Ermənistan ordusunda itki, yaralanma, fərarilik və qəza hadisələri – AYLIQ HESABAT

2018/04/34534535_1525071799.jpg
Oxunub: 1621     14:59     30 Aprel 2018    
Ordu.az 2018-ci ilin aprelin 1-dən 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, xəsarət, özünəqəsd, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Aprel ayının nəticələrinə görə, Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribata cəhd, 1-i intihar, 1-i güllələnmə, 1-i isə mina partlayışı nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə silahla davranma qaydalarının pozulması, təxribata cəhd, döyülmə və qəza nəticəsində ən azı 15 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 1 fərarilik və 1 oğurluq faktı da aşklarlanıb.

Qeyd edək ki, aprelin 17-də cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter də vaxtında aşkar olunaraq məhv edilib.

3 aprel

Sosial şəbəkələrdə aparılan araşdırmalara əsasən aydın olub ki, işğalçı ordunun rəhbərliyi son vaxtlar baş vermiş ən azı 4 ölüm faktını ictimaiyyətdən gizlədib.

Məlum olub ki, işğal altında olan ərazilərimizdə yerləşən düşmən ordusunun bölmələrindən birində Geğam Mkırtçyan adlı hərbi qulluqçu aprelin 3-də özünə xəsarət yetirib və onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümün başvermə səbəbləri araşdırılsa da, hələlik rəsmi heç bir məlumat verilməyib.

4 aprel

İşğal altında olan Qarabağda mina partlayışı nəticəsində Aram Mkrtçyanın və Qarik Qəhriyan adlı erməni hərbçiləri yaralanıb.

Həkimlər Ağdərəndə neytral ərazidə mina partlayışı nəticəsində yaralanan 1974-cü il təvəllüdlü erməni hərbçi Aram Mkrtçyanın vəziyyətinin kafi olduğunu bildiriblər. Daxili qanaxması olan Mkrtçyanın dalağı dağılıb və əməliyyat yolu ilə çıxarılıb.

Mina partlamasında yaralanan 1987-ci il təvəllüdlü digər erməni hərbçisi Qarik Qəhriyan isə süni tənəffüs aparatı altında intensiv baxım şöbəsindədir və vəziyyəti ağır olaraq qiymətləndirilir. Onu ikinci dəfə əməliyyat olunacağı bildirilir. Onun hər iki ayağı aşağı çanaq hissəsindən amputasiya edilib və dalağı çıxarılıb.

*****

Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissəsinin ərzaq anbarı rəisi oğurluq edib.

Armavir polis idarəsi və Ermənistan müdafiə nazirliyinin Eçmiədzin şəhər hərbi polis şöbəsinin əməkdaşları 4 aprel tarixində 43 yaşlı Q.Hovhanesi saxlayaraq, Vağarşapat şəhər polis şöbəsinə gətiriblər.

Məlum olub ki, cari ilin fevral-mart aylarında Üçmüədzin şəhər sakini 35 yaşlı Karen (Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissəsinin ərzaq anbarı rəisi ) ona həvalə edilmiş, 24 ədəd olmaqla 1 litrlik 2 qutu yağı mənimsəyərək, Hovanesin vasitəsilə Üçmüədzində fəaliyyət göstərən çörək sexi sahibi 36 yaşlı Armenə 30 min dram müqabilində satıb.

6 aprel

İşğal altında olan Qarabağda qanunsuz təlim taborunun komandiri, mayor Artur Areyan, gənc çağırışçını qəddarcasına döyüb. Məlumata görə, onu Qarabağdan İrəvandakı hərbi hospitala təxliyyə ediblər. Adı qeyd edilən tabor komandirinin tez-tez əsgərləri döydüyü bildirilir.

7 aprel

İşğal altında olan Ağdərə ərazisində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində bir-birinin ardınca 3 hadisə baş verib və nəticədə 3 hərbi qulluqçu tibb məntəqəsinə yerləşdirilib.

Məlumata görə, əlində qumbara partlayan hərbçinin adı və soyadı gizlədilsə də, partlayış nəticəsində çoxlu sayda qəlpə yaraları aldığı və əlinin biləkdən yuxarı amputasiya olunduğu məlum olub.

*****

Həmin gün işğalçı ordunun eyni hərbi hissəsində çavuş Artur Poqosyan da təhqirlərə məruz qoyduğu Aslanyan soyadlı hərbçi tərəfindən döyülüb. Vladimir Nersisyanı isə Edqar Mamikonyan döyüb. Vəhsicəsinə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki hərbçi də tibb məntəqəsinə yerləşdirilib.Hər 3 hadisə ictimaiyyətdən gizlədilib.

*****

İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində silahla davranma qaydalarının pozulması səbəbindən avtomatdan açılan atəş nəticəsində erməni əsgərin ayaq barmağı qopub.

