedilən raketin idarəetmə müstəvilərinin effektivliyini sıfıra bərabər edir. Göstərilən səbəblərdən, dünyada istehsal olunan bu tipli raketlərin demək olar ki hamısının maksimal uçuş hündürlüyü 45-50 km arasında olur. Həmin hündürlükdə atmosferin aşağı seyrəkliyinə rəğmən, havanın müqaviməti çox aşağı olduğundan, raketin yanacaq sərfiyyatına görə daha optimaldır. Əgər, bu raketin uçuş hündürlüyü aşağı olarsa, onun çəki-qabarit ölçüləri tam fərqli olacaqdı. Birpilləli bərkyanacaqlı mühərrik işləyib qurtarana qədər 2100 m/san sürət həddinə qədər qovulan raketin uçuş trayektoriyasının son 1/3 hissəsində sürəti 800 m/saniyəyə qədər aşağı düşür. Bu da ona təxminən hədəflə görüşmədən bir neçə saniyə əvvəl, yəni hədəfə təxminən 20-25 km qalmış 30-40 sərbəstdüşmə əmsalı təcilinə bərabər təcillə manevr imkanı verir. Mühərriki artıq çoxdan sönmüş raketin daha uzaqdan, horizontal hərəkət müstəvisində müdhiş enerji sərfiyyatı tələb edən bu xarakterli manevri mümkün deyil. Yalnız raket hədəfə hücum enişinə başlayanda, onun potensial enerjisini də istifadə etməklə belə manevrlərə nəzəri olaraq imkan yaranır.
Bu manevr şüurlu və planlaşdırılmış yox, həyəcanlanmış idarəetmə siqnallarının elektromexaniki idarəetmə dövrəsindəki sabitləşmə zaman fluktasiyasından, raketin aerodinamik idarəetmə müstəvilərinin tuşlama zamanı əmələ gələn ətalətindən irəli gəlir. Bunu TƏİR atışı ilə yaxından tanışlığı olan hər bir kəs təsəvvür edə bilər. Raketi nişançının optik tuşlayıcının mərkəzinə gətirənə qədər, o, bir neçə saniyə ərzində tuşlama xətti ətrafında təxminən 1360 metrə qədər radiuslu vətərlərlə (yarımdairələrlə) sinusoidal trayektoriya cızıraq sabitləşir. İdarəetmənin yekun tuşlamasında yaranan həmin parazit təzahür bəzi ölkələrdə konstruktorların dahiliyi kimi qələmə verilir və sistemə xüsusi daxil edilmiş “paket əleyhinə manevr” alqoritmi kimi göstərilir. Amma başqa istehsalçı ölkələrdə xəcalətlə susurlar. Bunu məhsulun çatışmayan xüsusiyyətlərini marketinq üstünlüyü kimi qabartmaq cəhdi də adlandırmaq olar. İnsaf naminə, kvaziballistik trayektoriyada hərəkət edən raketlərin bu tuşlama qüsuru imkan verir ki, tutma məsafəsi 20-25 km dən az və radarının aşkarlama yer bucağı 45-60° dərəcədən az olan anti-raket tutucu sistemləri ilə onları məhv etmək çox çətindir.
Lakin trayektoriyasının demək olar ki, bütün hissələrində 2800 m/san sürət həddini saxlayan THAAD anti-raketinin hədəfi 200 km hündürlükdə və 300 km uzaqlıqda vurmaq imkanı var. Deməli, bu sistemin, İsgəndər tipli kvaziballisrik trayektoriya ilə uçan raketləri, onlar “raket əleyhinə manevrlər" başlaması hüduduna qədər məhv etmək imkanları var. Həmin imkanlara nəinki THAAD sistemi, həmçinin HHM sistemləri ierarxiyasında daha aşağı pillədə duran ifrat yüksək manevrli raketlərə malik “Patriot” sisteminin PAC-3 MSE modifikasiyası, “Barak-8”, 9M96 raketləri ilə silahlanmış S-400 və “Vityaz” zenit -raket kompleksləri də malikdir. Məhz bu məqsədlə Polşa, bu ilin yazında ABŞ hökuməti ilə “Patriot” PAC-3 MSE sisteminin idxalı barəsində müqavilə bağlayıb. Lakin bu tipli raketlər ABŞ sənayesi tərəfindən tezliklə istehsal olunmayacağından, həmin ZRK müvəqqəti olaraq İsrailin “Barak-8” raketləri ilə təhciz olunacaq. Sistemlərarası unifikasiya buna imkan verir.
