Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Putinin gözləmə taktikası: Kremlin zəngi nə vaxt gələcək?” başlıqlı məqaləsində yazıb.
Məqalədə bildirilir ki, ilkin nəticələrə əsasən “Vətəndaş Müqaviləsi” partiyası səslərin 49,81 faizini toplasa da, Ermənistan müxalifəti, bir sıra siyasətçilər və ictimai xadimlər seçkilərin nəticələrini qəbul etmir, inzibati resurslardan istifadə, qeyri-bərabər seçki kampaniyası və digər pozuntular barədə danışırlar.
Müəllif qeyd edir ki, Moskvanın seçkilərdən sonra nümayiş etdirdiyi sükut diqqət çəkir.
“Rusiyanın bu açıq şəkildə nümayiş etdirdiyi səssizlik, iqtisadi xarakterli sərt siqnallarla birlikdə, Ermənistan-Rusiya münasibətlərindəki mövcud böhranın ən aydın göstəricilərindən birinə çevrilir”, - deyə məqalədə vurğulanıb.
Məqalədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına da yer verilib.
“Peskov bildirib ki, Kreml Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələrini rəsmən elan etməsini gözləyəcək və yalnız bundan sonra müvafiq açıqlamalar veriləcək”, - deyə müəllif yazıb.
Qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da oxşar mövqe sərgiləyib və seçkilərin nəticələrinə dair hüquqi prosedurların davam etdiyinə diqqət çəkib. Eyni zamanda, məqalədə xatırladılır ki, iyunun 8-də Rusiya Xarici İşlər Nazirliyi seçkilərlə bağlı yaydığı açıqlamada repressiyalar, müxalifətə təzyiqlər və digər problemlərdən bəhs edib.
“Moskvanın yekun nəticələri gözləməsi təkcə hüquqi nəzakət deyil, həm də siyasi mesajdır. Rusiya bununla göstərir ki, İrəvandakı hakimiyyətin qələbəsini tam və qeyd-şərtsiz qəbul etmir və münasibətlərin yeni mərhələsinin hələ danışıqlar masasında formalaşdırılmalı olduğunu düşünür”, - deyə məqalədə qeyd olunub.
Məqalədə Rusiyanın son günlər Ermənistanla bağlı qəbul etdiyi iqtisadi qərarlara da toxunulub.
“İyunun 11-12-də Moskva Ermənistanla bağlı yeni və kifayət qədər ağrılı ticarət məhdudiyyətləri tətbiq etdi. “Rosselxoznadzor” iyunun 12-dən etibarən Ermənistandan göndərilən bütün karantin məhsullarının Rusiyaya idxalını və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə tranzitini məhdudlaşdırdı. Bu, siyasi gərginlik dövrlərində Rusiyanın ənənəvi alətlərindən biridir”, - deyə müəllif vurğulayıb.
Məqalədə bildirilir ki, İrəvan vəziyyətin ciddiliyini anlayır və gərginliyi azaltmağa çalışır. Bu kontekstdə Nikol Paşinyanın iyunun 12-də Rusiya Günü münasibətilə Vladimir Putinə təbrik məktubu göndərdiyi qeyd olunur.
“Mesajda suverenliyə və dövlət maraqlarına qarşılıqlı hörmətə əsaslanan açıq və konstruktiv dialoqa hazır olunduğu vurğulanıb. Paşinyan iyunun 11-də Rusiyadan dəvət alacağı təqdirdə Moskvaya getməyə hazır olduğunu açıqlayıb. O, həmçinin iyunun 1-də Vladimir Putinlə telefon danışığı zamanı mümkün görüşlə bağlı ilkin razılaşmanın əldə olunduğunu xatırladıb.
Rusiya prezidenti oxşar böhran vəziyyətlərində vaxt amilindən siyasi təzyiq vasitəsi kimi istifadə edir. Rusiya tərəfi qarşı tərəfi qeyri-müəyyənlik şəraitində saxlamağa, ona iqtisadi və siyasi diskomfort hiss etdirməyə çalışır ki, görüş zamanı danışıqlar mövqeləri mümkün qədər zəifləmiş olsun”, - deyə məqalədə qeyd olunub.
Müəllif hadisələrin inkişafı ilə bağlı öz proqnozunu da bölüşüb.
“Geosiyasi məntiq göstərir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası yekun nəticələri açıqladıqdan və etirazların ilk mərhələsi başa çatdıqdan sonra Vladimir Putin Nikol Paşinyana zəng edə bilər. Həmin telefon danışığında rəsmi təbrik və Moskvaya dəvət səslənə bilər”, - deyə məqalədə vurğulanıb.
Məqalədə ehtimal olunur ki, Moskvadakı görüş asan keçməyəcək.
“Bu görüş qırmızı xətlərin dəqiqləşdirilməsi və hesabat xarakteri daşıyacaq. Putin danışıqlar masasına bir sıra əsas məsələləri, o cümlədən xarici siyasət kursunun məhdudlaşdırılması və “Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi” seçimi məsələsini çıxara bilər”, - deyə müəllif qeyd edib.
Məqalənin sonunda vurğulanır ki, Paşinyan mümkün Moskva səfərinə seçkilərdən sonra zəifləmiş legitimlik və iqtisadi təzyiqlər şəraitində gedəcək.
“Kremldə onu praqmatik, lakin güc mövqeyindən aparılacaq dialoq gözləyir. Bu dialoq müəyyən razılaşmalar və həmin razılaşmaların öz qiyməti ilə müşayiət oluna bilər”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az