Hərbi hissənin zabiti Hovsepyanın tapşırığına əsasən, mayor Harut Petrosyan hərbi hospitalda əsgərlə görüşərək söhbət edib. Əsgərin dediyinə görə, növbədən qayıdıb silahı təmizləyərkən avtomatın darağını çıxarıb. Lakin silahın içində patron qaldığını yoxlamayan əsgərin səriştəsizliyi səbəbindən atəş açılıb və güllə ayaq barmağını qoparıb.

Erməni əsgər hospitala yerləşdirilib. Hadisə ictimaiyyətdən gizlədilib və əsgərin valideynlərinə xəbər verilməsini komandanlıq qadağan edib.

9 aprel

Aprelin 9-da təxminən saat 13:00-14:00 radələrində Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindəki mövqelərindən rayonun Orta Qərvənd kəndini pulemyot və minaatanlardan atəşə tutub.

Atəşə məruz qalan dinc sakinlər arasında xəsarət alan olmasa da yaşayış evinə və mal-qaraya ziyan dəyib.

*****

Həmin gün, saat 14:20 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Narek Qevorq Harutyunyan məhv edilib.

*****

İşğal altında olan Ağdərədə yerləşdirilən düşmən ordusunun minaatan taqımının komandiri Arsenyan tabeçiliyində olan əsgər Hakopyanı vəhşicəsinə döyüb.

Daha bir döyülmə hadisəsi isə erməni əsgər valideynlərinin şikayətləri əsasında aşkarlanıb.

Belə ki, işğal altında olan ərazilərimizdə yerləşən düşmən ordusunun hərbi hissələrindən birində xidmət edən Hrant Manqasaryan və Aşot Hakopyan da öz izahatlarında daim zabitlər tərəfindən zorakılğa məruz qaldıqlarını və etiraz etdikdə isə döyüldüklərini etiraf ediblər.

*****

Aprelin 9-da düşmən ordusunda itki və döyülmə hadisəsi ilə yanaşı, bir qəza hadisəsi də baş verib.

Saat 23:30 radələrində Kəlbəcər şəhərinin sakini 1983-cü il təvəllüdlü, Q.H idarə etdiyi "MITSUBISHI IO" markalı avtomobillə Verinşen-Kəlbəcər yolunun 6-cı kilometrliyində yolun hərəkət hissəsindən çıxaraq, dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü Q.H və sərnişin 1988-ci il təvəllüdülü H.N bədən xəsarətləri ilə Vardenis şəhər hərbi hospitalına təxliyyə ediliblər.

Qeyd edək ki, hadisə həmin gün baş versə də, məlumat iki gün sonra KİV-lərdə yayılıb. Şəxslərin kimliyi açıqlanmayıb. Qəzaya düşən şəxslərin hərbi hospitala aparılmasını nəzərə alarsaq, onların adi sakinlər olmadıqlarını görərik.

10 aprel

Bir gün sonra işğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun bölmələrindən birində mühəndis-istehkam işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində hadisə baş verib.

Hərbi hissənin əsgəri Haykaz Ağacanyan mühəndis işləri yerinə yetirərkən səngərin üzərinə qoyulan tirin altında qalaraq ağır bədən xəsarətləri alıb və nəticədə qolu sınıb.

13 aprel

Ermənistanın Tavuş vilayətində biri digərinin ardınca müdafiə nazirliyinə məxsus hərbi hissələrin qeydiyyatında olan naqilli rabitə vasitələrini oğurlayıblar. Artur Abazyan və Artak Mukelyanı adlı şəxslər oğurluğa görə ittiham olunurlar.

Məlumata görə, onlar 2017-ci il 20 dekabr və 31 dekabr tarixləri arasında Koti-Barekamavan avtomobil yolu boyunca yerləşən hərbi hissələrin qeydiyyatında olan naqilli rabitə vasitələrini təmin edən agac dirəkləri və P-270 markalı kabeli oğurlayaraq, yaşadıqları həyətə gətiriblər.

15 aprel

Saat 19:15 radələrində, Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində 1998-ci il təvəllüdlü Alek Nveri Karapetyan ölüb.

Hadisəyə səbəb ön xətt bölmələrində mühəndis-istehkam işləri yerinə yetirən əsgərlərlə döyüş növbəsi çəkən bölüyün əsgərləri arasında yerlibazlıq zəminində baş vermiş mübahisə olub.

Ermənistanın Geğarkunik vilayətinin, Martuni şəhərindən hərbi xidmətə çağrılan Alek Karapetyan Qarabağdan olan snayper manqasının komandiri Armik adlı hərbçi tərəfindən odlu silahla vurulub.

