Ordu.az xəbər verir ki, bu barədə “Rostec” şirkəti məlumat yayıb.
Məlumata görə, təyyarənin ilk uçuşu “Suxoy” Konstruktor Bürosunun baş pilotu və “Rusiya Qəhrəmanı” adına layiq görülmüş sınaq pilotu Sergey Boqdan tərəfindən həyata keçirilib.
Şirkətin açıqlamasında bildirilib ki, uçuş planlaşdırıldığı şəkildə və tapşırıq təlimatlarına uyğun olaraq uğurla tamamlanıb.
Açıqlamada qeyd olunub ki, “Su-57D” yalnız pilot hazırlığı məqsədilə deyil, həm də insanlı və pilotsuz hava platformalarından ibarət vahid döyüş qrupunun idarə olunması üçün nəzərdə tutulub.
Şirkət yeni variantın xüsusilə xarici müştərilərin əməliyyat tələblərini qarşılamaq və təyyarənin qlobal bazardakı rəqabət qabiliyyətini artırmaq məqsədilə hazırlandığını vurğulayıb.
Rusiyanın Baş nazirinin birinci müavini Denis Manturov isə “Su-57D” üçün üç əsas vəzifə müəyyən edildiyini bildirib. Bunların döyüş hazırlığı, havadan zərbə koordinasiyası və pilotsuz döyüş təyyarələrinin komanda-idarəetmə funksiyaları olduğu qeyd edilib.
Məlumata görə, “Su-57D”də arxa kokpit “Su-30SM” və “Su-27UB” təyyarələrində olduğu kimi ön pilot oturacağından daha yüksək mövqedə yerləşdirilib. Bu quruluş ikinci operatorun müşahidə imkanlarını və tapşırıq idarəetməsinin səmərəliliyini artırır.
Bununla yanaşı, ikinci ekipaj bölməsinin əlavə olunması aviyonik sistemlərin, soyutma arxitekturasının və bəzi yanacaq bölmələrinin yenidən yerləşdirilməsini tələb edib. Mütəxəssislər hesab edirlər ki, böyüdülmüş kokpit və dəyişdirilmiş gövdə quruluşu təyyarənin aşağı radar görünmə qabiliyyətinə müəyyən mənfi təsir göstərib.
Bildirilib ki, əlavə çəki səbəbindən “Su-57D”nin yanacaq sərfiyyatı artıb, uçuş məsafəsi və manevr qabiliyyəti isə müəyyən qədər azalıb. Buna baxmayaraq, platformanın əsas üstünlüyünün yüksək intensivlikli radioelektron mübarizə və şəbəkə mərkəzli əməliyyatlar zamanı pilotun iş yükünü azaltmaq olduğu qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az