Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Hadisə Kanaveral burnundakı kosmodromda “New Glenn” ağır raketinin atəş sınaqlarına hazırlıq zamanı baş verib.
Partlayış nəticəsində raket tamamilə məhv olub, şirkətin istifadəsində olan yeganə start meydançası isə zədələnib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, infrastrukturun bərpası aylarla davam edə bilər.
Bu isə NASA-nın “Artemis” Ay proqramının qrafikini risk altına qoyur.
ABŞ administrasiyası bu proqram çərçivəsində amerikalı astronavtları 2028-ci ilə qədər Ay səthinə çatdırmağı və kosmik yarışda Çini qabaqlamağı planlaşdırır.
NASA rəhbəri Cared Ayzekman bildirib ki, agentlik tərəfdaşlarla birlikdə hərtərəfli araşdırma aparacaq.
Araşdırma zamanı qəzanın səbəbləri və bunun gələcək kosmik missiyalara təsiri qiymətləndiriləcək.
Hadisədən əvvəl “Blue Origin” şirkəti bu il “New Glenn” raketi vasitəsilə mühüm Ay missiyası həyata keçirməyi planlaşdırırdı.
Şirkətin həmçinin NASA ilə “Blue Moon Mark 1” pilotsuz eniş modulu və gələcək Ay bazası üçün iki Ay nəqliyyat vasitəsinin daşınmasına dair müqavilələri mövcuddur.
Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyətdə NASA daha çox “SpaceX” şirkətinə güvənmək məcburiyyətində qala bilər. Lakin İlon Maskın “Starship” superağır raketi də hələ sınaq mərhələsindədir və Ay proqramının bütün tələblərini yerinə yetirməyə hazır olduğunu sübut etməyib.
NASA-nın sabiq əməkdaşlarının qiymətləndirməsinə görə, qəzanın nəticələri “Blue Origin”in Ay proqramında iştirakını ən azı bir il gecikdirə bilər. Şirkətin qurucusu Ceff Bezos bildirib ki, hadisə zamanı heç bir əməkdaş xəsarət almayıb.
“Bu, son dərəcə ağır gün idi, lakin biz lazım olan hər şeyi bərpa edəcək və uçuşlara qayıdacağıq”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az