“CTech” NATO CWIX 2026-da təhlükəsiz rabitə sahəsində uğur əldə edib

2026/06/photo-1782480066.jpg
Oxunub: 271     17:19     26 İyun 2026    
Türkiyənin TUSAŞ şirkətinin törəməsi olan və peyk, eləcə də birbaşa görmə xətti rabitə texnologiyaları sahəsində fəaliyyət göstərən “CTech” NATO-nun qarşılıqlı işləkliyə dair ən mühüm tədbirlərindən biri olan “Coalition Warrior Interoperability eXploration”, “eXperimentation”, “eXamination eXercise” (CWIX) 2026-da “SecureARX” müdaxiləyə davamlı SATCOM modemini uğurla sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, NATO Müttəfiq Transformasiya Komandanlığının (Allied Command Transformation) rəhbərliyi ilə keçirilən CWIX tədbiri NATO və tərəfdaş ölkələrin komanda-idarəetmə sistemləri ilə rabitə infrastrukturunun qarşılıqlı işləkliyini yoxlamaq məqsədi daşıyır.

Hər il çox sayda ölkə, dövlət qurumu və müdafiə sənayesi şirkətinin iştirak etdiyi tədbirdə sistemlər real əməliyyat ssenariləri əsasında “sınaqla təkmilləşdir və yenidən sına” yanaşması ilə test edilir.

“CTech” CWIX 2026 çərçivəsində “SecureARX” modemini müxtəlif ölkələrin sistemləri ilə uyğunluq testlərinə cəlb edib. Sınaqların uğurla tamamlanması “SecureARX” sisteminin NATO standartlarına uyğun, təhlükəsiz və fasiləsiz peyk rabitəsi təmin etmə qabiliyyətini bir daha təsdiqləyib.

“CTech”in baş direktoru Cüneyd Fırat bildirib ki, qarşılıqlı işləkliyə malik sistemlər müasir müdafiə əməliyyatlarının əsas tələblərindən biridir və müttəfiq ölkələrin sistemləri ilə problemsiz işləmək kritik əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, “SecureARX” modeminin CWIX 2026-da uğurla sınaqdan keçməsi şirkətin beynəlxalq standartlara uyğun texnologiya səviyyəsini nümayiş etdirir.

Fırat əlavə edib ki, “CTech” təhlükəsiz rabitə sahəsində imkanlarını beynəlxalq platformalarda təsdiqləməyə və müttəfiq ölkələrin kritik rabitə ehtiyaclarına töhfə verməyə davam edəcək.

CWIX 2026-da əldə edilən bu nəticə “CTech”in beynəlxalq müdafiə ekosistemində mövqeyini daha da gücləndirib və şirkətin təhlükəsiz, dayanıqlı və qarşılıqlı işlək rabitə həlləri təqdim etdiyini bir daha göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CTech   NATO   CWIX   2026  


Bizi "telegram"da izləyin