Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri – AYLIQ HESABAT

2018/06/34534535_1525071799_1530338020.jpg
Oxunub: 2162     14:12     30 İyun 2018    
Ordu.az 2018-ci ilin iyunun 1-dən 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

İyun ayının nəticələrinə görə, Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribat, 1-i güllələnmə, 1-i xəstəlik, 1-i isə naməlum səbəblərdən baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, əsasən təxribata cəhd, qəza və döyülmə nəticəsində 18 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, ən azı 11 korrupsiya (ay ərzində açıqlanan korrupsiya faktları 2018-ci ilin yanvar-iyun aylarını əhatə edir), 6 fərarilik, 1 oğurluq faktı da aşklarlanıb.

Bununla yanaşı, cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən məhv edilib.

2 iyun

İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən əsgərlər tibb məntəqəsində dava salıblar.

Ağdərə hospitalı rəisinin verdiyi məlumata görə sanitar maşının sürücüləri Armen Şahverdyan və Armen Qnunyan əlbir olaraq aşpaz Marat Gazaryan və Qaqik Xaruntsunu yaxşıca əzişdiriblər.

Hərbi polisdən nümayəndə gəldikdən sonra davaya son qoyulub. Xəsarət alanlara tibbi yardım göstərilib, dava iştirakçılarının və şahidlərin izahatları alınıb.

3 iyun

Axşam saat 18.30-radələrində ön xətt bölmələrindən birində erməni əsgərin meyiti aşkar edilib.

Hədisənin gizlədilməsinə və rəsmi açıqlama verilməsinə baxmayaraq, əsgərin ölüsünün aparıldığı xəstəxanadan adının çıkilməsini istəməyən əməkdaş bildirib ki, əsgərin cəsədi axşam saatlarında təcili yardım maşını ilə daxil olub və tibbi ekspertizadan keçirilib. Onun odlu silahla atəşdən öldüyü məlum olub.

Naməlum şəkildə ölən və cəsədi səngərdə aşkar edilən hərbi qulluqçunun, 5-ci dağ atıcı alayın əsgəri Vrej Malyamik olduğu məlumdur.

*****

Saat 16:30 radələrində Şirak vilayətinin sakini, 36 yaşlı Arbak Navoyan idarə etdiyi "Opel" markalı avtomobillə Vanadzor-Gümru avtomobil yolunda yolun hərəkət hissəsindən çıxaraq, bir neçə dövrə vurduqdan sonra çevrilmiş halda sahəyə düşüb.

Məlumata görə, qəza nəticəsində biri uşaq olmaqla, üç nəfər bədən xəsarətləri ilə xəstəxanalara təxliyyə edilib. Qəza baş verən yolda beton maneələrin olmaması səbəbindən tez-tez avtomobil qəzası baş verdiyi qeyd olunur.

Qəza törədən avtomobil sürücüsünün Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət etdiyi bildirilir.

4 iyun

İşğal altında olan Dağlıq Qarabağın yaşayış məntəqələrindən birində yerləşdirilən Ermənistan ordusunun əsgəri döyüş postunu ataraq qaçıb. Ön xətt bölmələrindən birində növbə çəkərkən xidmət yerini özbaşına tərk edən əsgər əslən Ermənistanın Ararat vilayətindəndir.

Məlumatda deyilir ki, bir gün sonra tutulub hərbi hissəyə gətirilən əsgərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə komandanlıq hərbi polisə məktub göndərib. Postu atıb qaçan əsgər Qriqor Chitchyan izahatında buna səbəb olaraq, Qarabağdan olan ermənilər tərəfindən incidilməsi və alçaldılmasını göstərib.

7 iyun

Saat 23.30 radələrində Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə yerləşdirilən 5-ci dağatıcı alayının əsgəri Gevorq Andranik Xaçaturyan döyüş postunda müəmmalı şəkildə ağır güllə yarası alıb.

