Rusiya İqtisadi İnkişaf Nazirliyi: Ermənistan məhsullarına qoyulan məhdudiyyətlər Rusiyaya təsir etməyəcək

2026/05/1780043842.jpg
Oxunub: 309     12:36     29 May 2026    
“Ermənistandan bir sıra məhsulların idxalına tətbiq olunan məhdudiyyətlər Rusiya bazarına mənfi təsir göstərməyəcək”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov “İzvestiya” nəşrinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Ermənistan məhsullarının idxalının məhdudlaşdırılması Rusiya bazarında hər hansı ciddi problem yaratmayacaq.

“Baxın, mən öz bazarlarımız barədə danışmağa hazıram. Bizim bazarlarımıza əlbəttə ki, təsir olmayacaq. Bunlar kifayət qədər böyük həcm tutan məhsullardır və əsas tələbatı biz hər zaman öz istehsalımız hesabına təmin edirik”, - deyə Reşetnikov “İzvestiya”nın müxbiri Viktor Sineoka bildirib.

Nazir qeyd edib ki, Rusiya bütün təchizatçılarını qiymətləndirir, lakin ölkə eyni zamanda kifayət qədər şaxələndirilmiş təchizat sisteminə malikdir.

Onun sözlərinə görə, bu səbəbdən Ermənistan tədarüklərinin azalması və ya dayanması Rusiya üçün mənfi nəticələr yaratmayacaq.

“Rosselxoznadzor”un mətbuat xidməti bir gün əvvəl məlumat yayaraq bildirib ki, qurum mayın 30-dan etibarən Ermənistandan gətirilən təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalına müvəqqəti məhdudiyyət tətbiq edir.

Qeyd olunub ki, Ermənistan müəssisələrində aparılmış yoxlamalar zamanı bir sıra pozuntular aşkar edilib.

Xüsusilə istixana komplekslərində Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər üçün karantin obyekti hesab olunan zərərvericilərin və xəstəliklərin mövcudluğu müəyyənləşdirilib.

Daha sonra “Rosselxoznadzor” açıqlama yayaraq Ermənistanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Avrasiya İqtisadi Birliyi və Rusiya standartlarına uyğun gəlmədiyini bildirib.

Qurum qeyd edib ki, bu vəziyyət Ermənistan İqtisadiyyat Nazirliyinin kənd təsərrüfatı nazirliyi ləğv edildikdən sonra üzərinə götürdüyü səlahiyyətlərin öhdəsindən tam gələ bilmədiyini göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin