Moldovanın xarici işlər naziri etiraf edib ki, NATO-ya üzvlük hələ də ictimai dəstək qazanmır

2026/05/1780154198.jpg
Oxunub: 349     19:02     30 May 2026    
Moldovanın NATO-ya üzvlüyü hazırda az ehtimal olunur, çünki vətəndaşların əksəriyyəti regiondakı təhlükəsizlik vəziyyətinə baxmayaraq bu ideyanı dəstəkləmir.

Ordu.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixay Popşoy mayın 30-da “Vocea Basarabiei” radiosunun efirində yayımlanan “Eurosecuritate” proqramında danışıb.

Nazir bu mövzunun populyar olmaması səbəbindən moldovalı siyasətçilərin onun açıq müzakirəsindən yayınmalarından təəssüfləndiyini bildirib.

Rusiyanın Ukraynaya qarşı təcavüzü və regiondakı qeyri-sabitlik fonunda Moldovanın NATO ilə yaxınlaşma perspektivləri barədə suala cavab verən Popşoy vurğulayıb ki, əsas amil vətəndaşların iradəsi olaraq qalır.

“NATO-ya üzvlük, istənilən beynəlxalq təşkilata üzvlük kimi, vətəndaşlarımızın iradəsindən asılıdır. Geniş dəstək olduğu təqdirdə bu, ciddi perspektivə çevrilə və gündəliyə daxil edilə bilər. Bizim vəziyyətimizdə isə məlum olduğu kimi, belə dəstək olmayıb”, - deyə Popşoy bildirib.

Nazir həmçinin şəxsən NATO ilə əməkdaşlıq ideyasını dəstəklədiyini və hesab etdiyini bildirib ki, bu mövzu cəmiyyətdə və KİV-lərdə daha açıq şəkildə müzakirə olunmalıdır.

Onun sözlərinə görə, moldovalı siyasətçilər çox vaxt bu müzakirələrdən yayınırlar. O əlavə edib ki, Şimali Atlantika Alyansını təhlükəsizliyin təminatçısı hesab edir və NATO-nun Kişinyovdakı fəaliyyət perspektivlərini vurğulayıb.

“iData” sosioloji şirkətinin may ayında dərc etdiyi son sorğunun nəticələrinə görə, Moldova vətəndaşlarının 54,5 faizi ölkənin NATO-ya üzvlüyünü dəstəkləmir. Respondentlərin 33,6 faizi isə inteqrasiyanın tərəfdarı olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   NATO  


Bizi "telegram"da izləyin