Təcili yardım maşını ilə Madagizdə yeləşən hospitala aparılan əsgərin vəziyyəti barədə məlumat verilmir. Hadisə ictimaiyyətdən gizlədilsə də faktla bağlı araşdırma aparılır.

*****

Saat 16:00 radələrində Kotayk vilayətinin Qarni kəndində hərbçilərin iştirakı avtomobil qəzası baş verib. Qarni kənd sakini 22 yaşlı Telman Yeziazaryanın idarə etdiyi "Golf" markalı avtomobil və Koxt kənd sakini 32 yaşlı Patvakan Hovasapyanın idarə etdiyi ВАЗ 2107 markalı avtomobilləri toqquşub.

Məlumata görə, sürücülərdən Yeziazaryan və ВАЗ 2107 markalı avtomobilin sərnişinləri Koxt kənd sakini 31 yaşlı Vercanuş Arakelyan bədən xəsarətləri ilə Qarni ambulator tibb mərkəzinə, oradan İrəvandakı tibb mərkəzlərindən birinə təxliyyə ediliblər.

Sürücülərdən biri Telman Yeziazaryan polisin daxili qoşunlarında, Patvakan Hovasapyan isə Ermənistan müdafiə nazirliyinin İrəvan şəhərindəki hərbi polis bölməsində xidmət edir.

1-7 iyun

Son bir həftə ərzində Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə yerləşdirilən bölmələrindən 5 hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib.

Məlumatda bildirilir ki, Henrik Haloyan adlı hərbçi xidmət yerini özbaşına tərk etməsinə baxmayaraq, onun yaxın qohumu olan Kolya adlı şəxsin vasitəçiliyi ilə hərbi polisin müstəntiqi cəzanı yüngülləşdirmək məqsədilə rüşvət alaraq cinayət işinin maddəsini dəyişib.

Digər bir hadisə 5-ci atıcı alayda baş verib. Qriqoryan familiyalı əsgər xidmətdən yayınmaq məqsədilə hərbi hissədən qaçıb. Bir gün sonra yaxalanan hərbçi hərbi polis tərəfindən inzibati qaydada 10 sutka həbs edilərək haupvaxta göndərilib.

Hərbi qulluqçu Vahram Tatevosyan isə postu ataraq döyüş mövqeyindən qaçdığına görə təhqiqatçı R.Ayvazyanın hazırladığı sənədlər əsasında hərbi polis tərəfindən həbs olunub. Məsələnin araşdırılması məqsədilə sənədləri hərbi prokurorluğa göndərilib.

Daha bir əsgər, Taron Vartanyan isə xidmət yerini tərk edərək öz evlərinə Ermənistanın Armavir şəhərinə gəlib. Lakin qısa müddətdən sonra yaxalanan əsgər zabit Xaçatryanın göstərişinə əsasən geri qaytarılaraq hərbi polisə təhvil verilib. Xidməti araşdırma aparan V. İsgəndəryan adlı zabitin hazırladığı təhqiqat sənədləri əsasında T.Vartanyan barədə cinayət işi açılıb.

Ermənistanın Şirak vilayətinin Samaxar kəndindən xidmətə çağırılaraq minaatan batareyasında xidmət edən Vağinar Tadevosyan adlı hərbi qulluqçu da xidmət yerini özbaşına tərk etdiyinə görə məsuliyyətə cəlb olunub.

10 iyun

Saat 23:10 radələrində Ermənistanın Armavir-İrəvan yolunun 24 km-də Gürcüstan vətəndaşı 54 yaşlı Zurab Loçoşvilinin idarə etdiyi DAF markalı yük avtomobili ilə yolun hərəkət hissəsində dayanmış 57 yaşlı Xaçik Arakelyanın "Zil" markalı avtomibili toqquşub.

Toqquşma nəticəsində "Zil" yoldan kənara çıxaraq sahəyə düşüb.

