Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü, müddətli xidmət hərbi qulluqçusu Samvel Muradyan Vanadzordakı hərbi hissələrdən birində xidmət edir.
Onun xidmətini başa vurmasına 3 ay müddət qalıb. Atasının sözlərinə görə, oğlu burnundan çətinliklə nəfəs alır. Mülkidə olarkən əməliyyat olunsa da, onun nəfəsalma problemi aradan qaldırmayıb.
"Onun burun çəpəri əyriliyi var və plastik cərrahiyyə əməliyyatı aparılmalıdır. Yatarkən çətinliklə nəfəs alır, burun nahiyyəsində axıntı olur. Vanadzor hərbi hospitalında 15 gün müalicə olunan oğluma İrəvan hərbi hospitalına göndəriş verilmir", - deyə əsgər atası şikayətlənib.
Buna görə də erməni əsgərinin atası, bu işdə yardım edilməsi üçün mətbuata və ictimai təşkilatlara müraciət edib. Hərbi xidmətdə 2 qış mövsümünü başa vuran erməni əsgərinin atası bildirir ki, həmin dövrdə oğlunun narahatlığı daha da artıb, ağız və burun nahiyyəsindən maye axını çoxalıb.
O, Vanadzor hərbi hospitalının rəisinə bir neçə dəfə müraciət etsə də, oğlunu İrəvan hospitalına göndərməkdən imtina etdiklərini qeyd edir.
Erməni əsgər atasının sözlərinə görə, Ermənistan müdafiə nazirliyi yüksək xərc tələb edən əməliyyatı həyata keçirməklə, əsgərin sağlamlığına xərc çəkmək niyyətində deyil.
Alpər Mövludoğlu
Ordu.az