“Karel” Rumıniyada istehsal müəssisəsi yaratmaq istəyir - VİDEO
Oxunub: 503
00:03
23 May 2026
“Karel” şirkəti Rumıniyada yerli şirkətlərlə istehsal müəssisəsi yaradılması istiqamətində danışıqlar aparır.
Ordu.az xəbər verir ki, bu barədə “Karel Müdafiə Texnologiyaları Qrupu”nun rəhbəri Yavuz Bayız BSDA 2026 sərgisində “Defensehere.com”a açıqlamasında bildirib.
Bayız qeyd edib ki, “Karel” Rumıniya bazarında yeni şirkət deyil və üç il əvvəl burada “Karel” Europe” adlı şirkət yaradılıb.
Onun sözlərinə görə, Rumıniya Türkiyəyə yaxın yerləşməsi və Trükiyə investisiyalarının artması baxımından mühüm ölkə hesab olunur. Bayız bildirib ki, məqsəd məhsulları Rumıniyaya gətirmək, yerli şirkətlərlə əməkdaşlıq qurmaq və Avropa bazarına çıxış imkanlarını genişləndirməkdir.
O vurğulayıb ki, Rumıniya tərəfi yalnız məhsul satışı deyil, istehsalın yerli şəkildə həyata keçirilməsini istəyir. Bayızın sözlərinə görə, rumın tərəfi həllərin ölkə daxilində lokallaşdırılmasına və istehsalın Rumıniyada aparılmasına üstünlük verir.
Şirkət rəhbəri əlavə edib ki, bu istiqamətdə fəaliyyətlər davam edir və yaxın zamanda yerli tərəfdaşlarla istehsal müəssisəsi yaradılması məsələsi reallaşa bilər. O həmçinin bildirib ki, SAHA EXPO sərgisində təqdim olunan məhsullar BSDA 2026 sərgisinə də gətirilib.
Bayız qeyd edib ki, məhsullar Rumıniyada həm yerli qurumlar, həm də istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Şirkətin sərgi çərçivəsində yerli şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə etdiyi vurğulanıb. Bayız sərginin onlar üçün səmərəli keçdiyini və Rumıniyada ciddi potensial gördüklərini bildirib.