Düşmən apreldə atəşkəsi 2873 dəfə pozub

2018/04/412234867atəşkəs_15094325104564_1512019858_1519795125_1522477109_1525067445.jpg
Oxunub: 2984     13:40     30 Aprel 2018    
Aprel ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 2873 dəfə pozub.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan (3 mərmi) da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Aprelin 9-da təxminən saat 13:00-14:00 radələrində Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindəki mövqelərindən rayonun Orta Qərvənd kəndini pulemyot və minaatanlardan atəşə tutub.

Atəşə məruz qalan dinc sakinlər arasında xəsarət alan olmasa da yaşayış evinə və mal-qaraya ziyan dəyib.

Həmin gün düşmənin daha bir təxribat cəhdi baş verib. Nəticədə, saat 14:20 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Narek Qevorq Harutyunyan məhv edilib.

Aprelin 17-də isə cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter vaxtında aşkar olunaraq məhv edilib.

Bir gün sonra Ermənistan silahlı bölmələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub. Nəticədə, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Mülki obyektlərə və əhaliyə atəş açmaqdan çəkinməyən düşmənin ayın sonlarına yaxın növbəti dəfə təxribata cəhd edib.

Belə ki, aprelin 25-də saat 17:10 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində təxribata cəhd edən 1998-ci il təvəllüdlü erməni əsgər Martun Nveri Xerunts yaralanıb.

Ümumən bütün ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atəşkəs   Ermənistan   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin