Ordu.az xəbər verir ki, ilk olaraq “Washington Post” Suriyadakı onlarla İran mövqelərinin vurulduğu xəbərini yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında İranla nüvə sazişindən çıxmağı qərara alan Donald Tramp bu hücumların katalizatoru kimi nəzərdən keçirilə bilər. Son 48 saat ərzində İsraildən iki, İrandan bir hücum edilib.
Dünən İsrail Müdafiə Qüvvələri Suriyadakı İran qoşunlarının Colan təpələrindəki İsrail mövqelərinə 20 raket atdığını bildirib. İMQ ölkənin “Dəmiq Qübbə” sistemi tərəfindən 4 raketin zərərsizləşdirildiyini, geri qalanlarının isə Suriya ərazisinə dəydiyini və nəticədə heç bir itkinin olmadığını əlavə edib.
İMQ həmçinin İranın Qüds xüsusi təyinatlı qüvvələrinin hücumun arxasında olduğunu iddia etsə də, bildikləri haqda detallara varmayıb. Bu hadisə İsrailin İran qoşunlarını hücuma görə birbaşa ittiham etdiyi ilk belə haldır.
Cavabında İsrail Suriyada son bir neçə onillik ərzindəki ən genişmiqyaslı bombardmanını həyata keçirdi və bir neçə silah deposu, raketatıcı və kəşfiyyat təsisatlarını hədəf aldı. SANA-nın Xüms yaxınlığında əksər İsrail raketlərini vurulduğunu iddia etməsinə baxmayaraq, daha çoxunun öz hədəfinə dəydiyi üzə çıxdı. İMQ həm də İsrail döyüş təyyarələrini hədəf alan Suriya HHM sistemlərinə də zərbələr endirib.
Hücumlar nəticəsində İran və Suriyanın nə qədər itki verməsi dəqiq deyil. İddialara görə, Rusiyaya hücumdan öncə xəbərdarlıq edilib.
İsrail Suriyada İranın daimi möhkəmlənməsinə imkan verməyəcəyini bir daha təkrarlayıb. Buradakı İran qüvvələri Bəşər Əsəd üçün vuruşur. İsrail liderləri sərhədində yeddi ildir davam edən müharibədən kənarda qalmağa çalışıblar. Lakin həmin illər ərzində ölkəyə 100-dən çox hücum ediblər.
Bunların bir çoxu İranın Livandakı silahlı qruplaşma olan Hizbullaha göndərdiyi silah daşımalarını hədəf alsa da, son aylardakı hücumlarda birbaşa olaraq İran bazaları və personalı vurulub. Əsəd qüvvələrinin qələbəsi üfüqdə göründükdən sonra İsrail Suriyadakı qalıcı sabitliyin İrana hərbi mövcudluğunu möhkəmləndirmə imkanı verəcəyindən ehtiyat edir.
ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi “Times of İsrael”ə açıqlamasında İsrailin İranla müharibəsində Birləşmiş Ştatların İsrailin yanında olacağını və onun müdafiə etmək kimi suveren hüququnu dəstəkləyəcəyini bildirib.
Son proseslərin ABŞ-ın regiondakı strategiyasına necə yansıyacağı hələlik aydın deyil. ABŞ-ın nüvə sazişindən çıxmasına cavab olaraq, İranın ABŞ və müttəfiqlərinin regiondakı – Suriya, İraq, Yəmən yaxud Livan - qüvvələrinə qarşı hücum edəcəyini iddia edənlər var.
Hazırda ABŞ-ın İraq və Suriyada minlərlə əsgəri var. Bu ərazilərdə İranın əhəmiyyətli təsiri danılmazdır. ABŞ-ın 2003-cü ildəki İraqı işğalı sırasında İranın ABŞ-a hücum edən iraqlı qiyamçı qrupları silahlandırdığı və maliyyə yardımı etdiyi iddia edilirdi.
Bir başqa iddiaya görə, nüvə sazişindən çıxmaqla Tramp ABŞ və müttəfiqlərinə qarşı İranın istənilən növ təcavüzü ilə başa çıxmaq üçün plan hazırlamağa dair ABŞ ordusuna göstəriş verib.
Ağalar Ağalarlı
Ordu.az