Rumıniyaya 270-dən çox COBRA II zirehli maşını təhvil verilib - VİDEO
Oxunub: 462
23:42
30 May 2026
OTOKAR-ın Hərbi Vasitələr üzrə Yerli İstehsal Tətbiqləri Direktoru Yusuf Fəttahlıoğlu bildirib ki, Rumıniya layihəsi çərçivəsində bu günə qədər son istifadəçiyə 270-dən çox COBRA II zirehli maşını təhvil verilib.
Ordu.az xəbər verir ki, bu barədə o, BSDA 2026 sərgisində “Defensehere.com”a açıqlamasında danışıb.
Fəttahlıoğlu qeyd edib ki, COBRA II NATO standartlarına uyğun istehsal olunan, müxtəlif və yüksək mühafizə imkanlarına malik zirehli platformadır.
“Bu vasitə dünyanın 13-dən çox ölkəsinə ixrac olunub və 20-dən çox istifadəçi tərəfindən istismar edilir”, - deyə o bildirib.
Onun sözlərinə görə, layihənin ikinci ilindən etibarən seriyalı istehsalın iyun ayında başlanması planlaşdırılır və götürülən öhdəliklər tam şəkildə yerinə yetiriləcək.
Fəttahlıoğlu sərgidə nümayiş etdirilən maşının Rumıniyada istehsal olunmuş ilk COBRA II olduğunu xüsusi vurğulayıb.
“Bu vasitə eyni zamanda Avropa İttifaqı sərhədləri daxilində istehsal edilmiş ilk türk zirehli maşınıdır”, - deyə o qeyd edib.
OTOKAR rəsmisi bildirib ki, layihənin növbəti mərhələlərində planlaşdırılan sayda maşınların vaxtında təhvil verilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.
Onun sözlərinə görə, COBRA II yüksək hərəkət qabiliyyəti və güclü mühafizə xüsusiyyətlərinə görə böyük maraq doğurur.
Fəttahlıoğlu qeyd edib ki, xüsusilə hazırkı şəraitdə yerli istehsalın ön plana çıxması fonunda maşının Rumıniyada istehsal edilməsi böyük əhəmiyyət daşıyır.
O vurğulayıb ki, istehsal prosesi xammalın kəsilməsindən başlayaraq əyilmə, qaynaq və bütün digər əməliyyatların Rumıniyada həyata keçirilməsini əhatə edir ki, bu da layihənin real yerliləşdirmə nümunəsi olduğunu göstərir.