Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, hücumlar BƏƏ-nin Yaxın Şərqdə turistlər üçün cəlbedici məkan kimi nüfuzunu da risk altına qoyub.
Buna baxmayaraq, Əbu-Dabi iri turizm layihələrinin həyata keçirilməsini davam etdirir.
Mayın 14-də Əbu-Dabinin “Sphere” adlı immersiv mərkəzə 1,7 milyard dollar sərmayə yatıracağı açıqlanıb.
İlk “Sphere” mərkəzi ABŞ-də, Las-Veqasda 2023-cü ildə açılıb və burada U2 və Phish qruplarının konsertləri keçirilib. Məlumata görə, Əbu-Dabi iqtisadiyyatını neftdən asılılıqdan çıxarmaq məqsədilə turizm sektoruna böyük investisiyalar yatırır.
Bu layihələrə Səadiyyat adasında yerləşən mədəniyyət bölgəsi də daxildir. Həmin ərazidə “Luvr” muzeyinin beynəlxalq filialı fəaliyyət göstərir, “Quqgenhaym” muzeyinin filialının tikintisi isə yekunlaşmaq üzrədir. Turizm agentliyinin məlumatına görə, 2025-ci ildə Əbu-Dabi 26,6 milyon ziyarətçi və hotellərdə 5,9 milyon qonaq qəbul edib.
Əmirlik 2030-cu ilə qədər illik turist sayını 39,3 milyona çatdırmağı və sektorun ÜDM-ə töhfəsini 90 milyard dirhəmə yüksəltməyi planlaşdırır. Lakin ABŞ və İsrailin fevralın sonunda Tehrana qarşı başlatdığı müharibəyə cavab olaraq İranın həyata keçirdiyi hücumlar BƏƏ-yə də təsir edib.
“CoStar” analitik şirkətinin məlumatına görə, Əbu-Dabidə hotellərin doluluq səviyyəsi mart ayının ortalarında Ramazan bayramı dövründə ötən illə müqayisədə 45 faiz azalıb.
Müharibə həmçinin çoxsaylı aviareyslərin ləğvinə səbəb olub. BƏƏ mayın əvvəlində hava məkanı ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırsa da, bir çox aviaşirkət hələ də uçuşları bərpa etməyib.
Məsələn, Almaniyanın “Lufthansa” şirkəti Əbu-Dabiyə uçuşları oktyabrın sonuna qədər dayandırıb. Əbu-Dabinin əsas aviaşirkəti olan “Etihad”ın hazırkı yüklənmə səviyyəsinin təxminən 80 faiz olduğu bildirilib.
“Flightradar24” portalının məlumatına görə, müharibənin başlamasından bir gün əvvəl - fevralın 27-də “Zayed” beynəlxalq hava limanına təxminən 250 reys eniş edib. Bu həftənin sonuna olan göstəriciyə əsasən isə hava limanına gündəlik təxminən 200 reys həyata keçirilir.
“Oxford Economics” şirkətinin baş iqtisadçısı Aaron Goldring bildirib ki, turistlər üçün təhlükəsizlik hissi olduqca vacibdir. Onun sözlərinə görə, BƏƏ bu imici yaxşılaşdırmaq üçün ciddi marketinq və digər təşəbbüslər həyata keçirəcək.
Sevinc Əliyeva
Ordu.az