Əlbəttə, düşmən generalının texniki və operativ savadını artırmaq mənim planlarıma və vəzifələrimə daxil deyil. Lakin bu savada və dərrakəyə malik düşmən komandirinin hansı ibtidai təhlükə mənbəyinin olmasını cəbhə xəttinin hər iki tərəfində olan oxucumuza əyani izah etməyi sülh və təhlükəsizlik naminə zəruri bilirəm.
Bu məsələnin texniki tərəfinin yalnız bir hissəsidir. Silah sistemlərinin funksiyalarını çox da yaxşı anlamayan geniş oxucu kütləsinin xəbəri yoxdur ki, “İsgəndər” tipli raket batareyaları, hətta briqadaları, çox mürəkkəb atəş-zərbə sisteminin bir komponentidir. Ora xüsusi kəşfiyyat-yönəldici təyyarələr, peyk sistemi, rayonu daim nəzarətdə saxlayan çoxfunksiyalı ağır PUA-lar, avtomatik idarəetmə sistemi də daxildir. Bu komponentlərin demək olar ki, heç birinin düşməndə olmaması, onun “İsgəndər-E” raket ehtiyatlarını yalnız dinc əhaliyə və iqtisadiyyata qarşı istifadə edilə bilən silah kateqoriyasına çevirir. Çünki yüksək manevr edərək asanlıqla cəmləşib-seyrələ bilən ordumuza bu silahın zərbə imkanları sıfıra bərabər ola bilər. Kor yırtıcı başqa yırtıcıya yox, yalnız insana hücum etdiyi kimi, kəşfiyyat komponentlərindən məhrum olan bu yarımçıq sistemlə yalnız stasionar hədəflərə zərbə endirmək mümkündür. Lakin ölkəmizdə əhalinin və iqtisadiyyatın cəmləşdiyi rayonları etibarlı müdafiə edən raket əleyhinə sistemlər qurulduğundan, onun əlində olan silahın bu hədələyici, psixoloji gücü də sıfıra yaxındır.
Qalır, ordumuzun stasionar infrastruktur obyektləri, onun rokad və radial cəbhə kommunikasiyaları, nəqliyyat qovşaqları, körpülər, iri hərbi birləşmə kolonları, batareya əleyhinə artilleriyanın döyüş mövqeləri, tank əleyhinə raket-artilleriya birləşmələrinin döyüş mövqeləri və cəmləşmə rayonları, HHM sistemlərinin döyüş mövqeləri, hərbi aerodromlar, yüksək gərginlikli elektrik xətləri.
Ordumuzun iyul təlimlərinin xarakteri göstərdi ki, o işğalçının təhdidlərindən doğan, onun yeni silah növlərinin texniki taktiki xüsusiyyətlərindən yaranmış təhlükələri analiz edərək, ona qarşı effektiv mübarizənin formalarını proqnozlaşdırıb və planlı şəkildə dəf etmək üçün zəruri təlimlər həyata keçirilib.