Məlumata görə, "Zil" markalı avtomobil Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissəsinə aparılacaq kök tərəvəzi ilə, DAF markalı maşın isə avtomobillərlə yüklü olub.

*****

Ermənistanın Qeğarkunik vilayətindəki restoranlardan birinin yaxınlığındakı yolda dayanmış "Lexus" markalı avtomobildən patronlarla dolu "Makarov" tipli tapança və pul oğurlanıb.

Bu barədə avtomobil sahibi olan şəxs yerli polis və hərbi polis orqanlarına məlumat verib. Məlumata görə, zərərçəkən 43 yaşlı Soğomon Xaçatryan Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində komandir olaraq xidmət edir. Tapançanın ona 2017-ci ildə sabiq müdafiə naziri Vigen Sarklisyan tərəfindən mükafat olaraq təqdim edildiyi məlum olub.

*****

Saat 18:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Vahaqn Conik Eloyan məhv edilib.

Döş qəfəsindən aldığı dəlib keçən odlu silah yarası ilə hərbi hospitala təxliyyə edilərkən ölən Eloyan İrəvan şəhərinin Acapnyak məhəlləsinin sakini olub. O, ailənin tək övladı olub, bir bacısı var.

Eloyan Vazgen Sarkisyan adına hərbi məktəbi bitirdikdən sonra Qarabağda hərbi xidmətə başlayıb və 2016-ci ilin aprel döyüşlərində mövqelərimizə qarşı təxribatçı əməliyyatalrda iştirak edib.

12 iyun

Ermənistan hərbi polisinin məlumatına görə, "N" nömrəli hərbi hissənin "Q.S" adlı müddətli xidmət hərbi qulluqçu, əsgər yoldaşları arasında ögey atası "K.K"nın silahlı qüvvələrdəki nüfuzlu dostu vasitəsilə müalicədən sonra bərpa məqsədilə məzuniyyət təşkil edə biləcəyi barədə saxta məlumatlar yayıb.

3 nəfər hərbi qulluqçu valideynləri vasitəsilə "K.K" adlı şəxsə müvafiq olaraq 10 gün, 18 gün və 1 ay məzuniyyətə buraxılma məqsədilə 35 min, 50 min və 130 min erməni dramı veriblər.

13 iyun

Ermənistan müdafiə nazirliyində 2014-2017-ci illər ərzində satınalma və ordu quruculuğu sahəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət vermə, rüşvət alma, rəsmi sənədləri saxtalaşdırmasına görə Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin texniki istehsalat şöbəsinin keçmiş rəisi Qriqor Barseğyana və Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryana qarşı ittiham irəli sürülüb.

Müdafiə nazirliyinin sabiq və indiki yüksək vəzifəli əməkdaşları, o cümlədən Seyran Ohanyan ifadəsi alınmaq üçün istintaq orqanlarına çağırılıblar. Bu qalmaqallı məsələdə bəzi yeni detallar məlum olub.

Xüsusilə nazirlikdə sui-istifadə hallarının 2017-ci ildə aşkarlanması və hətta Serj Sarkisyanın da adının hallanması məlum olub. Əldə edilən məlumata görə Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryan bu məsələni illər əvvəl şəxsən aşkar edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə halları haqqında yuxarı komandanlığa məruzə edib.

14 iyun

Ermənistanın istintaq komitəsinin hərbi istintaq baş idarəsi tərəfindən Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissə komandirlərinin müavinləri tərəfindən yanacaq mənimsənilməsi faktı üzrə araşdırma aparılır.

Ermənistan mərkəzi hərbi prokurorluğunun dövlət maraqlarının müdafiəsi şöbəsi tərəfindən aparılan araşdırma zamanı məlub olub ki, Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissə komandirinin müavinlərinə təhkim edilmiş 2 xidməti avtomobil üçün 2015-2017-ci illər ərzində realda qət edilməyən hərərkət marşrutları üzrə yol vərəqləri yazılmaqla, əlavə 26.500 km məsafə qət edildiyi adı ilə 3.5 ton yanacaq silinib.

