Ordu.az xəbər verir ki, Rütte bu barədə İsveçin Helsingborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra təşkil olunan mətbuat konfransında danışıb.
O bildirib ki, Ankara Zirvəsi öncəsi nazirlər kollektiv müdafiə üzrə ortaq öhdəlikləri və alyansın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər. Rüttenin sözlərinə görə, Avropa müttəfiqləri və Kanadadan müdafiə investisiyaları 20 faiz artıb və ölkələr NATO-nun müəyyən etdiyi 5 faiz hədəfinə çatmaq üçün etibarlı yol xəritələrini müzakirə ediblər.
Baş katib qeyd edib ki, mövcud sənaye imkanları NATO-nun bütün ehtiyaclarını qarşılamaq üçün kifayət etmir və buna görə də alyans üzrə müdafiə sənayesi istehsalının artırılması zəruridir. O vurğulayıb ki, Atlantikanın hər iki tərəfində daha sürətli və yüksək keyfiyyətli istehsal həyata keçirilməli, bunun üçün isə müttəfiqlər arasında davamlı əməkdaşlıq vacibdir.
Rütte NATO-nun 5-ci maddəsinə sadiqliyin mübahisəsiz olduğunu da bildirib. “Bizə hücum etmək kimi axmaqlıq edən hər kəs dağıdıcı cavabla qarşılaşacaq”, - deyə o qeyd edib. Baş katib 2026-cı il iyulun 7-8-də keçiriləcək Ankara Zirvəsinə də toxunaraq Türkiyənin burada böyük təsir yaradacağını bildirib.
O qeyd edib ki, Türkiyə müdafiə sənayesi sahəsində böyük irəliləyiş nümayiş etdirir və 3 mindən çox şirkəti ilə alyans üçün mühüm rol oynayır. Rütte Türkiyənin müdafiə sənayesi bazasının necə təşkil olunmalı olduğuna dair “möhtəşəm nümunə” olduğunu vurğulayıb. Bundan əlavə, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin də Ankara Zirvəsində iştirak edəcəyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az