Ordu.az xəbər verir ki, bu barədə Almaniya Dəniz Aviasiyası Komandanlığının rəhbəri, polkovnik Broder Nielsen Berlin Aviasiya Sərgisi zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, insanlı və insansız platformaların birgə fəaliyyəti konsepsiyası mərhələli şəkildə həyata keçiriləcək. Nielsen vurğulayıb ki, Rusiya sualtı qayıqlarının fəaliyyəti diqqətlə izlənilməlidir.
“Qapınızın önündə naməlum bir sualtı qayığın dayanmasını heç kim istəməz. Rusiya sualtı qayıqlarının harada olduğunu bilmək yaxşıdır”, - deyə o bildirib. Alman hərbçi əlavə edib ki, yaxın gələcəkdə Rusiya sualtı qayıqlarından qaynaqlanan təhlükənin daha da artacağını gözləyirlər.
Məlumata görə, Almaniya bu ilin aprel ayında ilk dəfə olaraq bir P-8A “Poseidon” təyyarəsini Şotlandiyadakı RAF Lossiemouth aviabazasına yerləşdirib. Təyyarə Böyük Britaniya Hərbi Hava Qüvvələri ilə birlikdə Şimali Atlantikdə patrul missiyalarına cəlb olunaraq Rusiya sualtı qayıqlarının fəaliyyətini izləyib.
Broder Nielsen qeyd edib ki, bu yerləşdirmə 2024-cü ildə imzalanmış “Trinity House” sazişi çərçivəsində həyata keçirilib. Saziş Almaniyanın P-8A təyyarələrinin Böyük Britaniyanın “Poseidon” parkı ilə birgə əməliyyatlar keçirməsinə imkan yaradır. Almaniya ümumilikdə səkkiz ədəd P-8A təyyarəsi sifariş edib və ilk təyyarəni ötən il təhvil alıb.
Bundan əlavə, Almaniya yanvar ayında “General Atomics Aeronautical Systems” şirkəti ilə səkkiz ədəd MQ-9B “Sea Guardian” PUA-sının alınmasına dair müqavilə imzalayıb. İlk sistemlərin 2028-ci ildə təhvil verilməsi planlaşdırılır.
Nielsen bildirib ki, MQ-9B Almaniyanın P-8A təyyarələri ilə birgə istifadə edəcəyi ilk insansız sistem olacaq. Onun sözlərinə görə, əsas məqsəd bu platformaların P-8A ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsini təmin etməkdir.
Alman Hərbi Dəniz Qüvvələrinin indiyədək P-8A və insansız sistemləri birgə əməliyyatlarda sınaqdan keçirmədiyi qeyd olunur. Buna görə də bu konsepsiyanın tam əməliyyat qabiliyyətinə çatması müəyyən vaxt tələb edəcək.
Sevinc Əliyeva
Ordu.az