“Viper” adlandırılan bu variant sadəcə modernizasiya paketi deyil, beşinci nəsil (F-22 və F-35) döyüş təyyarələrinə məxsus avionik sistem arxitekturalarının əməliyyat baxımından özünü doğrultmuş gövdə dizaynı ilə inteqrasiyası sistemin texniki yetkinlik səviyyəsini maksimuma çatdırır. Qlobal aviasiya ekosistemində “Block 70/72” anlayışı təyyarənin istehsal xəttindən bu standartlarda çıxdığını ifadə etdiyi halda, mövcud F-16 parkının bu səviyyəyə yüksəldilməsi F-16V olaraq adlandırılır.
Struktur və itələmə inqilabı
F-16 “Block 70/72” təyyarələri çoxsaylı mexaniki və elektron fərqlərə malikdir. Bu müasir təyyarələr mövcud F-16 təyyarələrinin orijinal dizayn fəlsəfəsi olan “yüngül və çevik döyüşçü” konsepsiyasını qoruyarkən, müasir missiya yüklərinin gətirdiyi çəki və enerji ehtiyacını qarşılayacaq struktur gücləndirmələrə sahibdir. Platformanın ən diqqətçəkən struktur inkişafı xidmət müddətinin 12.000 uçuş saatına çatdırılmasıdır. Əvvəlki nəsil “Block 40/50” təyyarələrində 8.000 saat olan bu limitin 50% artırılması təyyarənin 2060-cı ilə və sonrasına qədər aktiv xidmətdə qalmasını təmin edir.
Bu uzun xidmət müddəti gövdə üzərində həyati əhəmiyyətə malik stress nöqtələrinin yenidən dizayn edilməsi və yeni nəsil ərintilərdən istifadə sayəsində mümkün olub. Təyyarənin performansını müəyyən edən əsas amillərdən biri olan itələmə sistemi həm də “Block 70” və “Block 72” arasındakı fərqin əsasını təşkil edir. “Block 70” konfiqurasiyası “General Electric” F110 GE-129 mühərrikindən istifadə etdiyi halda, “Block 72” konfiqurasiyası “Pratt & Whitney” F100 PW-229 mühərriki ilə təchiz olunub.
Hər iki mühərrik 29.000 funt itələmə sinfində yer alaraq təyyarənin 48.000 funtluq maksimum qalxma çəkisinə (TOGW) baxmayaraq “Mach 2+” sürətlərə çatmasını və şaquli qalxma qabiliyyətini qorumasını təmin edir. Bu yüksək itələmə gücü xüsusilə ağır sursat yükü ilə qalxış zamanı və it döyüşü ssenarilərində təyyarəyə kritik enerji üstünlüyü verir.
AN/APG-83 SABR: Beşinci nəsil radar imkanı
“Viper” konfiqurasiyasının mərkəzində “Northrop Grumman” tərəfindən hazırlanmış AN/APG-83 SABR radarı yerləşir. Bu AESA radarı F-16-nın situasiya məlumatlılığını və hədəfləmə qabiliyyətini mexaniki daramalı radarların (APG-68 kimi) çox üzərinə çıxarır. SABR, F-22-nin APG-77 və F-35-in APG-81 radarları ilə proqram təminatı və avadanlıq ortaqlığına malikdir və təyyarəyə beşinci nəsil radar imkanları qazandırır.
AESA texnologiyasının təmin etdiyi şüa çevikliyi radarın eyni anda birdən çox vəzifəni yerinə yetirməsinə imkan yaradır. Pilot eyni vaxtda həm uzaq məsafəli hava hədəflərini daraya, həm də yerdəki hərəkətli hədəfləri (GMTI) izləyə bilir. Radarın “Big SAR” (Geniş Sintetik Aperturalı Radar) rejimi yer səthinin yüksək dəqiqlikli, foto keyfiyyətində xəritələrini yaradaraq pis hava şəraitində və ya gecə əməliyyatlarında pilotun hədəfləri dəqiq müəyyən etməsinə və koordinatlar yaratmasına imkan verir.
Radarın aşkarlama məsafəsi hədəfin radar əks etdirmə sahəsindən asılı olaraq 170 km ilə 200 km arasında dəyişir. Bu da platformanın görmə məsafəsindən kənar (Beyond Visual Range - BVR) döyüşlərdə düşmənə qarşı “ilk görən, ilk vuran” üstünlüyü əldə etməsini təmin edir. SABR-ın digər mühüm xüsusiyyəti elektron müdafiə (Electronic Protection - EP) qabiliyyətidir. Mexaniki sistemlərdən fərqli olaraq AESA radarı düşmənin elektron qarışdırmasına qarşı son dərəcə dayanıqlıdır və mürəkkəb radio tezliyi (Radio Frequency - RF) mühitlərində belə hədəfləri izləməyə davam edə bilir. Radarın etibarlılığı hərəkətli hissələrə malik olmaması səbəbindən mexaniki radarlardan 3-5 dəfə daha yüksəkdir ki, bu da logistik dəstək xərclərini azaldır.
Sevinc Əliyeva
Ordu.az