Ermənistan Baş Prokurorluğu Paşinyanın ifadələrində cinayət tərkibi olmadığıını bildirib

2026/05/1780062517.jpg
Oxunub: 294     17:46     29 May 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın müxalifət nümayəndələrinin ünvanına səsləndirdiyi ifadələrlə bağlı cinayət işi başlanılmayacaq.

Ordu.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu “News.am”a açıqlamasında İstintaq Komitəsinin müstəntiqi tərəfindən cinayət təqibatına başlanılmaması barədə qərarın qanuni olduğunu təsdiqləyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya zamanı Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, eləcə də “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyan və Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanın ünvanına “diz çökdürəcəyəm”, “öldürəcəyəm” kimi ifadələr işlətmişdi.

Bundan sonra “Güclü Ermənistan” siyahısının ikinci nömrəsi, erməni vəkil Aram Vardevanyan həm hüquq-mühafizə orqanlarına, həm də Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.

Lakin Ermənistan İstintaq Komitəsi Paşinyanın bəyanatlarında cinayət əlamətlərinin olmadığını müəyyən edib və cinayət təqibatına başlanılmaması barədə qərar qəbul edib. Qərarın qanuniliyinin təsdiqlənməsi məqsədilə sənəd prokurorluğa göndərilib.

Ermənistan Mərkəzi Seçki Komissiyası da Aram Vardevanyanın müraciətini rədd edib. Müraciətdə “Vətəndaş Müqaviləsi” Partiyasının seçki siyahısına rəhbərlik edən Nikol Paşinyanın mümkün məsuliyyətə cəlb olunması məsələsinin müzakirəyə çıxarılması və təşviqat dövründə səsləndirilmiş ifadələrə hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara müraciət olunması tələb edilirdi.

Vardevanyan, həmçinin Paşinyanın ictimai çıxışlarından bir sıra epizodları da ayrıca qeyd edib. Həmin çıxışlarda Paşinyan Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvələri “müharibənin üçbaşlı partiyası” adlandırıb, “cinayətkar mafiya”, “kriminal-oliqarxik rejim”, “hakimiyyəti ələ keçirmək üçün son döyüşə çıxıblar” kimi ifadələr işlədib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Baş-Prokurorluğu  


Bizi "telegram"da izləyin