Tayvan 14 milyard dollarlıq silah satışının dayandırılması barədə məlumat almadığını açıqlayıb

2026/05/1779477996.jpg
Oxunub: 362     23:15     22 May 2026    
Tayvan administrasiyası rəhbərliyi ABŞ tərəfindən adaya planlaşdırılan 14 milyard dollarlıq silah satışının dayandırılması ilə bağlı heç bir rəsmi məlumat almadığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edən Hun Cao Vaşinqtonda Senat komitəsində çıxışı zamanı bəzi xarici hərbi satışların ABŞ ordusunun sursat ehtiyatlarını təmin etmək məqsədilə təxirə salındığını bildirib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Tayvana silah satışının davam etdirilməsi ilə bağlı şübhələrini ifadə etməsindən bir neçə gün sonra səsləndirilib.

Hun Cao qeyd edib ki, administrasiya uyğun hesab etdiyi zaman satışlar yenidən bərpa olunacaq.

Tayvan administrasiyası liderinin mətbuat katibi Karen Kuo isə bildirib ki, Tayvan administrasiyası hakimiyyəti yayılan məlumatlarla tanışdır, lakin hazırda ABŞ tərəfindən silah satışında dəyişiklik ediləcəyi ilə bağlı heç bir məlumat yoxdur.

Məlumata görə, Donald Tramp administrasiyası ötən ilin dekabrında Taypeyə 11 milyard dollarlıq silah tədarükünü təsdiqləyib, lakin indiyədək prosesdə irəliləyiş qeydə alınmayıb.

ABŞ qanunvericiləri 2026-cı ilin yanvarında Tayvan administrasiyasına 14 milyard dollarlıq ayrıca silah satışını da təsdiqləyiblər.

Lakin həmin müqavilənin qüvvəyə minməsi üçün Trampın onu rəsmi şəkildə Konqresə təqdim etməsi tələb olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   ABŞ  


Bizi "telegram"da izləyin