Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Moody’s Analytics”in məlumatına görə, münaqişənin fevralın 28-dən etibarən başlamasından bəri ABŞ-də orta ailə nəqliyyat və yanacaq xərclərinə əlavə olaraq təxminən 447 dollar sərf edib. Artımın əsas səbəbləri benzin qiymətlərinin yüksəlməsi və aviabiletlərin bahalaşması olub.
CNBC-nin məlumatına görə, son üç ay ərzində amerikalı istehlakçıların əlavə xərcləri ümumilikdə təxminən 60 milyard dollar təşkil edib.
İqtisadçılar xəbərdarlıq edirlər ki, münaqişə davam edərsə, maliyyə təzyiqi daha da güclənə bilər.
“Moody’s”in baş iqtisadçısı Mark Zandi bildirib: “Əgər müharibə yaxın vaxtlarda başa çatmasa, maliyyə baxımından həssas istehlakçılar xərclərə daha ehtiyatla yanaşmağa məcbur olacaqlar ki, bu da onsuz da zəif olan iqtisadiyyat üçün risk yaradır”.
Analitiklərin qiymətləndirməsinə görə, enerji daşıyıcılarının hazırkı qiymətləri qorunub saxlanılarsa, orta ev təsərrüfatının əlavə xərcləri münaqişənin birinci ildönümünədək təxminən 2 min dollara çata bilər.
Ekspertlər qeyd ediblər ki, müharibənin nəticələri regionun hüdudlarından kənara çıxır və artıq qlobal enerji bazarlarına, eləcə də ABŞ istehlakçılarının yaşayış xərclərinə təsir göstərir.
Sevinc Əliyeva
Ordu.az