“Aeroflot”un keçmiş baş direktoru saxlanılıb

2026/06/1782228385.jpg
Oxunub: 198     19:24     23 İyun 2026    
“Aeroflot” aviaşirkətinin 2020-ci ilin noyabrından 2022-ci ilin aprelinə qədər baş direktoru olmuş Mixail Poluboyarinov cinayət işi üzrə araşdırmanın fiqurantına çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Poluboyarinov saxlanılıb və onunla bağlı istintaq hərəkətləri aparılır. Mənbələr onun cinayət işi üzrə hansı statusda olduğunu dəqiqləşdirə bilməyiblər.

Məlumata əsasən, iş Poluboyarinovun 2009-2019-cu illərdə Rusiyanın dövlət inkişaf korporasiyası və investisiya bankı olan VEB-də fəaliyyəti ilə bağlı ola bilər.

Bundan əvvəl Uzaq Şərq və Arktikanın İnkişafı Korporasiyasının Direktorlar Şurasının üzvü və VEB.RF dövlət korporasiyasının vitse-prezidenti Artem Dovlatov da saxlanılmışdı. O, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə ev dustaqlığına məhkum edilmişdi.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Poluboyarinovun telefonu isə söndürülüb.

“Aeroflot” rəhbərinin vəzifədən getməsi barədə məlumat 2022-ci ilin martında yayılmışdı. Həmin vaxt Rusiyanın nəqliyyat naziri Vitali Savelyev onun istefasını “bəzi insanların stresli şəraitdə işləyə bilməməsi” ilə izah etmişdi.

Poluboyarinov “Aeroflot”dan ayrıldıqdan sonra, 2023-cü ilin yanvarında ROSTEX dövlət korporasiyasında fəaliyyətə başlamışdı. Məlumata görə, o, korporasiyaya daxil olan şirkətlər qrupunun maliyyə təminatı məsələlərinə cavabdeh olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aeroflot   Rusiya  


Bizi "telegram"da izləyin