Məlumata görə, xidməti vəzifə borclarının icrası ilə əlaqədar getdikləri yer və gördükləri iş barədə hesabat tələb olunarkən, həmin vəzifəli şəxslər saxtakarlıqlar edərək yalan marşrutlar əlavə ediblər. Nəticədə məlum olub ki, heç bir iş görülməyib.

*****

Ermənistan istintaq komitəsinin hərbi istintaq baş idarəsi tərəfindən müdafiə nazirliyinin əməkdaşının iri həcmdə rüşvət alma faktı aşkar edilib. Toplanmış materiallar əsasında 2 nəfərə qarşı ittiham irəli sürülüb.

İstintaqın əldə etdiyi materiallara əsasən, 1961-ci il təvəllüdlü M.Xalatyan 1999-cu ildən Ermənistan müdafiə nazirliyinin əmlak və xidmətlərinin qəbulu məqsədilə daimi komissiyanın tərkində olmaqla, qəbul edilən əmlak və xidmətlərin alınma müqavilələrində göstərilən tərkibə və tələblərə, keyfiyyət standartlarına uyğunluğunu yoxlamağa borclu olub.

Müdafiə nazirliyi ilə mütəmadi bağlanılan müqavilələr çərçivəsində 2008-ci ildə şirkətlərdən birinin istehsal sahəsində olub. O, gələcəkdə malların problemsiz qəbul olunmasını təmin etmək adı ilə həmin şirkətlə bağlanılan illik müqavilənin ümumi dəyərinin 7% həcmini rüşvət olaraq tələb edib.

Müdafiə nazirliyinin əməkdaşı şirkətlə razılığa gələrək 2008-2012-ci illər ərzində aldığı təqribən 31.120.000 erməni dramı rüşvəti qarşılığında şirkət sahibi ilə müdafiə nazirliyi arasında bağlanmış müqavilə əsasında istehsal edilən mebel əşyalarının tələblərə cavab verməyən şəkildə qəbulu və nazirliyin mərkəzi anbarına qəbul olunmasını təşkil edib.

Əldə edilən kifayət qədər sübut əsasında M. Xalatyana qarşı külli miqdarda rüşvət alma maddəsi, şirkətin direktoruna qarşı isə külli miqdarda rüşvət vermə maddəsi ilə ittiham irəli sürülüb.

*****

İşğal altında olan Qarabağ ərazisindəki Ermənistan ordusunun hərbi hissələrindən birində iri həcmdə mənimsəmə faktı aşkar edilib.

Araşdırma materiallarına görə aşkar edilən mənimsəmə faktı üzrə hərbi hissənin maliyyə xidməti rəisinə qarşı ittiham irəli sürülüb və dəymiş ziyanın tam ödənilməsi təmin edilib.

Məlum olub ki, hərbi hissənin maliyyə xidməti rəisi 2013-2016-cı illər ərzində hərbi hissənin şəxsi heyətinin maliyyə təminatı siyahılarında əlavələr edib, rəsmi sənədləri saxtalaşdırma yolu ilə dövlət fondundan çıxarılmış iri həcmli maddi vəsaiti ümumilikdə 10 milyon 108 min 023 erməni dramını öz hesabına köçürüb.

*****

Erməni hərbi qulluqçular tərəfindən yol verilən digər qanun pozuntusu 2018-ci ilin yanvar-iyun ayları ərzində baş verib.

"N" nömrəli hərbi hissənin maddi texniki təminatına cavabdeh olan hərbi qulluqçular yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hərbi hissələrin avtomobil texnikalarının təmiri məqsədilə göndərilən yeni ehtiyyat hissələrini, mühərrikləri, təkərləri əvvəlcədən planlaşdırılmış qaydada, istismara yararsız hesab etməklə alqı-satqısını həyata keçiriblər.

