Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ hərbi qurumunun açıqlamasına görə, əvvəllər məxfi saxlanılan və ya nadir hallarda yayımlanan müşahidələrə dair 162 fayl artıq hökumət saytında bir milyarddan çox baxış toplayıb.
Yeni yayımlanan hissədə əlavə 50 video və sənəd yer alıb. Onların arasında mülki şəxslərin və hərbçilərin birbaşa şahid ifadələri də mövcuddur.
Videolardan birində 2019-cu ildə Yaxın Şərqdə infraqırmızı sensor vasitəsilə qeydə alınan görüntülərdə Fars körfəzi üzərində sıra ilə uçan üç pilotsuz uçuş aparatının göründüyü bildirilib.
2022-ci ildə çəkilmiş başqa bir videoda isə İran sahilləri yaxınlığında üzən gəmilərin yanında dörd naməlum obyektdən ibarət qrupun hərəkəti əks olunub. 2021-ci ildə Suriya səmasında qeydə alınmış kadrlarda isə çox yüksək sürətlə uzaqlaşan sirli obyekt müşahidə olunub.
Bəzi obyektlərin ənənəvi “uçan boşqab” və ya disk formasına bənzədiyi qeyd edilir. 2022-ci ilin oktyabrında çəkilmiş videolardan birində isə siqar formalı obyektin yaşayış məntəqəsi üzərindən sürətlə hərəkət etdiyi görünür.
Pentaqonun Anomal Hadisələrin Araşdırılması İdarəsi (AARO) daha əvvəl bildirib ki, görüntülərdə yer alan və ya şahid ifadələrində təsvir olunan obyektlərin yadplanetli mənşəli olduğuna dair heç bir sübut yoxdur.
Sevinc Əliyeva
Ordu.az