Bu sözləri
Ordu.az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Bağırov bildirib.
Ehtiyatda olan kapitan Elşən Bağırov qeyd edib ki, Allahverdi Bağırovla bağlı səsləndirilən, həqiqəti əks etdirməyən ifadələr onun şəxsiyyətinə ləkə yaxmaqdır.
"Xocalı faciəsi baş verəndən sonra atamın bütün işi-gücü cəbhədə daha da güclü döyüşmək idi. Atamın döyüş əməliyyatları göz qabağındadır. Düşmənə heç zaman güzəştə getməyib. Mən atamın rabitəcisi olmuşam. Onun bütün əməliyyatlarının şahidi idim. Məgər o cür şəxsiyyətə belə ləkə yaraşarmı?! Hansı jurnalist erməni ilə qardaşlıq etmək istəyir buyurub etsin. Hətta qohum da olsun. Amma ailə olaraq düşmənə birmənalı baxırıq. Son damla qanıma qədər də bir zabit kimi vuruşmağa hazıram", - deyə o vurğulayıb.
E.Bağırov həmçinin düşmənin yaydığı görüntülərə də münasibət bildirib: "Mən peşəkar zabitəm və düşmənin kim olduğunu yaxşı bilirəm. Onlar bizimlə informasiya müharibəsi xatirinə nəinki başdaşı, hətta heykəl də quraşdırıb qıra bilərlər. Biz Bağırovlar ailəsi birmənalı şəkildə xalqı ermənilərin iyrənc təxribatına uymamağa çağırırıq. Hamı bilsin ki, mənim atamın erməni dostu olmayıb".
Elgün Gəncimsoy
Ordu.az