Düşmən iyulda atəşkəsi 2883 dəfə pozub

2018/07/412234867atəşkəs_15094325104564_1512019858_1519795125_1522477109_1525067445_1527710594_1530336295_1532944646.jpg
Oxunub: 2822     13:51     31 İyul 2018    
İyul ayında Ermənistan silahlı bölmələri 2883 atəşkəs rejimini dəfə pozub.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan (2 mərmi) və snayper tüfənglərindən istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

İyulun 1-də səhər saatlarında Naxçıvan istiqamətində təxribat törətməyə cəhd edən Ermənistan ordusunun 1974-cü il təvəllüdlü, müqaviləli hərbi qulluqçusu Vahaqn Samveli Bağdasayan yaralanıb.

İyul ayının ortalarına yaxın dövlət sərhəd xəttində daha bir təxribat cəhdi qeydə alınıb. Belə ki, iyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

İki gün sonra, iyulun 17-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çıraqlı kəndi atəşə tutulub. Hadisə təxminən saat 12:20 radələrində qeydə alınıb. Düşmən öncə kənd ərazisində işləyən Ağdam subartezian quyularının istismarı idarəsinin texnikasını və əməkdaşlarını atəşə tutub.

Daha sonra kənd avtomat və pulemyotlardan açılan düşmən atəşinə məruz qalıb. Nəticədə itki olmasa da, kəndi ehtiyat su ilə təmin edən su çəni bir neçə yerdən deşilib.

Mülki obyektlərə və əhaliyə atəş açmaqdan çəkinməyən düşmənin ayın sonlarına doğru növbəti dəfə təxribata cəhd edib.

Ayın 21-də, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü, Alışov Səməd Anar oğlu şəhid olub. Şəhidimiz doğulduğu Qəbələ rayonunun Ziring kənd qəbristanlığında torpağa tapşırılıb.

Atəşkəsi növbəti dəfə pozmaqdan çəkinməyən düşmən, iyulun 26-da yenidən təxribata cəhd etdi. Nəticədə, saat 20:45 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər, 1998-ci il təvəllüdlü Davit Artur Miloyan ağır yaralandı.

Ümumən bütün ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İyul   Atəşkəs   Təxribat  


Bizi "telegram"da izləyin