Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Dörd ölkənin birgə bəyanatında bildirilib ki, İsrail hökumətinin fəaliyyəti sabitliyi və iki dövlətli həll perspektivini sarsıdır.
Bəyanatda İsrail hökumətinə yaşayış məntəqələrinin və inzibati səlahiyyətlərin genişləndirilməsini dayandırmaq çağırışı edilib.
Həmçinin məskunlaşan şəxslərin törətdiyi zorakılıqlara görə məsuliyyətin təmin olunması və İsrail Silahlı Qüvvələrinə qarşı səsləndirilən ittihamların araşdırılması tələb olunub.
Dörd ölkə qeyd edib ki, son aylarda İordan çayının qərb sahilində vəziyyət ciddi şəkildə pisləşib.
Onların sözlərinə görə, fələstinlilərə qarşı məskunlaşan şəxslərin zorakılığı görünməmiş səviyyəyə çatıb.
Birgə bəyanatda vurğulanıb ki, İsrail hökumətinin siyasəti və addımları, o cümlədən İsrail nəzarətinin daha da gücləndirilməsi sabitliyi və iki dövlətin yanaşı mövcudluğu əsasında həll perspektivini zəiflədir.
Ölkələr İsrailin “E1” məskunlaşma layihəsini də pisləyiblər.
Məlumata görə, layihə işğal altındakı qərb sahilinin 12 kvadrat kilometrdən çox ərazisində təxminən 3400 yaşayış vahidinin tikintisini nəzərdə tutur. Bəyanatda bunun beynəlxalq hüququn ciddi şəkildə pozulması olacağı qeyd edilib.
Dörd ölkə şirkətləri “E1” layihəsi və digər yaşayış məntəqələri üzrə tikinti tenderlərində iştirak etməməyə çağırıblar.
Onlar vurğulayıblar ki, şirkətlər bu cür layihələrdə iştirakın hüquqi və reputasiya risklərini, eləcə də beynəlxalq hüququn ciddi şəkildə pozulmasına cəlb olunma ehtimalını nəzərə almalıdırlar.
Bəyanatda İsrailə Fələstin Muxtariyyəti və Fələstin iqtisadiyyatına tətbiq olunan maliyyə məhdudiyyətlərini ləğv etmək çağırışı da yer alıb.
Dörd ölkə həmçinin anneksiya və fələstinlilərin məcburi köçürülməsini dəstəkləyən şəxslərə, o cümlədən İsrail hökumətinin üzvlərinə qəti şəkildə qarşı olduqlarını bildiriblər.
Sevinc Əliyeva
Ordu.az