İran müharibəsində ABŞ-nin itkisi: 40-dan çox hava platforması

2026/05/Ekran-1779480819.jpg
Oxunub: 600     00:11     23 May 2026    
ABŞ Konqresinin Araşdırma Xidmətinin (CRS) hesabatında “Epic Fury” əməliyyatı zamanı ABŞ-yə məxsus 42 hava platformasının məhv edildiyi və ya zədələndiyi qeyd olunub.

Ordu.az xəbər verir ki, hesabat 2026-cı il fevralın 28-də başlayan və İrana qarşı 40 gün davam edən əməliyyatın nəticələrini əhatə edir.

“Epic Fury əməliyyatında ABŞ hava vasitələrinin döyüş itkiləri: Konqres üçün qiymətləndirmələr” adlı 13 may tarixli hesabatda məlumatların Müharibə Nazirliyi, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və müxtəlif xəbər mənbələri əsasında toplandığı bildirilib.

Hesabata əsasən, əməliyyat zamanı 1 ədəd F-35A “Lightning II” qırıcısı, 1 A-10 “Thunderbolt II” yaxın hava dəstəyi təyyarəsi, 1 E-3 “Sentry” erkən xəbərdarlıq və idarəetmə təyyarəsi, 1 HH-60W “Jolly Green II” axtarış-xilasetmə helikopteri və 1 MQ-4C “Triton” yüksək hündürlük müşahidə PUA-sı itirilib və ya zədələnib.

Bundan başqa, 2 MC-130J “Commando II” nəqliyyat təyyarəsi, 4 F-15E “Strike Eagle” qırıcısı, 7 KC-135 “Stratotanker” hava yanacaqdaşıyan təyyarəsi və 24 MQ-9 “Reaper” pilotsuz uçuş aparatı da siyahıya daxil edilib.

Məlumata görə, ilk itkilər martın 1-2-də Küveyt Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 “Hornet” təyyarəsinin dost atəşi nəticəsində 3 F-15E qırıcısını vurması ilə baş verib.

Hadisə zamanı altı ekipaj üzvünün katapult vasitəsilə təyyarələri tərk etdiyi və xilas edildiyi bildirilib.

CENTCOM hadisənin İran təyyarələri, ballistik raketləri və pilotsuz uçuş aparatlarının hücumları zamanı baş verdiyini açıqlayıb. Dördüncü F-15E isə aprelin 3-də İran üzərində vurulub və ekipaj ayrıca xilasetmə əməliyyatı ilə təxliyə edilib. Martın 12-də KC-135 “Stratotanker” təyyarəsinin İraqın qərbində yanacaq doldurma tapşırığı zamanı qəzaya uğradığı və 6 ekipaj üzvünün öldüyü bildirilib.

CENTCOM bu qəzanın nə düşmən, nə də dost atəşi nəticəsində baş vermədiyini qeyd edib. İki gün sonra İran raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasını vurması nəticəsində yerdə olan 5 KC-135 təyyarəsinə də ziyan dəyib.

Martın 19-da isə İran üzərində tapşırıq icra edən F-35A təyyarəsinin yerdən açılan atəş nəticəsində zədələndiyi, lakin bazaya qayıda bildiyi qeyd olunub. Aprelin 3-də A-10 “Thunderbolt II” təyyarəsinin xilasetmə əməliyyatı zamanı İran qüvvələrinin atəşi nəticəsində vurulduğu və pilotun xilas edildiyi bildirilib. İki gün sonra ABŞ qüvvələri İranda yerə enmiş 2 MC-130J “Commando II” təyyarəsini məhv edib.

Bu addımın vurulan F-15E təyyarəsinin silah sistemləri zabitinin xilas edilməsi əməliyyatı zamanı atıldığı qeyd olunub. Həmin əməliyyat zamanı HH-60W “Jolly Green II” helikopterinin də atıcı silah atəşinə məruz qaldığı vurğulanıb. Hesabatda ən böyük itkinin pilotsuz uçuş aparatları arasında olduğu göstərilib. 42 itkinin 25-ni pilotsuz sistemlər təşkil edib.

Onların arasında 24 MQ-9 “Reaper” və aprelin 14-də itirilmiş 1 MQ-4C “Triton” PUA-sı yer alıb. ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Kennet Uilsbax mayın 20-də bildirib ki, itkilərə baxmayaraq MQ-9 “Reaper” əməliyyatın ən mühüm platforması olub.

Hesabatda bəzi itkilərin siyahıya daxil edilmədiyi də vurğulanıb. Məsələn, müxtəlif media orqanlarının məlumatına görə, E-3 “Sentry” erkən xəbərdarlıq təyyarəsi yalnız zədələnməyib, tamamilə sıradan çıxıb. Bundan başqa, İran ərazisində 2 MC-130J ilə birlikdə məhv edilən bir neçə MH-6 “Little Bird” helikopterinin də siyahıya salınmadığı qeyd olunub.

ABŞ Müharibə Nazirliyinin məlumatına görə, İrandakı əməliyyatların ümumi dəyəri ilkin hesablamalardakı 25 milyard dollardan 29 milyard dollara yüksəlib. Müharibə Nazirliyinin audit rəhbəri Culs Hurst bildirib ki, artım əsasən texnikanın təmiri və yenilənməsi, həmçinin şəxsi heyətin əməliyyat bölgəsində saxlanılması xərcləri ilə bağlıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Müharibə  


Bizi "telegram"da izləyin