Təlimlərin məqsədi düşmənin onsuz da çox məhdud zərbə imkanlarını daha da mədudlaşdırmaqdır ki, bu zərbənin də boşa çıxmasını təmin etmək üçün tədbirlər proqramının müxtəlif taktiki epizodları icra olunaraq mənimsənilib. Gecə atışları, radioelektron maneələrdən müdafiə, onların bizim tərəfimizdən tətbiqi, düşmənin cəbhə xəttinin operativ dərinliyində dayanıqlı və sistematik texniki kəşfiyyat, əks-batareya atışları düşmənin zərbə vasitələrinin zərbə mövqelərinə çıxmasının, ehtiyat qüvvələrinin cəbhəyə gətirilməsinin qarşısının alınmasını daha təminatlı edir. Bu məqsədlə ordumuzun yeni əldə etdiyi, atəş qüdrəti və məsafəsi “İsgəndər-E” raketlərindən heç də aşağı olmayan LORA operativ taktiki raketləri, çoxfunksiyalı “Lynx” raket sistemi və “Polonez” çoxfunksiyalı raket sistemi də daxil olmaqla, kompleks şəkildə bütün döyüş komponentlərinə malik atəş-zərbə sistemləri sınaqdan çıxarılıb. Bu sistemlərin kəşfiyyat və hədəfi göstərmə komponentləri böyük PUA-lardan və peyk sistemlərindən təşkil olunur. Sistem açıq arxitekturlu olduğundan, gələcəkdə təyyarə komponentini də ora asanlıqla kommutasiya etmək mümkün olacaq. Ölkə rəhbərimiz İlham Əliyevin dünyanın aparıcı təyyarə atəş-kəşfiyyat-idarəetmə sistemləri istehsal edən şirkətlərinin rəhbərləri ilə görüşü bu sahədə daha mühüm yeniliklərin olacağını fərz etməyə imkan verir. Belə ki, təyyarə, PUA, peyk, məxfi informasiya idarəetmə-kommutasiya avadanlığı, zərbə-raket vasitələrinə malik bu komplekslər, sutkanın bütün dövrü ərzində, mümkün olan müxtəlif meteroloji şəraitdə və ani olaraq 300 km məsafədən hər bir hədəfə atəş aça bilir. Bu da düşmən raketlərinin buraxılış qurğularını, düşmən cəbhəsinin 200-250 kilometr dərinliyində olan mühüm hərbi obyektlərə zərbə imkanı verir.
Təlim zamanı, əgər düşmənin zərbə vasitələri atəş mövqelərinə çıxa bilərsə, ordumuzun cəmləşmə və seyrəlmə taktiki əməliyyatlarının yerinə yetirilmə sürətini artırmaq, onun kolonlarda sürətli və mütəşəkkil hərəkətini məşq etmək, yolların və nəqliyyat qovşaqlarının dağıdıldığı halda, birləşmələrin yolsuzluq şəraitini dəf edərək saf qalmış yollara çıxmasını təmin etmək kimi taktiki epizodları icra edilib. Həmin taktiki təlim epizodlarını həyata keçirərkən, düşmənin nəinki məsafədən atəş və yaxud elektron əks-təsir vasitələri ilə ordunun idarəolunmasının mütəşəkkilliyini pozmaq cəhdlərinin qarşısını almaq vasitələri məşq edilib. Bundan əlavə, düşmənin kiçik diversiya qruplarının cəmləşmə və manevr rayonlarına atıla bilməsi imkanı nəzərdən qaçılmayaraq, onunla da effektiv mübarizə metodları şəxsi heyət və birləşmələrlə məşq edilib. Bu isə düşmənin operativ-taktiki raket hücumu təsiri altında ordumuzun idarəetməsinin dayanaqlığını və manevr qabiliyyətini qoruyub saxlamağı təmin edəcək.
Göründüyü kimi, ordunun təlimləri tək onun hücum qabiliyyətini artırmağa yönəlməyib. Bu təlimlər daha çox düşmənin qəfil zərbə ilə ordu idarəetməmizin dezinteqrasiyasiyasına cəhdinin qarşısına etibarlı sipər çəkməkdən ötrü, sonradan isə qruplaşaraq, güclü əks-həmlə təşkil etmək imkanlarının artırılmasına yönəlib. Bu o deməkdir ki, ordu rəhbərliyimiz düşmənin geniş miqyaslı qəfil hərbi provokasiyasının mümkünlüyünü çox real qəbul edir. Düşmən düşərgəsindən verilən hiyləgər bəyənatlar həmin düşüncələrə əsas verir.
