Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə parlamentdəki jurnalistlərlə görüşündə "Yelk" fraksiyasının deputatı Ararat Mirzoyan bildirib.
O, parlamentdə təmsil olunan deputatların Paşinyanın lehinə səs verəcəklərinə əmin olduğunu qeyd edib. Təşkil olunacaq hökumətin müvvəqəti xarakter daşıyacağını qeyd edən Mirzoyan əlavə edib ki, bu hökumətin əsas məqsədi müəyyən qanunlara dəyişikliklər və düzəlişlər etdikdən sonra növbədənkənar parlament seçkilərinin keçirilməsini təşkil etməkdən ibarət olacaq.
Davit Tonoyanı Müdafiə naziri olaraq təsəvvür etdiyi barədə öz "Facebook" səhifəsində qeydlərini xatırladan jurnalistlərə Mirzoyan bildirib ki, bu mövzu ilə bağlı Davit Tonoyanla görüşüb və həqiqətən onu müdafiə naziri vəzifəsində görür.
O əlavə edib ki, artıq iqtidar partiyası baş nazir namizədi ilə çıxış etməyəcəyinə dair bəyanat verib.
Hakim partiyanın fraksiya rəhbəri Vahram Bağdasaryan isə bildirib ki, parlamentdə təmsil olunan digər 3 siyasi qrup vahid namizədlə çıxış edərsə, hakim partiyanın üzvləri yeni baş nazirin seçilməsinə mane olmayacaq.
Xatırladaq ki, “Yelk” fraksiyası bu gün Ermənistan parlamentində keçiriləcək səsvermədə baş nazir vəzifəsinə seçilməsi üçün Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Hazırda Ermənistan parlamentində hakim Respublikaçılar partiyası 58 mandata, Tsarukyan ittifaqı 31 mandata, Yelk fraksiyası 9 mandata, Erməni inqilab ittifaqı 7 mandata sahibdir. Yeni baş nazirin seçilməsi üçün 53 səs çoxluğu tələb olunur.
Alpər Mövludoğlu
Ordu.az