Mayın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin strukturunda qarşıdan gələn dəyişikliklər barədə məlumat verildi. Bu gün, Norfolk bazasında USS "George H.W. Buş" (CVN-77) aviadaşıyıcısının göyərtəsində Donanmanın rəhbərliyinin dəyişdirilməsinə həsr olunan tədbirlər təşkil edildi. Bu strukturun Komandanı vəzifəsinə admiral Kristofor Qreydi təyin edildi. Bu zaman dəniz qüvvələrinin gələcək fəaliyyətinə təsir edəcək ən maraqlı və müxtəlif məlumatlar verildi. Beləliklə, hərbi dəniz əməliyyatları rəisi admiral Con Riçardson İkinci Donanmanın yenidən yaradılacağını bildirdi.
Admiral deyib ki, Atlantik Okeanında indiki zamanda dünyanın aparıcı dövlətləri arasında yeni bir rəqabət müşahidə olunur. Dəyişən vəziyyət müvafiq qərarlar tələb edir və bu səbəbdən dəniz komandanlığı əvvəllər mövcud olan əməliyyat vahidlərindən birini yenidən qurmağı planlaşdırır. Yaxın gələcəkdə Şimali Atlantika və ora yaxın bölgələrdə problemlərin həlli yeni yaradılan İkinci Donanmaya həvalə olunacaq.
Yaxın gələcəkdə, ordu və donanma rəhbərliyi donanmanın təşkili ilə birbaşa əlaqəli bir neçə əsas məsələni həll etməlidir. Yeni donanma üçün yeni baza tapmaq, komandanlığı formalaşdırmaq və gəmi qruplaşmasının gələcək tərkibini müəyyən etmək lazımdır. J. Riçardsonun sözlərinə görə, yeni İkinci Donanmanın Komandanı yaxın bir neçə həftə ərzində təyin ediləcək. Donanmanın bazası payızın başlanğıcından gec olmayaraq seçiləcək. Təxminən eyni dövrdə digər təcili məsələlər həll ediləcək.
Admiral həmçinin əməliyyat donanmasını yenidən qurmaq üçün lazım olan xərc və səylərə toxundu. O, komandanlıq və idarəetmə-nəzarət strukturları baxımından bu donanmanın başqalarından fərqlənməyəcəyini və buna görə müəyyən edilən vəzifələri effektiv şəkildə həll edə biləcəyini vurğuladı. Bundan başqa, rəhbərlik lazımsız xərclərdən qaçınılmasına imkan verən məhsuldarlığa diqqət yetirməyi planlaşdırır. Bütün bu xərclərin və səylərin nəticəsində Atlantik Okeanının şimal bölgələrində ABŞ Donanmasının potensialının artırılması gözlənilir.
Bir az sonra məlum oldu ku, İkinci Donanmasının bərpası haqqında memorandum hazırlanıb və sənəd HDQ Komandanı Riçard B. Spencer tərəfindən imzalanıb. Memoranduma əsasən, bərpa olunan donanma, dəniz qüvvələrinə dəyişən şərtlərdə yeni təhdidlərə sürətli və daha effektiv cavab verməsinə imkan yaradacaq. Eyni zamanda, gələcəkdə donanmanı idarə edəcək komandanlığın idarə heyətinin ştat cədvəli tərtib edilib.
Hazırki planlara əsasən, əvvəlcə İkinci Donanma komandanlığına 11 zabit və 4 hərbi qulluqçu daxil olacaq. Daha sonra heyət artacaq. Son tərkibə 85 zabit, 164 serjant və sıravi, həmçinin 7 mülki şəxs daxil olacaq. Bu heyətlə komandanlığın 1 iyuldan etibarən fəaliyyətə başlayacağı gözlənilir.
İkinci Donanmanın gəmi qruplaşmasının gələcək tərkibi hələ müəyyənləşdirilməyib. Bəzi təxminlərə görə, 2011-ci ildə ləğv edilən və ya digər donanmalara köçürülən birləşmələri bərpa etmək üçün qərar verilə bilər. Bu yeni donanmaya əvvəlcə digər donanmalardan döyüş gəmiləri verilə bilər, sonra isə onlar yeni döyüş vasitələri ilə dəyişdirilə bilər. İkinci Donanmanın dəqiq və ya ehtimal olunan tərkibi haqqında rəsmi məlumat hələ açıqlanmayıb.
Qeyd edək ki, əvvəllər ləğv edilən donanmalardan birinin sonradan bərpası tamamilə gözlənilməz deyildi. Belə imkanların müzakirəsi bir neçə il əvvəl başlayıb, lakin bu günə qədər rəsmi səviyyəsində bəhs edilmirdi. Dəniz qüvvələrinin yüksək səviyyəli nümayəndələri tərəfindən bəzi qiymətləndirmələr verilsə də, bunlar mövzunun rəsmi planlar kateqoriyasına çevrilməsinə imkan vermirdi. Maraqlıdır ki, yeni bir donanmanın formalaşması üçün göstərilən səbəb, beynəlxalq arenadakı mövcud vəziyyətə tam uyğun gəlir.
