Ordu.az xəbər verir ki, bunu Avrasiya İqtisadi Birliyinin sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
BELTA agentliyinin məlumatına görə, Lukaşenkoya ünvanlanan suallardan biri Ermənistan rəhbərliyinin həm Avrasiya İqtisadi Birliyində qalmaq, həm də Avropa İttifaqına qoşulmaq istəyi ilə bağlı mövqeyinə dair olub.
Belarus Prezidenti bildirib ki, bu məsələ Avrasiya Ali İqtisadi Şurasının qapalı formatda keçirilən iclasında müzakirə olunub və müvafiq bəyanat qəbul edilib.
“Hamımız təsdiqlədik ki, Ermənistanın bizim Avrasiya Birliyimizdən çıxmasını istəmirik. Eyni zamanda, bu, Vladimir Vladimiroviçin çıxışında da səsləndirdiyi fikirdir, biz Ermənistanın seçiminə hörmət edirik. Mən də əlavə etdim ki, Ermənistan xalqının seçiminə hörmət edirik. Əgər xalq belə qərar qəbul etsə və hazırda üzv olduğu birlikdən çıxaraq gələcəkdə Avropa İttifaqına qoşulmağa razılıq versə, biz erməni xalqının iradəsinə qarşı çıxa bilmərik”, - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, bundan sonra bəyanata Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı referendum keçirmək niyyətini dəstəkləyən müddəa əlavə olunub.
“Biz bəyanata əlavə etdik ki, bu barədə açıqlama vermiş Ermənistan rəhbərliyinin referendum keçirmək istəyini dəstəkləyirik”, - deyə o vurğulayıb.
Lukaşenko qeyd edib ki, belə referendum dürüst, açıq və demokratik şəkildə təşkil olunmalıdır.
Onun sözlərinə görə, əgər bütün proses şəffaf keçirilərsə və Ermənistan xalqı Avrasiya İqtisadi Birliyinin əleyhinə qərar verərsə, bu qərar birlik daxilində qəbul olunacaq.
“Lakin Ermənistan rəhbərliyi və xüsusilə Ermənistan xalqı başa düşməlidir ki, onlar nə qazanacaq, nə itirəcəklər. Rusiya Prezidenti bu barədə bütün beynəlxalq ictimaiyyətə ətraflı məlumat verməyə söz verib. O, bir daha ətraflı izah edəcək ki, Ermənistanın hazırda üzv olduğu Avrasiya Birliyindən çıxması və Avropa İttifaqına qoşulması nə deməkdir”, - deyə Belarus lideri bildirib.
Lukaşenko diqqətə çatdırıb ki, bir sıra ölkələrin təcrübəsi Avropa İttifaqına üzvlük prosesinin çox uzun müddət çəkə biləcəyini göstərir.
Onun sözlərinə görə, Ermənistan xalqı mühüm qərar qəbul edərkən bu amili də nəzərə almalıdır.
“Ukraynanı nəzərə alsaq, o, uzun illərdir bunu istəyir. Daha vacibi isə Türkiyə nümunəsidir. Mənim fikrimcə, Türkiyə artıq 25-30 ildir Avropa İttifaqına üzv olmaq üçün növbədə gözləyir”, - deyə Lukaşenko əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az