Ordu.az xəbər verir ki, görüntülərdə platformaya GÖKDOĞAN “hava-hava” raketinin inteqrasiyası xüsusi diqqət çəkib.
Yeni yayılan görüntülərin HÜRJET proqramında silah inteqrasiyası və sursat sınaqları prosesinin sürətləndiyini göstərdiyi bildirilib. Fotoda ikinci prototipdə qanad ucu raket stansiyaları, dörd qanadaltı silah stansiyası və gövdəaltı mərkəzi stansiyanın yer aldığı müşahidə olunub.
Bundan başqa, gövdəaltı mərkəzi stansiyanın ön hissəsində sınaq fəaliyyətlərində istifadə oluna biləcək kamera sisteminin də olduğu qeyd edilib. HÜRJET-in GÖKDOĞAN raketi ilə birlikdə görüntülənməsi platformanın hava döyüş qabiliyyətləri istiqamətində işlərin irəlilədiyini ortaya qoyub.
TÜBİTAK SAGE tərəfindən hazırlanan GÖKDOĞAN aktiv radar axtarış başlığına malik uzaqmənzilli “hava-hava” raketi kimi təqdim edilir. 65 kilometrdən artıq mənzilə malik raketin “atdım-unutdum” idarəetmə, məlumat bağlantısı ilə hədəf yeniləmə, hər istiqamətdən atış və çoxsaylı hədəflərlə eyni vaxtda döyüş imkanları təqdim etdiyi bildirilib.
Raketin radioelektron mübarizə şəraitində yüksək dayanıqlılığa malik olduğu və atışdan sonra hədəfə kilidlənmə qabiliyyəti daşıdığı qeyd olunub. Məlumata görə, GÖKDOĞAN bərk yanacaqlı raket mühərriki ilə təchiz olunub və aşağı iz buraxan mühərrik texnologiyasından istifadə edir.
Platformanın yalnız sursat inteqrasiyası deyil, radar sistemi baxımından da yeni imkanlar əldə etməsi planlaşdırılır. HÜRJET-ə ASELSAN istehsalı olan MURAD AESA radarının inteqrasiya olunduğu ehtimal edilir. İkinci prototipdə diqqət çəkən geniş burun radomu quruluşunun da bu inteqrasiyanı dəstəklədiyi vurğulanır.
ASELSAN tərəfindən hazırlanan MURAD AESA radarının HÜRJET-ə inkişaf etmiş hədəf izləmə, çoxsaylı hədəf məhvetmə və yüksək vəziyyət məlumatlılığı qazandıracağı gözlənilir.
Müdafiə sənayesi analitiki Yusuf Akbaba geniş burun quruluşunun MURAD AESA radarının inteqrasiyasına işarə etdiyini bildirib.
Türkiyə Hərbi Hava Qüvvələrinin yeni nəsil təlim təyyarəsi kimi hazırlanan HÜRJET-in eyni zamanda yüngül döyüş təyyarəsi kimi də istifadə olunacağı qeyd edilir. Platforma “1,4 Mach” sürət, 45 min fut uçuş hündürlüyü, dəqiqədə 48 min 500 fut yüksəlmə sürəti və 7500 funt faydalı yükdaşıma qabiliyyətinə malikdir.
HÜRJET “GE Aerospace” istehsalı olan F404-GE-104 turboreaktiv mühərriki ilə təchiz edilir. 17 min 700 funt güc istehsal edən mühərrikin platformaya yüksək sürət və manevr qabiliyyəti qazandırdığı bildirilir. Təyyarənin ROKETSAN, ASELSAN və TÜBİTAK SAGE tərəfindən hazırlanan milli sursat ailəsi ilə fəaliyyət göstərəcəyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az