15 iyun

Ermənistanın istintaq komitəsinin hərbi istintaq baş idarəsinin birinci qarnizon istintaq şöbəsi tərəfindən aparılan istintaq araşdırmaları nəticəsində "N" nömrəli hərbi hissədə ərzaq payının bölgüsü prosesində mənimsəmə faktları aşkar edilib.

Aşkar edilmiş faktlar əsasında 4 nəfərə qarşı ittiham irəli sürülüb.

Məlum olub ki, "N" nömrəli hərbi hissənin yeməkxanasının sabiq rəisi və baş aşbazı 2009-2016-cı illər ərzində ərzaq payının bölgüsü prosesində hərbi hissənin şəxsi heyətinə təyin edilmiş miqdardan az ərzaq verərək, qənaət etdikləri ərzaq payını mənimsəyiblər.

Mənimsəmə faktı barədə hərbi hissə komandirinin, polkovnik-leytenant hərbi rütbəli, arxa cəbhə və kommunal istismar xidməti üzrə müavinin xəbəri olsa da, o, aidiyyatı üzrə rəislərə məruzə etməyib və müvafiq yoxlama aparmayıb. O, ərzağı mənimsəyən şəxslərə yardım etməklə, 2015-2016-cı illər ərzində yeməkxana rəisindən ərzaq məhsulları alıb. Həmçinin ərzaq məhsullarının hərbi hissədən oğurluq olduğunu bilərək, pul müqabilində bu məhsulları alan şəxsin kimliyi də müəyyən edilib.

16 iyun

Hərbi polis əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında "N" nömrəli hərbi hissənin vəzifəli şəxsi polkovnik-leytenant "Q.N" adlı hərbi qulluqçunun rüşvət almasını müəyyən ediliblər.

Belə ki, o, hərbi hissə daxilində fəaliyyət göstərən "Çinar QSC" dükan çayxananın fəaliyyətinə maneçilik törətməmək müqabilində "H.O" adlı şəxsdən müxtəlif vaxtlarda pul tələb edib və külli miqdarda rüşvət alıb.

İyunun 15-də növbəti dəfə "H.O" adlı şəxs "Q.N" adlı hərbçiyə rüşvət verərkən hərbi polisin əməkdaşları tərəfindən "Q.N" adlı hərbi qulluqçu öz iş otağında rüşvət alarkən həbs edilib.

*****

Ermənistan ordusunun "N" nömrəli hərbi hissələrindən birinin qərargahının əməliyyat şöbəsinin idarəetmə məntəqələrinin bölməsinin sabiq əməliyyat növbətçisinə qarşı vəzifə səlahiyyətlərindən növbəti sui-istifadə halı üzrə ittiham irəli sürülüb.

İstintaq yolu ilə müəyyən edilib ki, hərbi hissələrindən birinin qərargahının əməliyyat şöbəsinin idarəetmə məntəqələrinin bölməsinin mayor rütbəli sabiq əməliyyat növbətçisi pul müqabilində hərbi qulluqçuların məzuniyyətə buraxılmasına yardım edib.

Məlum olub ki, 2017-2018-ci illər ərzində mayor rütbəli hərbi qulluqçu, əsgərlərin yaxın qohumlarının vəfat etməsi və ya toy mərasimlərinin olması barədə pul müqabilində saxta telefonoqramlar göndərərək, saxta sənəd əsasında məzuniyyətə buraxılmalarına yardım edib.

19 iyun

Ermənistanda hərbi polis əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında "N" nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant rütbəli hərbi qulluqçunun qəsb yolu rüşvət almasını müəyyən edib.

Polkovnik 2016-2018-ci illər ərzində davamlı olaraq hərbi hissə daxilində sahibkarlıq fəaliyyətinə şərait yaradılması müqabilində həmin sahibkardan müxtəlif vaxtlarda pul tələb edib və külli miqdarda rüşvət alıb.