Belə ki, həmin “mühəndis-general” Mnatsakanyan ötən həftə bəyənatında qeyd edirdi ki, yaxın günlərdə Azərbaycan ordusu tərəfindən müharibə hazırlığı gözləmirlər. Lakin, payızın əvvəllərində Azərbaycanın müharibəyə başlayacağı onun tədarüklərindən aşkar görünür. Bu bəyənatı “quş dilindən” “insan dilinə” çevirəndə, o deməkdir ki, payız müharibəsi Azərbaycan üçün tam əlverişsiz olsa da, Ermənistan rəhbərliyi üçün çox lazımlı bir tapıntı olardı. Payızda keçiriləcək parlament seçkilərində Paşinyan hökumətinin müqəddəratı həll olunacaq. Müharibə, bu seçkiləri keçirmədən parlamenti buraxmağa, seçkiləri təxirə salmağa və ya heç olmasa, əhalinin vahiməsini bu seçki kompaniyasında sui-istifadə etmək olardı. Bu ölkənin siyasi isteblişmentinin hər bir siyasi güc mərkəzinin bu müharibədə həyati marağı ola bilər. Lakin artıq oktyabrda dağlara qar yağmağa başladığından, Azərbaycan ordusu üçün belə bir hərbi kompaniya tam mənasızdır.
Başqa bir buna oxşar bəyanatı bir neçə gün bundan əvvəl, yeni təyin olunan müdafiə naziri David Tonoyan verib. Tonoyan Naxçıvanın şimal-qərb ərazisindən işğalçı erməni hərbi birləşmələrinin may-iyun aylarında qovulub çıxarılmasından, Azərbaycan xalqının dövlətinin “ya danışıqlar, ya müharibə!” ritorikasından hiddətlənərək, öz tabeliyində olan Mnatsakanyanın sözlərini təkrar edərək, ölkəmizi ağır məğlubiyyətlə hədələyib. Yəni, “işğal etdiyimiz torpaqlarınızı azad etmək haqqında düşünməyin və yazmayın. Yoxsa bizim çox incə qəlbimizə dəyər. Ondan sonra özümüzə hesabat verməyəcəyik. Qəzəbimizin nəticələri çox ağır olacaq. Sizi bizim əlimizdən heç BMT, Avropa Şurası və Rusiya da ala bilməyəcək”. Başa düşdük, “fövqəladə” nazir. Camımıza ağlımızı itirəcək dərəcədə vəlvələ düşdü. BMT-nin və Avropa Şurasının bizə himayədarlıq edərək, sizə minnətçi düşəcəyini də anlamağa çalışırıq. Amma, zatən onun himayədarlığı hesabına sizin öz dövlətinizi qoruyub saxladığınız Rusiyanın sizə minnətçi düşüb bizi xilas etmək cəhdini anlamağa çətinlik çəkirik. Biz, sadəlövh insanlar, elə bilirdik ki, hər şey əksinədir. Gözümüzü açdığınıza görə sizə təşəkkür edirik.
Bu faktlar göstərir ki, yeni generasiya erməni siyasətçiləri və hərbiçiləri reallıqdan və şəraitin adekvat dərkindən uzaqlaşaraq, buludlar arasında uçurlar. Onlardan doğrudan da gözlənilməz hərbi provokasiya ilə günü-gündən daha miqyaslı pozulan qüvvələr balansını bərabərləşdirmək cəhdini hər an gözləmək olar. Bu nöqteyi-nəzərdən iyulda keçirilən hərbi təlimlərimizi alqışlayır, onların intensivliyinin, mürəkkəbliyinin, müxtəlifliyinin daha da artırılmasını arzu edirik. XVlll əsrin böyük sərkərdələrindən biri olan Suvorov deyirdi ki, təlim nə qədər çətin və tər tökən olarsa, döyüş də o qədər asan və az qan tökülən olar.
Hərbi eskpert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur Ordu.az