ABŞ ordusu “Stalker” PUA-ları sifariş edib

2026/05/stols-1779471318.jpg
Oxunub: 348     21:34     22 May 2026    
ABŞ ordusu “Redwire Corporation” şirkəti ilə “Stalker” pilotsuz uçuş sistemlərinin tədarükü üçün 15 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində təhvil veriləcək “Stalker” Pilotsuz Uçuş Aparatı (PUA) sistemləri Arizona ştatındakı Fort Huaçuka bazasında yerləşən 2-ci tabor 13-cü Aviasiya Alayı tərəfindən istifadə olunacaq.

Məlumata görə, sistemlər əsasən Taktiki Pilotsuz Uçuş Sistemi mütəxəssislərinin fərdi hazırlıq fəaliyyətlərində tətbiq ediləcək.

Yeni vəzifə sahəsi ABŞ Ordusunun dəyişən hərbi ixtisas strukturu çərçivəsində PUA əməliyyatları, texniki xidmət, kəşfiyyat, müşahidə və hədəf aşkarlanması funksiyalarını birləşdirir.

Bu çərçivədə hazırlanacaq heyətin quru qoşunları ilə koordinasiyalı şəkildə müasir döyüş meydanında fəaliyyət göstərməsi planlaşdırılır.

“Redwire Defense Tech” şirkətinin rəhbəri Stiv Adliç bildirib ki, fərdi hazırlıq və təlimçi yetişdirmə yanaşması müasir döyüş meydanındakı dəyişən tapşırıq ehtiyaclarının qarşılanması baxımından kritik əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, şirkətin məqsədi operatorların sahədə daha müstəqil fəaliyyət göstərə bilməsini təmin etməkdir. “Stalker” sistemi modulyar və açıq arxitekturalı quruluşu ilə seçilir. Bu xüsusiyyət yeni faydalı yüklərin və modernizasiya paketlərinin sistemə sürətlə inteqrasiya olunmasına imkan yaradır.

Sabit qanadlı və şaquli eniş-qalxış imkanına malik platformanın maksimal uçuş çəkisinin 22 kiloqram olduğu açıqlanıb. Saatda 93 kilometrdən çox sürət yığa bilən sistemin təxminən 8 saat havada qala və 4572 metr yüksəkliyə qalxa bildiyi qeyd olunub. ABŞ Müdafiə İnnovasiya Bölməsi 2025-ci ilin iyulunda “Stalker” PUA-sını “Blue UAS” siyahısına daxil etmişdi.

Bu qərar sistemin Pentaqon və digər federal qurumlar tərəfindən istifadəsinə imkan yaradıb. 2025-ci ilin avqustunda isə “Stalker” ABŞ Ordusunun Uzun Mənzilli Kəşfiyyat Proqramının prototip mərhələsi üçün seçilən platformalar arasında yer alıb. ABŞ ordusunun aviasiya heyətinin “Stalker” sistemi ilə təlim fəaliyyətlərinə həmin ilin noyabrında başladığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Stalker   PUA  


Bizi "telegram"da izləyin