Lakin 2016-cı ilin yay aylarında sahibkar pulu verməkdən imtina etdikdə, onu hədələyərək, hərbi hissəyə girişini qadağan edib. Bu səbəbdən də 2016-cı ilin 1-30 sentyabr tarixində dükan çayxananın fəaliyyəti dayandırılıb. Nəticədə, fəaliyyətini davam etdirmək üçün sahibkar, hərbi hissə komandiri ilə razılığa gəlib.

Rüşvət alma ittihamı ilə açılmış cinayət işi çərçivəsində hərbi hissə komandiri həbs edilib.

*****

Ermənistanın Ararat vilayətinin Lancanist (Qədirli-red) kəndi sahəsində müdafiə nazirliyinə məxsus "Ural" markalı avtomobil aşıb.

Məlumata görə, 5 erməni hərbi qulluqçu yaralanıb. Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan da hərbi qulluqçuların yaralanmasını təsdiqləyib.

Yaralıları Ermənistan müdafiə nazirliyinin mərkəzi klinik hərbi hospitalına aparıblar.

*****

Səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.

*****

Saat 15:15 radələrində Ararat vilayətinin İrəvan-Yerasxavan yolunun 21-ci km-də "Ford Transit" markalı avtomobil və Ermənistan ordusuna məxsus UAZ (ՊՆ 0982 Մ) markalı avtomobillər toqquşub.

Məlumata görə, qəza nəticəsində 4 nəfər bədən xəsarətləri ilə Erebuni tibb mərkəzinə təxliyyə edilib. Şahidlərin sözlərinə görə yaralılardan 3 nəfər hərbi avtomobildə olub.

20 iyun

1969-cu il təvəllüdlü, İrəvan sakini A.Mxitaryan hərbi xidmətdən azad edilmə və ya möhlət verilməsinə yardım etmə adı ilə çağırış yaşına çatmış gənclərin valideynlərindən aldatma yolu ilə müxtəlif məbləğdə pul alaraq mənimsəyib.

Adı çəkilən şəxs, çağırışçıların hərbi xidmətdən azad edilməsinə əsas verən diaqnozla səhhətinin müayinəsi aktlarını təqdim etmək və bunlara dair müvafiq qərarların qəbul edilməsi üçün məsul şəxslərə rüşvət verməklə həll edəcəyinə vəd verib. Bu yolla o, etimad qazanaraq, 2014-2017-ci illər ərzində müxtəlif məbləğdə pul alaraq mənimsəyib.

Araşdırma nəticəsində saxtakarlıq yolu ilə mənimsəmə üzrə 7 hal, mənimsəməyə cəhd üzrə 1 hal aşkarlanıb. Bundan başqa Mxitaryanın qanunsuz yolla əldə etdiyi və ona aid olan "TOYOTA 4RUNNER" markalı avtomobildə hərbi sursat hesab edilən 20 ədəd 7.62 mm, 2 ədəd 9mm-lik güllə, 2 ədəd “F-1” əl qumbarası və ona UZRQM, 200 qramlıq 2 ədəd trotil aşkar edilib.

Əldə edilən dəlillər əsasında Mxitaryana qarşı bir neçə maddə ilə cinayət işi açılıb. Bundan başqa 12 nəfərə qarşı da ittiham irəli sürülüb. Hadisənin tam araşdırılması üçün istintaq tədbirləri davam edir.

22 iyun

Ermənistanın müdafiə nazirliyinin "N" saylı hərbi hissəsinin döyüş postunda müqaviləli erməni hərbi qulluqçu, Hovhannes Melkonyanın meyiti aşkar edilib.

Araşdırma nəticəsində döyüş mövqeyində bölük komandirinin müavini tərəfindən bir başqa hərbi qulluqçuya təhkim edilmiş silahdan açılan atəş nəticəsində müqaviləli hərbi qulluqçu Hovhanes Melkonyanın aldığı odlu silah yarasından öldürüldüyü məlum olub.

