Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bəqayi vurğulayıb ki, yekun saziş üzrə danışıqlar memorandumda əks olunan beş əsas müddəa yerinə yetirilmədən başlaya bilməz.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə birlikdə İsveçrədəki nümayəndə heyətində təmsil olunan Bəqayi bildirib ki, görüşlər iyunun 18-də imzalanmış memorandum çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə nəzarətə həsr olunub.
Onun sözlərinə görə, proqram çərçivəsində əvvəlcə İran nümayəndə heyəti ilə Qətər və Pakistan vasitəçiləri arasında ayrıca görüşlər keçiriləcək.
Daha sonra İran, ABŞ, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş baş tutacaq.
Bəqayi qeyd edib ki, İran memorandumun imzalanmasından dərhal sonra onun müddəalarının icrasına başlayıb.
“İstənilən sənədin icrası onun imzalanmasından daha vacibdir”, - deyə İran rəsmisi bildirib.
O vurğulayıb ki, diplomatik proses mühüm olsa da, əsas məsələ əldə edilmiş razılaşmaların real şəkildə yerinə yetirilməsidir.
Bəqayi əlavə edib ki, Tehran əvvəlki təcrübələri unutmayıb və hazırkı mərhələ məhz öhdəliklərin icrasına nəzarətə yönəlib.
Onun sözlərinə görə, memorandumun 13-cü maddəsində yekun saziş üzrə danışıqların başlanmasının beş əsas müddəanın yerinə yetirilməsindən asılı olduğu açıq şəkildə qeyd edilib.
Bu müddəalar arasında bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması da yer alır.
İran hesab edir ki, bu tələb hələ yerinə yetirilməyib və Tehran Vaşinqtonu onun icrasını təmin etməkdə aciz olmaqda və ya bunu istəməməkdə ittiham edir.
Bəqayi bildirib ki, İsrail rejimi öhdəlikləri pozmağa davam edir və bu məsələ bugünkü müzakirələrin əsas mövzusudur.
İran rəsmisi əlavə edib ki, digər mühüm məsələlər arasında İranın dondurulmuş aktivlərinin azad edilməsi, həmin vəsaitlərə çıxışın təmin olunması, eləcə də İran nefti və neft-kimya məhsullarının ixracı üçün zəruri icazələrin verilməsi yer alır.
Onun sözlərinə görə, bu məsələlər memorandumun imzalandığı andan gündəmdədir və indi onların real icrasının təmin olunub-olunmayacağı müəyyən edilməlidir.
Bəqayi qeyd edib ki, İran vasitəçilər üzərindən daimi mesaj mübadiləsini dəstəkləyir və hazırkı görüş bu prosesin tərkib hissəsidir.
O vurğulayıb ki, danışıqların əsas məqsədi qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsini təmin etmək və yekun danışıqların başlanması üçün zəruri şərtlərin formalaşıb-formalaşmadığını müəyyən etməkdir.
İran rəsmisi bildirib ki, Tehran xüsusilə dondurulmuş aktivlərə çıxış və neft satışına dəstək ilə bağlı ABŞ öhdəliklərinin yerinə yetiriləcəyinə dair təminatlar almağa çalışır.
Bəqayinin sözlərinə görə, İran nümayəndə heyəti ölkənin milli maraqlarının müdafiəsi məsələsində heç bir güzəştə getməyəcək və bütün dövlət institutları ilə tam koordinasiya şəraitində fəaliyyət göstərəcək.
Sevinc Əliyeva
Ordu.az