“Şəhid leytenant Caner Gönyeli-2026” təliminin quru mərhələsi başa çatıb

2026/06/1782233161.jpg
Oxunub: 252     20:41     23 İyun 2026    
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Şəhid leytenant Caner Gönyeli-2026” Axtarış-Xilasetmə Dəvət Təliminin quru mərhələsi uğurla başa çatıb.

Ordu.az xəbər verir ki, təlim Təhlükəsizlik Qüvvələri Komandanlığının qərargahında keçirilən brifinqlə başlayıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Təhlükəsizlik Qüvvələri Komandanı general-mayor İlker Görgülü bildirib ki, təlim 2002-ci ildən keçirilir və quru ilə dəniz olmaqla iki mərhələdən ibarətdir.

Daha sonra təlimə adını verən şəhid leytenant Caner Gönyelinin qızı Nil Gönyeliyə general-mayor İlker Görgülü və Sahil Mühafizəsi Komandanı korpus admiralı Ahmet Kendir tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Təlimin quru mərhələsi Şərqi Aralıq dənizində, Türkiyənin axtarış-xilasetmə bölgəsinə daxil olan beynəlxalq sularda, Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanı, ərazi suları və quru ərazisini əhatə edən ssenari üzrə keçirilib.

Ssenariyə əsasən, Türkiyədən Şimali Kiprə uçan sərnişin təyyarəsi ilə Beşbarmaq dağları üzərində əlaqə kəsilir və bunun ardınca axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Təlim zamanı təyyarənin yeri müəyyən edildikdən sonra xilasedicilər helikopterlərlə hadisə yerinə çatdırılıb, yaralılara ilkin tibbi yardım göstərilib və ağır yaralılar təxliyə olunub. Eyni zamanda yanğınsöndürmə və tibbi xidmət qrupları da əməliyyata cəlb edilib.

Təlimin quru mərhələsini Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və keçmiş Prezident Ersin Tatar da izləyiblər.

Təlimdə Azərbaycan, Pakistan, Liviya, Qambiya, Zambiya, Ruanda, Syerra-Leone və Somali müşahidəçi qismində iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ŞKTC   Təlim  


Bizi "telegram"da izləyin