Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, bir sıra gəmilər boğazın ən həssas hissələrindən keçərkən avtomatik identifikasiya sistemlərini (AIS) müvəqqəti olaraq söndürüb və yerləşdikləri mövqeyi gizlədiblər.
Onların sözlərinə görə, bu addım İran qüvvələrinin izləmə və mümkün təzyiq göstərmə ehtimalını azaltmağa imkan verib.
WSJ yazıb ki, gəmilərin hərəkəti mənbələrin iddiasına görə ABŞ hərbçiləri tərəfindən verilə biləcək tövsiyələr nəzərə alınmaqla təşkil olunub.
Bildirilib ki, bu tədbirlər çərçivəsində pilotsuz müşahidə vasitələrindən istifadə edilib, regiondakı vəziyyət daimi nəzarətdə saxlanılıb və kapitanlara təhlükə yarandığı halda necə davranmaları barədə məsləhətlər verilib.
Mənbələrin təsvir etdiyi marşrut əsasən Oman sahilləri boyunca uzanıb. Həmin ərazilərdə insident riskinin daha aşağı olduğu hesab edilir.
“Kpler” analitik şirkətinin məlumatına görə, bu sxemdən məhdud sayda gəmi istifadə edib. Tankerlərin əksəriyyəti isə İran sularına daha yaxın yerləşən standart şimal marşrutundan istifadə etməyə davam edir.
Daha əvvəl WSJ ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı ətrafında ticarət gəmilərinin müşayiətini bərpa etdiyini bildirmişdi.
Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sonradan bu məlumatı qeyri-dəqiq adlandıraraq belə formatda ticarət gəmilərinin rəsmi müşayiətini həyata keçirmədiyini açıqlayıb.
Qeyd olunur ki, vəziyyət dünya neft ticarətinin əsas marşrutlarından biri hesab edilən Hörmüz boğazı ətrafında davam edən gərginliyi əks etdirir. Qlobal enerji daşıyıcılarının əhəmiyyətli hissəsi məhz bu boğazdan keçir.
Sevinc Əliyeva
Ordu.az