16 aprel

İşğal altında olan Ağdərə yaşayış məntəqəsi ərazisində yerləşdirilən düşmən ordusunun taborlarından birində Ermənistandan çağrılan əsgərlərlə, Qarabağdan olanlar arasında kütləvi dava baş verib.

Münaqişənin ən fəal iştirakçıları Arayik Sarkisyan, Arqişt Bağdasaryan, Karen Martirosyan, Harut Petrosyan həbs edilərək hərbi polisə aparılıb. Artur adlı əsgərin isə aldığı çoxsaylı bədən xəsartələri ilə hərbi hospitala yerləşdirildiyi də məlum olub.

*****

İşğal altında olan Qarabağda yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində 5-ci bölükdə komandir müavini vəzifəsində xidmət edən Hayk Xalatyan hərbi hissə komandirinə müraciət edərək döyüş postunda xidmət edən əsgərin evə göndərilməsini xahiş edib.

Hərbi qulluqçu Vazgen Arşakyan evə getdikdən sonra, bölük komandirinin müavini Hayk Xalatyanın komandanlıqdan “əsgərə icazə xahişini” yüksək məbləğdə rüşvət müqabilində etdiyi ortaya çıxıb.

*****

Ermənistanın paytaxtı İrəvan şəhərində Ermənistan Müdafiə Nazirliyinin iki zabiti bıçaqlanıb. Bədənin müxtəlif yerlərindən ağır bıçaq zədələri alan 2 zabit 1 saylı İrəvan xəstəxanasına çatdırılıb.

Məlumata görə, bıçaqlananlardan biri olan Davit. M Ermənistan Müdafiə Nazirliyinin N saylı korpusunda, digəri - Artur. A isə Ermənistan Müdafiə Nazirliyinin Vayots-Dzor rayonundakı hərbi hissələrdən birində zabitdirlər.

17 aprel

İşğal altında olan Qarabağın şimal hissəsində yerləşən hərbi hissələrdən birində mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü, erməni ordusunun hərbi qulluqçusu Ruslan Zoriki Manukyan ölüb.

*****

Cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter vaxtında aşkar olunaraq məhv edilib.

20 aprel

İşğal altında olan yaşayış ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun taborlarından birində xidmət edən, çavuş Vahe Xaçaturyan hərbi polis tərəfindən tutulub.

İnsidentə səbəb idarəetmə taqımının şəxsi heyətinə qarşı V.Xaçaturyanın nizamnamədən kənar münasibəti, eləcə də əsgərləri təhqir edərək onları alçaltmasıdır. Onun tabeliyində olan hərbi qulluqçular izahatlarında belə halların dəfələrlə təkrar olduğunu təsdiq ediblər.

23 aprel

Ermənistanda nümayişçilərin yürüşünə mane olarkən aprel müharibəsi iştirakçısını bıçaqlayaraq öldürüblər. Üçmüədzin şəhər xəstəxanasından əldə edilmiş məlumata görə, saat 18:55 radələrində sinəsinin sağ yarı hissəsinin dəlib keçən bıçaq yarası ilə 46 yaşlı Nver Hovhhanisyan xəstəxanaya gətirilib.

Yaralı saat 21:45-də müalicə olunduğu xəstəxanada cərrahiyyə əməliyyatı zamanı ölüb. O, Yerkrapah könüllü döyüşçülərinin Üçmüədzin şəhər bölməsinin sədr müavini olub. Hovhannisyan Qarabağ və aprel döyüşlərində mövqelərimizə qarşı təxribat əməliyyatlarında iştirak edib. Onun döyüşlərdə bir əlini itirdiyi bildirilir.

25 aprel

Saat 17:10 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində 1998-ci il təvəllüdlü erməni əsgər Martun Nveri Xerunts yaralanıb.

27 aprel

Ermənistanda çağırışçıdan 7000 ABŞ dollar rüşvət alaraq onu aldadıblar. Ermənistan silahlı qüvvələrinin N saylı hərbi hissəsində xidmət keçməsinə yardım edəcəyini vəd edən şəxs çağırışçıdan 7000 min dollar rüşvət alıb.

Fakt üzrə açılan cinayət işi materiallarında qeyd olunur ki, 2016-cı ildə H. Sağatelyan adlı çağırışçının hərbi xidmətə yollanacağından xəbər tutan Armen Nersisyan aldatma yolu ilə ondan 7000 ABŞ dolları alaraq mənimsəyib.

Sağatelyanın öz yaşayış məntəqəsinə yaxın hərbi hissələrdən birində xidmət etməsini istədiyini eşidən Nersisyan, çağırışçı Sağatelyana bu məsələdə kömək edə biləcəyini vəd edərək, ondan əldə etdiyi məbləği mənimsəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dedovşina   Ölüm   Yaralanma   Təxribat  


Bizi "telegram"da izləyin