Əslində, mövcud qərarların əsas səbəbi Rusiya donanmasının hazırkı inkişafı və Moskvanın dünyada artan nüfuzudur. Rusiya donanması Şimali Atlantika daxil olmaqla, dünyanın müxtəlif yerlərində mövcudluğunu bərpa edir. Keçmişdə də qeyd edildiyi kimi, Rusiya donanmasının fəaliyyət aktivliyinə əsas cavab İkinci Donanmanın yenidən yaradılması ola bilərdi.
ABŞ baxımından Atlantik Okeanında vəziyyət son illərdə getdikcə pisləşir. Belə ki, 2016-cı ildə Altıncı Donanmanın Komandanı admiral Ceyms G. Foqqo yazırdı ki, Amerika Birləşmiş Ştatları və Rusiya "Atlantika uğrunda dördüncü döyüşə" başlayıb. Bu tezisi ortaya qoyaraq açıqlama verən müəllif, Atlantik Okeanında Rusiyanın sualtı qüvvələrinin aktivləşməsinə işarə edirdi. Sualtı qayıqlar Amerika müdafiə sistemlərini yoxlayır, ABŞ Donanmasına çağırış edir və mürəkkəb bir dəniz döyüşünə hazırlaşırdı. Bu hərəkətlərin son məqsədi hipotetik münaqişədə üstünlük əldə etməkdir. Admiral Foqqo hesab edir ki, Rusiya donanmasının potensialı və hərəkətləri təhlükəlidir, o cümlədən bu, Birləşmiş Ştatlara meydan oxuyan siyasi kurs hesab olunur.
Foqqonun ABŞ və Rusiya arasında yeni sualtı qarşıdurmasına aid tezisləri bu yaxınlarda digər bir mütəxəssis tərəfindən inkişaf etdirildi. ABŞ Hərbi Dəniz Qüvvələrinə aid esminesin keçmiş komandiri, hazırda Hudson İnstitutunun "Center of American Seapower" təşkilatının direktor müavini B. Makqratın bir neçə gün əvvəl, "Washington Post" nəşrində qiymətləndirilməsi dərc edildi. O, yenilənən İkinci Donanmanın mümkün məqsədi və vəzifələrini qiymətləndirir, ilk növbədə isə sualtı qayıq əleyhinə müdafiə mövzusuna toxunurdu.
Makqrat bildirib ki, Amerika Birləşmiş Ştatları sahillərinə yaxın fəaliyyət göstərə biləcək rus sualtı qayıqlarının sayı çox böyük deyil və yeni İkinci Donanma bu problem ilə başa çıxacaq. Lakin təhlükə qalır. Belə ki, "Yasen" layihəli atom sualtı qayıqları hipersəs gəmiəleyhinə raketlərdən və ya nüvə başlıqlı silahlardan istifadə edərək, fəaliyyət radiusları daxilində olan ABŞ-ın Şərq sahillərindəki hər hansı bir şəhərə hücum edə bilər. Bundan əlavə, Rusiya sualtı qayıqları mina sahələri təşkil edə və sualtı qayıq əleyhinə silahlardan istifadə edə bilər. Bu isə amerikalı qüvvələrin yerləşdirilməsini və ya dost ölkələrə yardım göstərməsini çətinləşdirəcək.
Makqrata görə, yeni donanmanın əsas səyləri sualtı qayıqların axtarışına və məhv edilməsi istiqamətində yönəlməlidir. Bunun üçün müvafiq avadanlıq və silahlarla təchiz olunan gəmilər, P-8 "Poseidon" kimi sualtı qayıq əleyhinə patrul təyyarələri və digər oxşar avadanlıqlar tələb olunur. Hudson İnstitutunun "Center of American Seapower" təşkilatının direktor müavini və keçmiş gəmi komandiri Brayan Makqrat gələcək donanmanın döyüş fəaliyyətinin digər sahələrinə toxunmayıb.
Yeni bir donanmanın meydana gəlməsi Rusiyanın əməliyyatları üçün ciddi mənfi nəticələrə gətirib çıxaracağı inandırıcı görünmür. Yeni yaradılacaq donanmanın tərkibi məlum olduqdan sonra təyinatı və fəaliyyət radiusu barədə ehtimal irəli sürmək daha doğru olardı. İlkin olaraq isə İkinci Donanmanın yalnız Rusiyanın Dəniz Donanmasının, əsasən də onun sualtı qüvvələrinin məhdud fəaliyyət göstərdiyi ABŞ-ın Şərq sahillərindəki əraziləri qoruyacağı real görünür. Qeyd edək ki, son illərdə İkinci Donanmanın gələcək məsuliyyət zonası digər donanmalara aid edilərək qorunmadan saxlanılmayıb.