45 yaşlı, müqaviləli hərbi qulluqçusu Hovhanes Melkonyan Armavir vilayətinin Aknalic kənd sakini olub. O, hərbi xidmətə gedənədək tək yaşayıb. Daha sonra evlənən Melkonyanın 3 uşağı olub. Qızlarından birini 1 həftə öncə evləndirib, oğlu məktəblidir, bir qızı məktəbi bitirib. Arvadı isə günəmüzd işləyir.

*****

Saat 15:00 radələrində Ermənistanın Kotayk vilayətinin Nor Qeği-Eğvard yolunda Ermənistan müdafiə nazirliyinə məxsus "Ural" markalı yük avtomobili yolun hərəkət hissəsindən çıxaraq yol hərəkətini nizamlayan yol nişanına çırpılıb, daha sonra qaz borusu kəmərinə dəyərək aşıb.

Yerli sakinlər qaldırıcı kranla avtomobili normal vəziyyətə gətiriblər. Məlumata görə, qəza nəticəsində sürücü və sərnişin yaralanıblar.

25 iyun

Saat 19:10 radələrində İrəvan şəhərinin Erebuni məhəlləsində hərbi qulluqçunun iştirakı ilə avtoqəza baş verib. 43 yaşlı Hovik Abrahamyanın idarə etdiyi "Nissan Teana", 52 yaşlı Stepan Bağdasaryanın idarə etdiyi "Opel Vectra" və 24 yaşlı Qor Adibekyanın idarə etdiyi "Toyօta Camry" markalı avtomobillər toqquşublar.

Məlumata görə, qəzada yaralanan 3 nəfər “Erebuni” tibb mərkəzinə təxliyyə edilib. Yerində keçirilən yoxlama zamanı məlub olub ki, Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçusu olan 43 yaşlı polkovnik-leytenant Hovik Abrahamyan sərxoş vəziyyətdə olub.

*****

Axşam saatlarında işğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun bölmələrindən birində daha bir qanlı insident baş verib.

Döyüş mövqeyində baş vermiş münaqişə zəminində Vahan Badalyan adlı hərbi qulluqçu, əsgər yoldaşı Armen Stepanyanı odlu silahdan atəş açmaqla ağır yaralayıb. Yarlanan A.Stepanyan hərbi hospitala yerləşdirilib. Hadisə ictimaiyyətdən gizlədilib.

26 iyun

Saat 06:20 radələrində Gümrü şəhərində Rusiya vətəndaşı 22 yaşlı Vladislav Kulakov idarə etdiyi "Nissan X Trail" markalı avtomobillə maneyə çırpılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Maşında kilitlənərək qalan meyiti xüsusi vasitələrin köməyi ilə xilasedicilər çıxardıb. Verilən məlumata görə ölən rus hərbi bazasının kiçik çavuş rütbəli hərbi qulluqçusudur.

*****

Saat 14:00 radələrində Sünik vilayətinin İrəvan-Meğri yolunun 184-cu km-də 25 yaşlı Arayik Kalaşyanın idarə etdiyi ВАЗ 21140 markalı avtomobili ilə yolun hərəkət hissəsindən çıxaraq, bir neçə dövrə vuraraq çevrilmiş halda sahəyə düşüb.

Məlumata görə, qəza nəticəsində sürücü A. Kalaşyan və onun sərnişini 18 yaşlı Gorus sakini L.Q. bədən xəsarətləri ilə Sisian bölgəsinin Ağitu hərbi hospitalına təxliyyə ediliblər.

29 iyun

Saat 20:30 radələrində, işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrin birində 1973-cü il təvəllüdlü müqaviləli hərbi qulluqçu Armen Şahmari Atanesyan ölüb.

Onun qaraciyər çatışmazlığından öldüyü bildirilir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İtki   Yaralanma   Ölüm   Korrupsiya  


Bizi "telegram"da izləyin