Ukrayna M1A1 “Abrams” tanklarını modifikasiya edir

2026/06/1781510499.jpg
Oxunub: 239     11:59     15 İyun 2026    
Ukrayna döyüş meydanında artan asimmetrik Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərinə qarşı zirehli platformalarının müdafiəsini gücləndirmək məqsədilə M1A1 “Abrams” tanklarında genişmiqyaslı modernləşdirmə proqramına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın 160-cı Əlahiddə Mexanikləşdirilmiş Briqadasının yaydığı görüntülərdə məlumat verilib.

Məlumata görə, “Lucifer” ləqəbli M1A1 “Abrams” tankına modul tipli antidron qəfəs sistemi quraşdırılıb. Tankın qüllə və mühərrik bölmələrini hədəf alan hücumların qarşısını almaq məqsədilə yerli şəraitdə hazırlanmış müdafiə həlləri tətbiq olunub.

Yayımlanan fotolarda tankların qüllə üstü və yan hissələrinin FPV tipli PUA hücumlarından qorunmaq üçün modul qəfəs sistemləri ilə təchiz edildiyi görünür.

Bu həll müasir döyüş meydanında zirehli texnikalar üçün ən böyük təhlükələrdən biri hesab olunan yuxarıdan zərbə riskini azaltmağa yönəlib və Ukrayna Ordusunun döyüş təcrübəsinə əsaslanan müdafiə yanaşmasını əks etdirir.

Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi M1A1 “Abrams” tankları beynəlxalq hərbi yardım proqramları çərçivəsində ölkəyə verilib.

Bu sahədə xüsusilə M1A1 tanklarının modernləşdirilməsi və inteqrasiyası üzrə əməkdaşlıq diqqət çəkir. Avstraliya hökuməti 2024-cü il oktyabrın 17-də verdiyi rəsmi açıqlamada 49 ədəd M1A1 “Abrams” əsas döyüş tankını Ukraynaya hədiyyə etdiyini bildirmişdi.

Avstraliya Müdafiə Nazirliyi həmin tankların Ukraynanın döyüş meydanındakı atəş gücünü və manevr imkanlarını artıracağını vurğulamışdı.

160-cı Əlahiddə Mexanikləşdirilmiş Briqadanın açıqlamasında M1A1 “Abrams” tanklarının əməliyyat imkanlarına da diqqət çəkilib.

“Çox az texnika tankın təqdim etdiyi atəş gücü və müdafiə səviyyəsini təmin edə bilər. “Abrams” düşmənin mövqelərini qorumağa çalışdığı ərazilərdə yolu açan bir gücdür. Güclü zirehi, dəqiq atəşi və ən çətin tapşırıqları yerinə yetirməyə hazır ekipajı ilə seçilir. Əgər tank “Lucifer” adını daşıyırsa, düşmənin narahat olması üçün hər cür səbəb var”, - deyə briqadanın açıqlamasında bildirilib.

Həmçinin vurğulanıb ki, tanklarda aparılan yeni modifikasiyalar onların müdafiə potensialını daha da artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   M1A1   Abrams  


Bizi "telegram"da izləyin