Dağıstan terroru FTX daxilində mübarizədən xəbər verir? – BAXIŞ BUCAĞI

2024/06/4a438-1719235425.jpg
Oxunub: 412     19:19     25 İyun 2024    
15-dən çox polis Dağıstanın sabitliyini əlində silahla qoruyarkən həlak olub. Bu barədə Rusiyanın bu muxtariyyətinin rəhbəri Sergey Melikov “Telegram” kanalında bildirib.

Məlum olub ki, hakim “Vahid Rusiya” partiyasının yerli siyasi şurası Serqokala rayon rəhbəri Ömərovun vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. Güc strukturlarına yaxın mənbələrdən verilən məlumata görə, sonuncu “həbs edilib”. Rəsmi olaraq təsdiqlənməsə də, Ömərovun iki oğlu və yaxın qohumunun terror fəaliyyətlərində iştirak etdiyi hamıya məlumdur. Bəzi mənbələr onların öldürüldüyünü iddia edir.

Həmin gün Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Sevastopol bazası raketlə hücuma məruz qalıb. Rusiya mənbələri hücumun hədəfinin mülki əhali olduğunu bildirir. Qərb mətbuatının məlumatına görə, dinc sakinlər “vurulan Ukrayna raketlərinin yerə düşən qəlpələri”nin qurbanları olublar. Dağıstanda terrora verilən ilk siyasi qiymətləndirmə ondan ibarətdir ki, Sevastopolun raketlə hədəfə alınması, Dərbənd və Mahaçqaladakı hücumlar “eyni mərkəzin əlyazmasıdır”.

Dağıstanda vəziyyətin gərginləşməsi Qərb mətbuatında Rusiyanın Federal Təhlükəsizlik Xidmətində “qruplar arasında mübarizə” haqqında bir sıra nəşrlərlə üst-üstə düşür. Buna əsasən, 73 yaşlı FTX direktoru Aleksandr Bortnikov prezident Vladimir Putindən səhhətində yaranan problemlərə görə onu tutduğu vəzifədən uzaqlaşdırmağı xahiş edib, lakin hələlik yekun qərar verilməyib və müxtəlif qruplar öz himayədarı olan Bortnikovun əvəzedicisi olmaq üçün mübarizə aparır.

Putin yenidən prezident vəzifəsinə seçildikdən sonra əsaslı şəkildə yeni komanda formalaşdırmayıb, sadəcə bəzi transferlər edib, amma bir həftə əvvəl yeni təyin olunmuş müdafiə naziri Andrey Belousovun administrasiya rəhbərinə qədər çevrəsini “təmizləyib”. Mətbuatda Putinin FTX-dən “müharibə ilə bağlı qərarlara təsir edən qeyri-müəyyən məlumatlara görə” narazı olduğuna dair eyhamlar var. Təxminən bir ay əvvəl Putin Zelenskinin prezident səlahiyyətlərinin başa çatdığını, Ali Radanın Ukraynada yeganə legitim orqan olduğunu bəyan edib.

Görünür, bu, FTX və Xarici Kəşfiyyat Xidmətinin verdiyi məlumata əsaslanan siyasi hesablama idi, amma nəticə vermədi: Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk prezident seçkilərinin hərbi vəziyyət şəraitində keçirilmədiyini və Zelenskinin Ukraynanın qanuni prezidenti olaraq qaldığını bildirib. Putinin Şimali Koreya və Vyetnama səfərindən sonra Dərbənd və Mahaçqalada silahlı toqquşmalar baş verib. Bundan sonra o, Ukrayna müharibəsində ümidini yalnız öz şəxsi imkanlarının üzərinə qoymağın lazım olduğunu deyib.

NATO sammitinin Ukrayna ilə bağlı hansı qərarı verəcəyini heç kim bilmir. ABŞ dövlət katibi bildirib ki, alyansa üzv olan iyirmidən çox ölkə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq. Belə getsə, NATO-nun Rusiya ilə birbaşa qarşıdurması rəsmiləşəcək. Bu “asılı” vəziyyətdə Federal Təhlükəsizlik Xidməti Putinə bildirir ki, “dayanmaq” lazımdır. Yoxsa Putin kritik vəziyyətə görə FTX və digər qüvvələri məsul bilir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağıstan   Terror   FTX   İŞİD  


Bizi "telegram"da izləyin