Rusiya tərəfinin yeritdiyi hərbi siyasət baxımından, Pentaqonun yeni qərarları ciddi nəticələrə malik olmayacaq və onları əsl təhlükə hesab edilmir. Lakin, "Rusiya təcavüzü" ilə bağlı əvvəllər ləğv edilən Dəniz Donanmasının yenidən qurulması haqqında qərar xoşagələn deyil və bir daha Vaşinqtonun Moskva ilə dostluq münasibətləri yaratmaqda istəksiz olduğu təsdiqlənir.
Son məlumatlara görə, ilin sonuna qədər ABŞ-ın Dəniz Qüvvələri Şimali Atlantikada təhdidlərə qarşı mübarizə aparacaq yeni bir əməliyyat donanması yaradacaq. Bu donanmanın əsas xüsusiyyətləri hələ müəyyənləşdirilməyib və ya hələ açıqlanmayıb. Amerika Hərbi Dəniz Qüvvələrinin Komandanlığı kifayət qədər açıq şəkildə informasiya siyasəti apardığından gedişat ilə bağlı yeni məlumatlar yaxın gələcəkdə dərc edilə bilər.
*****
Xatırladaq ki, ABŞ-ın İkinci Əməliyyat Donanması müharibədən sonrakı islahatların nəticələrindən biridir. 40-cı illərin sonunda yaradılan Səkkizinci donanma 1950-ci ildə ikinci oldu. Əvvəlcə bu əməliyyat vahidi Atlantik okeanının bütün akvatoriyasına, habelə Sakit və Şimal Buzlu okeanlarının bəzi hissələrinə cavabdeh idi.
Daha sonra Donanmanın məsuliyyət zonası dəyişdirildi və qorunan ərazilərin bir hissəsi digər donanmalara verildi. Cari on illiyin başlanğıcında, İkinci Donanma yalnız Amerika sahillərinin yaxınlığında Atlantikanın nisbətən kiçik bir sahəsi üçün məsuliyyət daşıyırdı. Digər sahələr Dördüncü və Altıncı Donanmalara verildi.
İkinci Donanma mövcudluğu illərində onun gəmiləri davamlı kampaniyalar, təlimlər və döyüş növbətçiliyi ilə bağlı tədbirlərdən əlavə olaraq bir sıra real döyüş tapşırıqlarının yerinə yetririlməsi ilə bağlı əməliyyatlarda da iştirak edib. Donanmanın ilk böyük əməliyyatı, altmışıncı illərin əvvəlində Kubanın blokadası idi. Daha sonra donanma "Urgent Fury" (Fövqəladə qəzəb) əməliyyatı çərçivəsində Qrenadada quru qoşunlarını dəstəkləyib.
"Desert Storm" əməliyyatında iştirak edən gəmilərin yarıdan çoxu İkinci Donanmaya aid idi. Bir neçə dəfə donanma humanitar əməliyyatlar da yerinə yetirib. 2010-cu ildə Haiti zəlzələ qurbanlarına kömək etmək üçün böyük bir gəmi və hava qrupu göndərilib.
Bu on illiyin əvvəlində ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığı donanma strukturunda islahatlar çərçivəsində mövcud donanmalardan birinin ləğv olunması qənaətinə gəldi. Mövcud olan İkinci Donanma yeni tələblərə cavab vermədi və buna görə 2011-ci ildə onun ləğv edilməsi qərara alındı. Baza və birləşmələr digər donanmalara və ya birbaşa Hərbi Dəniz Qüvvələri Komandanlığının tabeliyinə keçirildi.
Ləğv edilmədən öncə Donanmanın tərkibində 4 hərbi dəniz bazası daxil idi. Əsas qüvvələr Norfolkda yerləşirdi. Mövcudluğunun son illərində 5 avidaşıyıcıya, 6 ballistik raketlərlə silahlanan sualtı qayığa, 25 çoxməqsədli atom sualtı qayığına, 6 raket kreyserinə, 20 esminesə, 15 desant gəmisinə, mina-tral gəmilərinə, patrul gəmi və qayıqlarına sahib idi. Donanma Komandanlığının ixtiyarında çox sayda təminat və dəstək gəmilərindən ibarət böyük bir qrup mövcud idi.
Yaxın gələcəkdə İkinci Donanmanın yeni bir Komandanlığını yaratmaq, eləcə də onun gələcək bazalarının və gəmi qruplaşmasının tərkibini müəyyən etmək nəzərdə tutulur. Məsuliyyət zonaları və vəzifələr artıq müəyyən edilib, bütün digər məsələlər müvafiq olaraq qəbul ediləcək. Əsas planlar artıq təsdiq edilsə də, Pentaqon hələ bir neçə mühüm məsələləri həll etməlidir. Hansı gəmilər və sualtı qayıqların Şərq sahillərini qoruyacağı, onların hansı bazalarda yerləşdiriləcəyi və komandanlığın onların fəaliyyətini necə təşkil edəcəyi sonra məlum olacaq.
Məlumat Ryabov Kirilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az